Generalpolkovnik Tofiq Ağahüseynov dəfn edildi FOTO


Digərləri 13 May 2021 17:03:00 136 0

Generalpolkovnik Tofiq Ağahüseynov dəfn edildi  FOTO

Böyük Vətən Müharibəsi iştirakçısı, istefada olan general-polkovnik Tofiq Yaqub oğlu Ağahüseynov 2-ci Fəxri Xiyabanda son mənzilə yola salınıb.

Son.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, vida mərasimində görkəmli hərbi xadimin mənalı ömür yolu xatırlanıb, onun Vətən və xalq qarşısında xidmətləri qeyd olunub.

Nəzərə çatdırılıb ki, T.Ağahüseynov 1923-cü il fevralın 1-də anadan olub. Yeddi yaşında olarkən ata-anası və özündən böyük iki qardaşı ilə ailəlikcə Bakı şəhərinə köçüblər. Orta təhsilini başa vurduqdan sonra o vaxtkı Azərbaycan Sənaye İnstitutunun Energetika fakültəsinə daxil olub və oranı müvəffəqiyyətlə bitirib. 1941-ci ildə Bakı Zenit Artilleriya Məktəbində il yarım oxuduqdan sonra ona leytenant hərbi rütbəsi verilib və döyüşlərə yollanıb.

Böyük Vətən Müharibəsində 1-ci Belarus cəbhəsində tağım komandiri, əlahiddə zenit artilleriyası divizionu qərargah rəisinin köməkçisi olub, Visla-Oder və Berlin əməliyyatlarında iştirak edib. Müharibə bitdikdən sonra T.Ağahüseynovun qulluq etdiyi diviziya 1946-cı ilin oktyabrına qədər Almaniyada qalıb.

O, 1949-cu ildə Dzerjinski adına Hərbi Akademiyaya, bunun ardınca Hərbi Artilleriya Akademiyasına daxil olub.

T.Ağahüseynov 1960-64-cü illərdə Hövsanda yerləşən Hava Hücumundan Müdafiə polkuna komandirlik edib, 1964-cü ilin sonlarında Volqoqradda diviziya komandiri kimi xidmətini davam etdirib. 1968-ci ildə general-mayor rütbəsi alıb. 1969-cu ildən Rostovda yerləşən hərbi birliyə korpus komandiri təyin edilib.

1972-ci ildə general-leytenant rütbəsi alıb və 1975-ci ildə Bakı Dairəsi Hava Hücumundan Müdafiə Komandanının birinci müavini təyin edilib. 1980-ci ildə general-polkovnik rütbəsini alan T.Ağahüseynova Bakı Dairəsi Hava Hücumundan Müdafiə Komandanı vəzifəsi həvalə edilib.

O, SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk azərbaycanlı olub. T.Ağahüseynov 1982-ci ildə Varşava Müqaviləsi dövlətlərinin birləşmiş silahlı qüvvələri baş komandanlığının Çexoslovakiyadakı nümayəndəsi təyin olunub.

Sovet Ordusu sıralarında azad edildikdən sonra T.Ağahüseynov daimi yaşamaq üçün Bakıya qayıdıb.

O, üç çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.