Azərbaycanda idmanın inkişafı istiqamətində aparılan uğurlu dövlət siyasəti öz səmərəli bəhrəsini verir İsmayıl İsmayılov


Siyasət 07 May 2021 14:34:00 122 0

Azərbaycanda idmanın inkişafı istiqamətində aparılan uğurlu dövlət siyasəti öz səmərəli bəhrəsini verir  İsmayıl İsmayılov

Azərbaycanda idmanın inkişafı istiqamətində aparılan uğurlu dövlət siyasəti öz səmərəli bəhrəsini verir.

Bunu bədii gimnastika üzrə dünya kuboku yarışlarının açılış mərasimində Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov deyib.

O, ilk növbədə Bakıda möhtəşəm Gimnastika Arenasında bədii gimnastika üzrə 35 ölkənin iştirakı ilə keçirilən Dünya təsnifat kubokunda iştirakçıları salamlayıb, idmançılara uğurlar arzulayıb:

"Bu gün dünya səhiyyəsi tərəfindən COVİD-19 pandemiyasına qarşı aparılan ciddi mübarizə şəraitində Dünya Təsnifat kubokunun ölkəmizdə keçirilməsinə öz müsbət qərarını vermiş Azərbaycan dövlətinə, ölkə başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevə və ölkə gimnastikasının inkişafında əvəzsiz xidmətləri olan Birinci vitse-prezident, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığımı bildirirəm.

Azərbaycanda idmanın inkişafı istiqamətdə aparılan uğurlu dövlət siyasəti öz səmərəli bəhrəsini verir. Ölkədə fəaliyyət göstərən idman qurumları - Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, idman cəmiyyətləri vahid siyasət çərçivəsində ümumi işə xidmət edirlər. Azərbaycan Gimnastika Federasiyası da ölkəmizin ən fəal idman qurumlarından biri kimi uğurla fəaliyyət göstərir. Federasiyanın inkişaf etdirdiyi idman növlərində əldə olunan nəticələr bunu bir daha təsdiq edir".

Nazir müavini qeyd edib ki, hazırda gimnastika dünyada öndə gedən idman növlərindən biridir: "Dünyanın müxtəlif idman yarışlarında Azərbaycan gimnastları müxtəlif əyarlı medallar qazanmışlar və onlara göstərilən etimadı layiqincə doğrultmuşlar. Bu günlərdə batut və tamblinq üzrə Avropa çempionatında çıxış edən idmançılarımızın qazandıqları 1 gümüş və 2 bürünc medal buna parlaq nümunədir. Əldə olunan uğurlu nəticələr ölkəmizdə yüksək səviyyəli idman yarışlarının keçirilməsinə möhkəm zəmin yaratmışdır. Bu gün start götürən Dünya kubokunun ardınca aerobika gimnastikası üzrə Dünya yaş qrupları və Dünya çempionatının Bakıda keçirilməsinə qərar verilməsi də ölkəmizin beynəlxalq aləmdə nüfuzunun həlledici rol oynadığının göstəricisidir.

Mən bir daha bu qarşılıqlı mübarizədə gimnastlarımıza uğurlar arzu edirəm və ölkəmizdə çox sevilən bir sözü xatırlatmaq istəyirəm: Qoy dostluq qalib gəlsin! Diqqətinizə görə sağ olun!".