Əfqanıstan bəlası


Dünya 07 May 2021 12:49:00 133 0

Əfqanıstan bəlası

Əfqanıstan - 50 ildən artıqdır ki, bu ölkə tək əfqan xalqına deyil, bütövlükdə dünya üçün gərgin bölgə rolunu oynayır. Problem illər uzunudur ki, həlllini tapmır və nəticədə tək əfqan xalqı deyil, qonşu dövlətlər də sabitsizlik və qarşıdurmalar içində yaşamağa məcbur olur. Bu günlərdə yeni ABŞ prezidenti Co Baydenin Əfqanıstandan ABŞ qoşunlarının çıxarılacağı vədi yenidən gərginliyə yeni ab-hava gətirib. 20 ilə yaxındır ki, Əfqanıstanda ABŞ və NATO iştirakı bölgəyə nisbi sakitlik gətirsə də, sabitsizlik hökm sürməkdədir. Ölkədə faktiki olaraq ikihakimiyyətlilik hökm sürür - Taliban və yerli hakimiyyət. Görünür, ABŞ da mövcud reallığı başa düşərək bununla barışmalı olub. Bu səbəbdən də güzəştli addımlar atmağa başlayıb. İlk addım isə Talibanla razılaşmadır.

Taliban aktivləşir

Buna baxmayaraq, Əfqanıstandan ABŞ qoşunlarının çıxarılması ilə bağlı tarix elan olunduqdan sonra bölgədə vəziyyət yenidən gərginləşib. Əfqan hərbçiləri Taliban hərəkatına qarşı silsilə əməliyyatlara start veriblər və nəticədə tək ötən gün 100-ə yaxın talibançını zərərsizləşdirə biliblər. Taliban da öz növbəsində buna dörd əyalətdə bir sıra hücumlar həyata keçirməklə cavab verib. ABŞ və NATO qoşunlarının Əfqanıstandan çıxarılması fonunda baş verənlər diqqət çəkir. Yayılan xəbərlərə görə, taliblər və amerikalılar iyulun sonuna kimi Amerika qoşunlarının tam şəkildə Əfqanıstandan çıxarılmasına çalışır. Yəni qeyd olunduğu kimi, sentyabrın 11-nə kimi yox, daha tez. Bu əgər həqiqətdirsə o zaman belə çıxır ki, Taliban amerikalılarla anlaşa bilib. Taiblərin mövqeyi qətidir- nə qədər ki, əcnəbilər əfqan torpağındadır hər hansı bir sülh müqaviləsindən söhbət gedə bilməz. Bu da ən pessimist proqnozların irəli sürülməsinə əsas verir. Amerikaılar və rəsmi Kabul ehtiyat edirlər ki, ABŞ və NATO qoşunlarının çıxarılması ilə vətəndaş müharibəsi yenidən güclənəcək. Və bunun necə nəticələnəcəyini proqnoz etmək çətindir. Hökumət qüvvələrinin tailblərin hücumlarına qarşı tab gətirə biləcəklərinə ümidlər də azdır. Ortada illər uzunu olan praktika da var.

"Tunelin sonu"

"Mən buna bizim xalqımız üçün tunelin sonu deməzdim. Daha çox diqqət sülhün əldə olunmasına yönəlməlidir. Bu tək bizi deyil, qarşı tərəfi də narahat etməlidir", - deyə Əfqanıstan milli barışıq üzrə Ali Şuranın rəhbəri Abdalla bildirib. Əlavə edib ki, "Bu da bizim xalqın faciəsidir. Sülh barəsində hamı danışır. Lakin ambisiya və pretenziyaları heç kim bir kənara qoymaq istəmir - nə Taliban, nə də rəsmi Kabul".

Proqnozlar ümidverici deyil

Qarşıdakı aylarda Əfqanıstan və onun ətrafındakı vəziyyət barəsində çoxlu müzakirə və gərginlik baş verəcəyi gözləniləndir və bu barədə çox danışılacaq. Bu səbəbdən də bir sıra prinsipial məsələləri qeyd etmək gərəkdir. Müharibə bu ölkədə özü-özünü qidalandırır. Onun illər uzunudur ki, davam etməsinin səbəbi də budur - resurslar getdikcə azalır. Və hər maliyyə axını uğrunda ciddi mübarizə gedir - bu istər narkotika istehsalı, xarici yardımın "mənimsənilməsi" və yaxud leqal biznes olsun. Məsələn, bu günlərdə belə bir xəbər yayıldı ki, Əfqanıstan Milli Enerji Şirkəti - DABS-in Faryab, Kunduz, Bağlan, Helmand, Badğis və Herat vilayətlərində elektrik enerjisi üçün ödəniş toplamaq üçün talibləri cəlb edib. Enerji mütəxəssisi Faiz Məhəmməd Zadran "Taliban tərəfindən nəzarətindəki ərazilərdə toplanan gəlir, DABS-in ümumi gəlirinin 15-20% -ni təşkil edir" - deyə bəyan edib. Bu, Əfqanıstandakı iki yarım dövlətin paralel mövcud olduğu vəziyyətin yeni reallığıdır. Hər biri öz gəlirlərini başqası ilə bölüşmək istəmir. Amerikanın iştirakı indi iqtidarda olanlara dadlı və qidalı gəlir - mənbələrini yeməyə bir fürsət verir. Taliban bundan çox inciyir, çünki özünü bu hərəkat Əfqanların ən dərin istəklərinin sözçüsü hesab edir. Bu o deməkdir ki, "Əfqanıstanın həqiqi vətənpərvərləri" olaraq əsas gəliri əldə etməlidirlər".