RƏMİŞ. Sənət, zaman, tale üçbucağında


Digərləri 05 May 2021 12:24:00 133 0

RƏMİŞ. Sənət, zaman, tale üçbucağında

Ukraynalı jurnalist Dimitro Qordonun Vaxtanq Kikabidze ilə müsahibəsinə baxırdım. Söz Vısotskidən düşdü. Tanımayan gənc oxuculara deyim ki, Kikabidze də sovet dövrünün populyar müğənnisi, aktyoru olub. Amma şair, müğənni, teatr və kino aktyoru Vladimir Vısotski o vaxtın yarıdissident canlı əfsanəsiydi.

Jurnalist soruşur: "Rusiyanın indiki sənət ulduzlarına baxıram, Putini dəlicəsinə sevirlər, özü də bunu nümayiş etdirməyi xoşlayırlar. Necə düşünürsünüz, bu günlərə qədər yaşasaydı, Vısotski də Putini dəstəkləyərdimi?"

Kikabidze bir qədər düşünüb, "bilmirəm" deyir. Amma "yox, dəstəkləməzdi" demir.

Onların bu söhbətinə baxa-baxa Rəmişi xatırlayıram. Yeniyetməlik çağımızın kumirini.

***

"Vısotski azad olmayan sovet insanı üçün necə "azad adam" nümunəsiydisə, SSRİ-nin böyüdüyüm ucqar əyalət şəhəri Ağdamda gitarası ilə məşhurlaşan Rəmiş də eləcə azadlıq simvolu idi.

Səhnəyə uzun saçı, cins şalvarı, hətta "vyetnamka" şəpşəpisiylə çıxaraq sovetin sərt kültür stereotiplərini dağıdan, fərqli ifası, davranışı, həyat tərziylə dövrün standartlarından çox uzaqlaşan biriydi.

Gitara, istedad, xarizma, şöhrət, pul, nəşə. Sözüm bir təhər çıxmasın - adama daha nə lazımdır ki?!

Adama bir də, nəfəs lazımdır!

Rəmiş, Vısotski, Tsoy

Rəmişdə bu nəfəs çatmadı, nə Vısotski ola bildi, nə də heç Viktor Tsoy...

Amma o vaxt o cür sənətkarları birləşdirən ümumi bir cəhət vardı - əsl azadlığın nə olduğunu bilməyən insanlara azadlığın üfüqlərindən xəbər vermək, onların qəlbində yeni, əvvəllər tanış olmadıqları duyğular yaratmaq kimi.

Visotskinin 42 illik ömründə tamamladığı yola Rəmiş 70 yaşında belə çata bilmədi. Bilmirəm kimin sözüdü, deyirdi ki, o, bağladığı qalstukla özünü intihar elədi. Ritorik yanaşmadı, razıyam, hər halda özünü Rəmişə oxşatmaq istəyən fanatik çətin tapılar indi".

Bu sözlər 6 il qabaq yazdığım "Yarımçıqlıq mərəzi" yazısının Rəmişə aid yerindəndir.

***

1986-cı ilin iyun ayı idi. Əsgər gedirdim. Biləcəri komissarlığında dedilər ki, növbəti göndəriş bir həftədən sonra olacaq. O bir həftəni Bakıda qalmadım, Ağdama getdim.

Qonşumuz Vahid əminin yenə hardansa qonaqları gəlmişdi. Onun belə məclisləri həmişə səsli-küylü keçərdi. Vısotskinin maqnitafon mahnıları, Rəmişin gitara çalğısı məhləmizi başına götürərdi.

Qəlbi sevgiylə dolu əsgər gedən 18 yaşlı xəyalpərəst bir oğlan təsəvvür edin. Bir də, o gecə sübhəcən açıq pəncərədən o oğlanın qulağına süzülən piano pıçıltılarını, gitara nalə-nərə-çığırtılarını dinləyin.