Özbəkistan Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında iştirakda maraqlıdır Səfir


Siyasət 04 May 2021 17:42:00 136 0

Özbəkistan Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında iştirakda maraqlıdır  Səfir

Özbəkistan Azərbaycanın işğaldan azad edilmiş ərazilərində quruculuq, abadlıq işlərində iştirakda maraqlıdır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı ilə görüşündə deyib.

Özbəkistan səfiri Vətən müharibəsində qazanılan qələbə və bölgədə sülhün təmin edilməsi münasibətilə bir daha təbriklərini çatdırıb.

Diplomat müharibə dövründə Tərtər, Bərdə rayonları və Gəncə şəhərinə səfər etdiyini vurğulayaraq Ermənistanın cəbhə zonasından kənarda yerləşən ərazilərimizdə törətdiyi hərbi cinayətlərin nəticələrindən dərin təəssüf hissi keçirdiyini bildirib, "Qafqazın Xirosiması" adlandırılan Ağdam və Füzulidə ermənilərin törətdiyi vandallıq aktlarına bölgəyə səfəri zamanı şahid olduğunu diqqətə çatdırıb.

B.Aşrafxanov həmin ərazilərdə başlayan quruculuq işlərinin Azərbaycanın qalib dövlət kimi yeni hədəflərə doğru inamla addımladığının göstəricisi olduğunu xüsusi vurğulayıb və Özbəkistan tərəfinin quruculuq, abadlıq işlərində iştirakda maraqlı olduğunu qeyd edib.

Son.az