Ermənilər nəinki Qarabağı, regionu da tərk edə bilər


Siyasət 04 May 2021 16:04:00 164 0

Ermənilər nəinki Qarabağı, regionu da tərk edə bilər

Ermənistanda cəmiyyət həyatının bütün sahələrində ciddi tənəzzül müşahidə olunur. Nikol Paşinyanın hakimiyyətə gəlişi belə xunta rejimi dövründə əsası qoyulan korrupsiyaya qarşı mübarizədə effektiv nəticələrin əldə edilməsinə gətirib çıxarmır. Üstəlik xalqla hakimiyyət arasında münasibətlər gərginləşir. 44 günlük II Qarabağ müharibəsindən sonra erməni valideyinlər övladlarını hərbi xidmətə göndərməkdən boyun qaçıraraq onların ölkəni tərk etməsi üçün əllərindən gələni edirlər. Nəticə etibarı ilə insanlar Rusiya və digər dövlətlərdə özlərinə xoş güzaran axtarmaq məcburiyyətində qalırlar. 

Bunun təsdiqi kimi ötən əsrin 90-cı illlərinin başlanğıcında Ermənistanın əhalisinin sayının son 30 ildə 3.5 milyon nəfərdən 2.9 milyona qədər azaldığını qeyd edə bilərik. İqtisadi problemlər və müharibənin nəticələri ölkənin maliyyə durumunda birbaşa öz əksini tapır. Ermənistan və Qarabağdakı separatçı rejim üçün xaricdən ianə toplanışı, "xeyriyyə telemarafonları" davam etsə də hayları bu da xilas etməyəcək kimi görünür. B bunlar xaricdəkilərin, varlı erməni lobbisinin əlinə baxan Ermənistanın və Dağlıq Qarabağda rus sülhməramlılarının nəzarətindəki kiçik bir ərazidə revanş xülyaları ilə yaşayan separatçıların iqtisadi xilası üçün yetərli ola bilməz.

Çünkü II Qarabağ müharibəsindən sonra bu maliyyə yardımı demək olar ki tamamilə dayandırıldı. Müharibənin ağır məğlubiyyətindən sonra hər il göndərdikləri milyonlarla dolların ölkənin hərbi infrastrukturunun gücləndirilməsi əvəzinə hakim dairələr tərəfindən mənimsənildiyini anlayan erməni oliqarxların pul axınının qarşısını kəsməsi ölkəni daha ağır duruma salacağı şübhə doğurmur. Qarşıdan gələn parlament seçkilərində Nikol Paşinyanın yenidən qalib gələcəyi təqdirdə bu yardımların ən yaxşı halda indiki vəziyyətdə qalacağı istisna edilmir.

Artıq Ermənistanda yaranan xaos, hərcməclik, aclıq, səfalət özünü bütün çılpaqlığı ilə nümayiş etdirir. Paşinyanın hakimiyyətdə qalıb qalmamasından asılı olmayaraq ölkənin daha da acınacaqlı vəziyyətə düşməməsi üçün bir çıxış yolu qalır. Bu da Ermənistan siyasi rəhbərliyinin 10 noyabr və 11 yanvar bəyanatlarında nəzərdə tutulan müddəları yerinə yetirərək kommunikasiyaların tez bir zamanda açılması istiqamətində əhəmiyyətli addımından asılıdır. Ermənistanın blokadadan çıxması, iqtisadi tənəzzül girdabından xilas olması üçün Azərbaycan və Türkiyə ilə əməkdaşlığın alternativi yoxdur. Əks təqdirdə erməni əhalisi 3 əsr öncə Cənubi Qafqazda süni şəkildə məskunlaşdırıldığı kimi də regionu tərk etmək məcburiyyətində qalacaq. Əhalisi "əriyən" Ermənistan rəhbərliyi mövcud real vəziyyəti doğru-dürüst dəyərləndirməyəcəyi təqdirdə yaxın perespektivdə regionda Ermənistan adlı bir dövlətin mövcudluğu da suallar doğura bilər. 

Azərbaycanla müharibə Ermənistanda daxili böhranı tətikləyib deyə bilərik. Bu, eyni zamanda 2018-ci ilin "məxməri inqilabı"nın uğurlarını heçə endirir. Ölkədə demokratiya göstəriciləri inqilabdan sonra azalmağa başlayıb və ötən il baş verən hadisələr, o cümlədən hərbçilərlə baş nazir Nikol Paşinyan arasındakı gərginlik göstərir ki, vəziyyət daha da pisləşə bilər. Mövcud məqam isə özünü ölkənin bütün sahələrində mənfi təsirini qaçılmaz edəcək ki, bu da vəziyyəti ağır olan Ermənistanı süni nəfəs aparatından ayırmağa bərabərdir. 

Təhməz Əsədov