Avtobuslarda kondisionerlər niyə işləmir?


Digərləri 04 May 2021 13:10:00 177 0

Avtobuslarda kondisionerlər niyə işləmir?

Bir neçə gündür ekpress marşrut xəttinə (M2, M2A) buraxılan "BakuBus" MMC-nin köhnə avtobuslarında yenilərdən fərqli olaraq kondisioner sisteminin işləməməsi sərnişinlərin haqlı narazılıqlarına səbəb olur. Bu günlər ərzində sözügedən problem səbəbindən sərnişin sürücü arasındakı narazılıqlar az qala əlbəyaxa dava həddinə də çıxsın.

Sərnişinlə dolu avtobusda ciddi havasızlıq problemi ilə üz-üzə qalan vətəndaşların narazılığına "Kondisioner mövsümü deyil, indi icazə verilmir kondisioner qoşmağa" cavabını verən sürücülərin sözünü Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat katibi Mais Ağayev də təsdiqləyib:

"Avtobuslarda sərinləndirmə sistemləri - kondisionerlər əsasən yay mövsümündə işə salınır. Sərnişinlərimizin rahatlığı nəzərə alınaraq daha erkən tarixdə də işə salınması mümkündür. Bu da daha çox hava şəraitindən, havanın tempuratur göstəricilərindən aslıdır.  

İndiki vəziyyətdə səhər və günorta saatlarında müəyyən qədər tempuratur yüksək olsa da, axşama doğru hava bir qədər sərin olur. Nəticədə sərnişinlərin bir qismi tam əksinə kondisionerin işləməsindən şikayət edir. "BakuBus" avtobuslarında isə kondisionerlərin işləmə mexanizmi mərkəziləşdirilmiş qaydada həyata keçirilir. Yəni sürücü istədiyi vaxt onu işə salıb söndürə bilmir. Ona görə, indiki halda avtobusun salonunda havalandırmanı təmin etmək üçün yan pəncərələr açıq saxlanılır. 

Təbii, havanın tempuratur göstəriciləri davamlı olaraq yüksək olarsa və zərurət yaranarsa kondisionerlərin işə salınmasına dair göstəriş veriləcəkdir".

Təhməz Əsədov Son.az