"Cazın şahzadəsi": "Bir çox insan mənim Azərbaycanı tərk etdiyimi düşünməklə səhv edir"


Kriminal 01 May 2021 15:37:00 169 0

"Cazın şahzadəsi": "Bir çox insan mənim Azərbaycanı tərk etdiyimi düşünməklə səhv edir"

Dünyanın bir çox ölkələrində caz-muğam sənətini layiqli davam etdirən azərbaycanlı soydaşlarımız var. Onlardan biri, bəlkə də birincisi əfsanəvi cazmen, caz-muğam sintezinin banisi Vaqif Mustafazadənin qızı, Əzizə Mustafazadədir.

Qərbdə "Aziza Mustafa Zadeh" olaraq adlanan məşhur azərbaycanlı pianoçu, bəstəkar və caz ifaçısı dünyada "Cazın şahzadəsi" kimi tanınır.

Hazırda Almaniyada yaşayan Ə.Mustafazadə dünyada Azərbaycan caz sənətini layiqincə təmsil edən ifaçılarındandır.

Son.az xəbər verir ki, Əzizə Mustfazadə Oxu.az-a blits-müsahibə verib:

- Uşaqlıq illərinizi necə xatırlayırsınız?

- Mənim uşaqlıq illərim çox qısa olub. Əsasən evdə keçirilən məşqlərdən, "Fioletovo Studiyası"nda səs yazdırmaqdan zövq alırdım. Həm də atam ürək çatışmazlığından əziyyət çəkdiyinə görə tez-tez təcili yardım maşınları gələrdi... Atam vəfat edəndə mən Günəşsiz qaldım... Hələ də atam Vaqif üçün darıxıram...

- İllərlə zirvədə qalmağı necə bacarırsınız?

- Musiqiyə diqqətlə yanaşmaq lazımdır. Səhnədə vicdanla çalışın. Güzəşt yoxdur.

- Belə çətin zamanlarda (koronavirus təhlükəsi) sizi nə ruhlandırır? Necə yaradıcı qala bilirsiniz?

- Ən azından bu çətin anlarda biz 3-cü dünya ölkələrində yaşayan xalqların dərdlərini unutmamalıyıq. Həyəcan keçirməyək. Yalnız bütün qaydalara əməl edin. Qapanış tədbirləri ilə izolyasiya edilsəniz də bu özünüzün yaradıcılığınızı ifadə etmək üçün bir fürsətdir. Xüsusi ilə ağıllı telefonlarınızı söndürün və uşaqlarınızla birlikdə rəsimlər çəkin və s.

- Uğurunuz üçün nəyə borclusunuz?

- Allaha və ailəmə minnətdaram.

- Soyadınız həyatınıza necə təsir edir?

- Pozitiv

- Özünüzdə ən çox təəssüfləndiyiniz xüsusiyyət hansıdır?

- Layiq olmayan insanlara etibar etmək.

- Sizinlə bağlı ən böyük səhv düşüncə nədir?

- Bir çox insan mənim Azərbaycanı tərk etdiyimi düşünməklə səhv edir. Vətənimlə, Azərbaycan vətəndaşı olmağımla fəxr edirəm.

- Gələcək üçün planlarınız nədir? Sizi sevənlərə nə demək istərsiniz?

- Mənim planlarım Azərbaycana uçmaq və yalnız gecə Bakıda gəzməkdir.

Sevgi mənə güc, ilham, ümid verir.

- "Generations" albomunuzun uğur sirri nədir?

- Elə bir sirr yoxdur. Sadəcə musiqi.

- Aşdığınız ən böyük maneə, əngəl nə olub?

- Maneələr hələ qabaqdadır ...Həmişə olacaqlar. İnsanı irəli aparmaq üçün.

- Necə xatırlanmaq istərsiniz?

- Layiq olduğum şəkildə xatırlanmaq istəyirəm.

- İndi dünyada nə baş verir? Dünyanın sizə öyrətdiyi ən vacib dərs nədir?

- Biz dönüş nöqtəsində yaşayırıq. Yeni bir şey deməyəcəm. Nə əkərsən onu da biçərsən. Məsuliyyətsiz, acgöz qaydalar. Ancaq bu da sona çatacaq.

- Müasir dünyanın şəklini necə və hansı rənglə çəkərsiniz?

- Ağ, qara, qırmızı, çox iti künclər ...

- Həyat fəlsəfənizi 3 cümlə ilə necə ifadə edərdiniz?

- Hər gün və hər şey üçün Allaha şükür edin. Ailənizi sevin. Bütün situasiyalarda İnsan qalın.