Ögey atası tərəfindən döyülən azyaşlının səhhəti ilə bağlı xəbər var


Digərləri 30 Apr 2021 12:09:00 139 0

Ögey atası tərəfindən döyülən azyaşlının səhhəti ilə bağlı xəbər var

Yevlaxda 5 yaşlı uşağın döyülərək zorakılığa məruz qalması haqda xəbər yayılıb. Aidiyyatı qurumlara məlumat daxil olan kimi, onun yaşadığı ünvana baxış keçirilib. Fakt təsdiqini tapdıqdan sonra məsələ nəzarətə götürülüb. Hazırda azyaşlını bu hala salan şəxsin kimliyi araşdırılır.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, 5 yaşlı uşağın bədəninin müxtəlif hissələrində çoxsaylı xəsarət izləri var.

Başı, kürəyi, əli və digər nahiyələrində olan ləkələr azyaşlının döyüldüyünə işarədir.

5 yaşlı Tunar Quluzadə anası ilə birgə Yevlax şəhərinin Cəfər Cabbarlı küçəsində kirayədə yaşayır. Bədənindəki xəsarətlər isə o, küçədə oynayarkən qonşular tərəfindən aşkarlanıb.

Azyaşlını kimin bu hala saldığı dəqiq bilinməsə də, döyülmə faktında uşağın atalığının adı da hallandırılır.

Azyaşlının zorakılığa məruz qalması barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Yevlax Şəhər İcra Hakimiyyətinə məlumat verib. Dərhal icra hakimiyyəti və rayon polis şöbəsinin əməkdaşları həmin ünvana gedərək məsələni yerində araşdırıblar. İcra başçısının müavini Elnarə Əzizova bidirib ki, uşağın zorakılığa məruz qalması öz təsdiqini tapıb.

Baş verən hadisə ilə bağlı araşdırmalar davam etdirilir. Azyaşlını bu hala salan şəxsin kimliyi də məhz bu araşdırmalardan sonra məlum olacaq.