ABŞda türk restoranına hücum edən ermənilər 15 il həbs oluna bilər


Dünya 30 Apr 2021 11:59:00 131 0

ABŞda türk restoranına hücum edən ermənilər 15 il həbs oluna bilər

Ötən il Kaliforniyanın Los-Anceles şəhərində bir türk restoranına edilən hücumda iştirak edən iki erməni əsilli ABŞ vətəndaşlarına qarşı məhkəmə prosesi başlayıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, 23 yaşlı Uilyam Stepanyan və 23 yaşlı Harutyun Qarri Çalikyana qarşı 6 ittiham irəli sürülüb.

Məhkəmənin rəyinə görə, Stepanyan 4 noyabr səhəri telefonundan "türkləri ovlamağı" planlaşdırdığına dair bir mesaj göndərib. Elə həmin gün o, Çalikyanla görüşüb.

Restorana hücumda iştirak edən müttəhimlərdən biri qonaqları bu sözlərlə hədələyib: "Səni öldürməyə gəldik, səni öldürəcəyik".

Hücum nəticəsində bir neçə nəfər yaralanıb. Restorana 20.000 dollar ziyan dəyib. Bundan əlavə, restoran müvəqqəti olaraq bağlanmalı olub və bu da öz növbəsində böyük itkilərə səbəb olub.

Prokuror müttəhimlərə 15 il həbs cəzası verilməsini tələb edir.