Süni balıq gölləri bütöv bir kənd üçün əsl problemə çevrilib


Digərləri 29 Apr 2021 11:24:00 131 0

Süni balıq gölləri bütöv bir kənd üçün əsl problemə çevrilib

İmişlinin Xoşçobanlı kəndində yaradılmış bir neçə süni göl mübahisələrə səbəb olub. Hazırkı bələdiyyə sədri iddia edir ki, sözügedən göllər örüş sahələrinin qanunsuz zəbt edilməsi hesabına yaradılıb. Onların təsiri nəticəsində ətraf ərazilərdə bataqlıqlar əmələ gəlir. Bu isə əkin sahələrinə ziyan vurur. Göllərin sahibləri isə deyilənlərlə razılaşmırlar. Onlar bildirirlər ki, ərazini 40 il müddətinə, qanuni sənədlərə icarəyə götürüblər. Verilən sənəddə həmin ərazilərin balıqçılığın inkişafı üçün nəzərdə tutulduğu qeyd edilib. Problemi həll etmək üçün tərəflər hüquq-mühafizə orqanlarına müraciət edəcəklər.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, İmişli rayonunun Xoşçobanlı kəndindəki bu göllər mübahisəyə səbəb olub. Belə ki, hazırki bələdiyyə sədri və üzvləri süni göllərin saxta sənədlər əsasında yaradıldığını iddia edirlər. Onların fikrincə kənd sakinləri - Samit Nağıyev, Qüdrət Rəcəbov və Vilayət Nağıyev bələdiyyəyə məxsus örüşün sahələrinin 40 hektara yaxın hissəsini qanunsuz zəbt ediblər. Süni balıqçılıq göllərinin təsiri nəticəsində əmələ gələn qrunt suları yaxınlıqda bataqlıqlar yaradıb.

Qarşı tərəf isə deyilənlərlə razı deyil. Vilayət Nağıyev qeyd edib ki, 20 il əvvəlki kənd bələdiyyəsindən süni gölllərin yerləşdiyi torpaqlar icarəyə götürülüb. 40 illik icarə müqaviləsində həmin ərazilərin balıqçılığın və quşçuluğun inkişaf etdirilməsi üçün nəzərdə tutulduğu qeyd olunub.

Xoşçobanlı kəndinin hazırkı bələdiyyəsinin sədri Vuqar Bağırov isə qeyd edir ki, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzindən onlara məktub gəlib. Məktubda qeyd edilib ki, torpağın təyinatı dəyişdirildiyi üçün icarə müqavilələri ləğv edilməlidir. Rayon icra hakimiyyətindən bələdiyyəyə göndərilən məktubda da qeyd edilib ki, qanunsuz zəbt edilmiş torpaqların əvvəlki vəziyyətinə qaytarılması üçün məhkəməyə müraciət edilməlidir.