"Semaşko"da xəstələr oksigensiz qaldı


Digərləri 29 Apr 2021 11:14:00 122 0

"Semaşko"da xəstələr oksigensiz qaldı

Düşünün, bir yaxınınız xəstəxanada ağır vəziyyətdə oksigen balonuna bağlı halda yatır. Və gecənin bir aləmində xəstəxanadan zəng gəlir ki, xəstəxananın oksigen balonlarının olduğu yarımstansiyada oğurluq olub və dərhal gəlin! Keçirdiyiniz hiss-həyəcanı, stresi bir anlıq təsəvvürünüzə gətirin. İlk ağlınızdan keçən yəqin ki, xəstənizin ölüm xəbərini almağınız olacaq. Dünən Bakıda 1 saylı Kliniki Tibbi Mərkəzdə bu hadisə baş verib.

Xəstələrə qoşulan oksigen balonlarının dəmir boruları oğurlanıb, xəstələr oksigen çatışmazlığı riski, yəni ölümlə üz-üzə qalıblar.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, hadisə dünən gecə paytaxt Bakıda 1 saylı Kliniki Tibbi Mərkəzdə baş verib. Oksigen balonlarının olduğu yarımstansiyada oğurluq olub, nəticədə xəstəxanada həyəcanlı anlar yaşanıb.

Xəstə yaxınlarının sözlərinə görə, hadisə zamanı ölüm hadisəsi qeydə alınmasa da, balonların işləməyəcəyini düşünən hər kəs stresə girib.

Xəstə yaxınları bildirirlər ki, gecə baş vermiş hadisə ilə bağlı onlara məlumat verilən kimi dərhal xəstəxanaya gəliblər.

"Xəzər Xəbər" məsələnin təfərrüatlarını öyrənmək üçün hadisə yerində olub. 1 saylı Kliniki Tibbi Mərkəzdən bildirildi ki, xəstəxana daxilində 2 oksigen stansiyası fəaliyyət göstərir. Əsas oksigen stansiyasında heç bir problem yaşanmayıb. Problem ehtiyat yarımstansiyada baş verib. Stansiyada olan azot balonlarının mis ştativləri oğurlanıb.