“Hakim mənə “ağlın olardı, aldanmazdın” deyir”


Digərləri 28 Apr 2021 10:24:00 179 0

“Hakim mənə “ağlın olardı, aldanmazdın” deyir”

Bakıda 50 min manatlıq evi tamamilə yanan qadın bir ildən çoxdur üç uşağı ilə yaşamağa yer tapmadığını deyərək məhkəmənin onun mülkiyyət hüququnu pozduğunu iddia edir.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, 2020-ci il aprelin 22-də Xəzər rayonu, Şağan qəsəbəsi 6 ünvanında yerləşən fərdi yaşayış evində yanğın baş verib.

Nəticədə ona daşınmaz əmlak üzrə 35 000 manat, daşınar əmlak, yəni evin içərisində yerləşən məişət əşyaları üzrə isə 25 000 manat məbləğində zərər dəyib: "İstehlakçı olaraq "Qala Sığorta" şirkətinin xidmətlərindən istifadə edərək evimi sığorta etdirmişdim. Lakin sığorta şirkəti mənə dəymiş zərəri ödəməkdən imtina edir.

Bununla da istehlakçı hüquqlarım pozulub. Sığorta şirkəti evimin yanmağı ilə bağlı ağır həyat şəraitimdən, Azərbaycan dilini yaxşı bilməməyimdən istifadə edərək məni aldadıb və qanunsuz olaraq mənim zərərimə olan bəzi sənədlərə imza atdırıb. Hadisədən sonra evi inşa etdirmək üçün maddi vəsaitim və dəstəyim olmadığından uşaqlarımla küçədə yaşamağa başlamışam".

N.Ağayeva sığorta şirkəti tərəfindən aldadılması və yanan evinə görə ödəniş edilməməsi ilə bağlı Səbail Rayon Məhkəməsinə müraciət edib: "İndi də sığorta şirkəti deyir ki, yekun qərarı məhkəmə verəcək. Lakin hakim qanunda nəzərdə tutulmuş hüquqlarımın müdafiəsiəsini təmin etmir. Demək olar ki, məhkəmə müdafiəsi hüququndan tam məhrum edilmişəm. İşə tam, hərtərəfli və obyektiv baxılmır.

Hakim mənə "Ağlın olardı, aldanmazdın" deyir, artıq sənədlərə qol çəkdiyimi bildirir. Və gedişat bunu göstərir ki, mən himayəmdə olan, təkbaşıma böyütdüyüm üç azyaşlı uşaqla küçədə yaşamağa davam etməli olacağam".