Azərbaycan ermənilərin Kəlbəcərə gəlişini qadağan edib?


Dünya 28 Apr 2021 10:14:00 144 0

Azərbaycan ermənilərin Kəlbəcərə gəlişini qadağan edib?

Ermənistanın Eçmiadzın nümayəndəsi Vaqram Melikyan Armenpress agentliyi ilə söhbətində aprelin 25-də Azərbaycan hərbçilərinin erməni zəvvarların Xudavəng monastırına daxil olmalarına icazə vermədiklərini bildirib.

Son.az azadliq.org-a istinadən bildirir ki, Ermənilərin Dadivank adlandırdıqları bu dini kompleks Kəlbəcər rayonunun ərazisindədir. Melikyan deyib ki, Azərbaycan hərbçiləri "epidemiyanı bəhanə gətirərək" Artsax (Qarabağ - red) yeparxiyasının arxiyepiskopu Pargev Martirosyanın, yepiskop Vrtanes Abraamyanın və bir qrup zəvvarın Xudavəng ərazisinə daxil olmalarına icazə verməyiblər.

Melikyanın sözlərinə görə həmin gün monastırda bir rahibin keşişliyə qəbulu mərasimi keçirilməliydi və bu, Rusiya sülhməramlıları ilə razılaşdırılmışdı. Keşiş bunu da əlavə edib ki, onlardan icazəli zəvvar sayının 25-dən 10-a endirilməsi tələb olunub.

Melikyan deyib ki, rahiblər üçün vaxtaşırı gətirilən azuqənin də monastıra ötürülməsinə razılıq verilməyib. Eçmiadzin nümayəndəsi bildirib ki, Azərbaycan tərəfi bununla mərasimi pozmağa çalışıb. Lakin mərasim elə həmin gün Gəncəsər kompleksindəki monastırda keçirilib. Ermənilərin Qandzasar adlandırdıqları monastır Dağlıq Qarabağın Vəngli kəndi yaxınlığında yerləşir.

Azərbaycan tərəfi buranı Kəlbəcər rayonunun, erməni tərəfi isə Ağdərə rayonun kəndi hesab edir. Ərazi hazırda Rusiya sülhməramlılarının nəzarətindədir.

Xaçın knyazı Həsən Cəlalın göstərişinə əsasən Alban kilsəsinə aid bu monastır 1238-ci ildə inşa edilib. Vaqram Melikyan deyib ki, "Azərbaycanın erməni monastrına dini missiyanı qadağan etməsi" ermənifobiya nümunəsi kimi pislənməlidir.

Azərbaycan tərəfi sözü gedən abidələri erməni yox, Azərbaycan Qafqaz Albaniyasının abidələri hesab edir.