COVID19 virusuna qarşı peyvənd haqqında bütün lazımi məlumatlar


Digərləri 27 Apr 2021 13:38:00 166 0

COVID19 virusuna qarşı peyvənd haqqında bütün lazımi məlumatlar

EU NEIGHBOURS east tərəfindən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və EUvsDisinfo ilə birgə hazırlanıb

Peyvənd olunmağın hansı faydaları var?

Günümüzdə difteriya, tetanus, qrip və qızılca kimi azı 20 xəstəlikdən qoruyan peyvəndlər mövcuddur. Peyvəndlərin sayəsində hər il dünyada 3 milyona yaxın insanın həyatını xilas etmək mümkün olur. Bu isə orta hesabla dəqiqədə beş insan həyatı deməkdir. Peyvəndlərin köməyilə uşaqlar daha sağlam böyüyür, insanlar isə sağlam yaşa dolurlar.

Ötən yüz il ərzində insanların ömrünün uzanmasına və həyat keyfiyyətinin yaxşılaşmasına təsir edən peyvəndlər səhiyyə sisteminin ayrılmaz hissəsinə çevrilib. Əksərimiz uşaq vaxtı bir neçə xəstəliyə qarşı peyvənd olunmuşuq. Hansı ki, bu xəstəliklər ötən əsrin əvvəllərində minlərlə insanın ölümünə və şikəst olmasına səbəb olmuşdur. Yaşlı əhali və immuniteti zəif olan şəxslər isə hər il qripin yeni ştammlarına qarşı peyvənd olunurlar. Biz peyvənd olunan uşaqların məktəbdə daha yüksək nəticələr əldə etdiyini və yaşadıqları cəmiyyətdən iqtisadi cəhətdən faydalandığını da bilirik.

Hal-hazırda COVID-19 virusuna qarşı bir neçə peyvənddən istifadə olunur və bu günə qədər yüz milyon dozadan artıq peyvənd vurulub. Bu peyvəndlər virusa qarşı immunitetin formalaşmasına kömək edir. Eyni zamanda fəsadlarından qoruyur. 

Peyvənd olunmaqla siz ətrafınızdakı insanları da xəstəlikdən qoruya bilərsiniz. Çünki peyvəndlərin köməyi ilə digər şəxslərin yoluxma riski az olur.

Lakin, peyvəndlərin nə dərəcədə səmərəli olacağına dair hələ dəqiq məlumat yoxdur. Bu səbəbdən ətrafımızda hər kəs peyvənd olunana qədər tibbi maskalardan istifadəyə davam etməliyik.

COVID-19 virusuna qarşı olan bütün peyvəndlər təhlükəsizdir?

Aİ-də COVID-19 virusuna qarşı tətbiqinə icazə verilən bütün peyvəndlər Avropa Dərman Preparatları Agentliyi (EMA) tərəfindən elmi cəhətdən sınaqdan keçirilib və təhlükəsizliyinə ciddi şəkildə nəzarət olunur. Tətbiqinə icazə verilən peyvəndlərin təhlükəsizlik standartlarına cavab verməsi üçün ÜST həm Aİ, həm də digər ölkələrlə sıx əməkdaşlıq edir.

Bu günə qədər EMA Avropa İttifaqında dörd peyvəndin tətbiqini təsdiqləyib. Bunlar Pfizer-BioNTech, AstraZeneca, Moderna və  Johnson & Johnson tərəfindən istehsal olunub. Rusiyanın hazırladığı Sputnik peyvəndi də daxil olmaqla, daha üç peyvəndin tətbiqi nəzərdən keçirilir.

Bütün peyvəndlər kimi, COVID-19 virusuna qarşı olan peyvəndlər də on minlərlə insanın iştirakı ilə həyata keçirilən çoxmərhələli sınaq prosesindən keçmişdir.

ÜST peyvənd istehsalçıları, yerli səhiyyə qurumları və digər tərəfdaşlarla birgə çalışaraq peyvəndlərin təhlükəsizliyi ilə bağlı məsələləri daima diqqətdə saxlayır.

Bütün dərmanlarda olduğu kimi, COVID-19 virusuna qarşı peyvəndlərdən sonra da yan təsirlər meydana gələ bilər.Bu, adətən peyvəndin orqanizmi xəstəliklə mübarizə aparmağa sövq edərək immuniteti stimullaşdırdığını göstərir. Bununla belə, bu yan təsirlər müvəqqəti (24-48 saat) xarakter daşıyır və nadir hallarda baş verir. Bir  fakt  danılmazdır: xəstəliyə yoluxma və ağırlaşma riski, COVID-19 virusuna qarşı peyvəndlərin yan təsirlərinin yaranma riskindən qat-qat yüksəkdir.

EMA-nın internet səhifəsində COVID-19 virusuna qarşı hazırda sınaqdan keçirilən, tətbiqi nəzərdən keçirilən və tətbiqinə icazə verilən peyvəndlərə baxa və ya ÜST tərəfindən COVID-19 virusuna qarşı peyvəndlərin təhlükəsizliyinə dair ən son məlumatları oxuya bilərsiniz.

Aİ və ÜST peyvəndləmə işinə necə kömək edir?

Keçən il Avropa İttifaqı COVİD-19 infeksiyasının yeni müalicə metodlarının və peyvəndlərin tədqiqi və hazırlanmasına dəstək məqsədilə 1 milyard avrodan artıq maliyyə vəsaiti ayırıb. Avropada bir neçə peyvəndin cəld hazırlanmasında önəmli rol oynayan yeni mRNT texnologiyası yaradılıb. Aİ xüsusən Pfizer-BioNTech peyvəndinin hazırlanması üçün külli miqdarda maliyyə vəsaiti ayırıb (BioNTech, Aİ-nin son on ildə tədqiqatlara ayırdığı maliyyə vəsaitinin 9 milyon avrodan artıq hissəsini əldə edib, eləcə də 2020-ci ildə Avropa İnvestisiya Bankından 100 milyon avro kredit alıb).

İmzaladığı ilkin satınalma müqavilələri vasitəsilə Aİ BioNTech/Pfizer, Moderna, AstraZeneca və Johnson & Johnson şirkətlərindən 1,3 milyard doza peyvənd sifariş edib. Bu, 447 milyon əhalisi olan Aİ üçün həddindən artıq çoxdur. Aİ, üzv ölkələr daxilində peyvəndləmə prosesini sürətləndirməklə yanaşı, bu peyvəndlərin bir hissəsini tərəfdaş ölkələri ilə bölüşmək niyyətindədir.

Eyni zamanda Avropa İttifaqı COVID-19 peyvəndlərinin hazırlanmasını, istehsalını və ədalətli bölüşdürülməsini sürətləndirmək üçün qlobal əməkdaşlıq proqramı olan COVAX-ın ən böyük dəstəkçilərindən biridir. Aİ-nin Team Europe proqramı (Aİ, ona üzv dövlətlər və Avropa maliyyə qurumlarının resurslarını birləşdirir) Aİ büdcəsindən ayrılan 1 milyard avro daxil olmaqla 2,2 milyard avrodan artıq maliyyə vəsaiti ilə COVAX proqramını dəstəkləyir. Bununla da ittifaq COVAX proqramının 2021-ci ilin sonuna qədər Şərqi tərəfdaşlıq ölkələri daxil olmaqla, 92 aşağı və orta gəlirli ölkəyə 1,3 milyard doza peyvənd göndərməsi üçün maliyyə dəstəyini təmin edib.

2021-ci il may-fevral aylarında Şərqi tərəfdaşlıq ölkələri üçün COVAX tərəfindən ayrılan peyvəndlərin həcmi aşağıdakı kimidir:

Ermənistan: 124 800 doza AstraZeneca peyvəndi Azərbaycan: 432 000 doza AstraZeneca peyvəndi Gürcüstan: 129600 doza AstraZeneca peyvəndi və 29250 doza Pfizer-BioNTech peyvəndi Moldova: 108 000 doza AstraZeneca peyvəndi və 24570 doza Pfizer-BioNTech peyvəndi Ukrayna: 1776000 doza AstraZeneca peyvəndi və 117000 doza Pfizer-BioNTech peyvəndi

COVAX proqramı vasitəsilə COVID-19 virusuna qarşı ilk peyvəndlər artıq Ermənistan, Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovaya çatdırılıb. Rumıniya isə öz növbəsində Aİ-nin Mülki Müdafiə Mexanizmi vasitəsilə Moldovaya peyvəndlər göndərib.

Lakin, tək peyvəndlərlə iş bitmir. Peyvəndləmə prosesi də bərabər dərəcədə önəmlidir. 2021-ci ilin fevral ayından etibarən Aİ və ÜST altı Şərqi tərəfdaşlıq ölkəsinə COVID-19 virusuna qarşı peyvəndlərin çatdırılması və peyvəndləmənin həyata keçirilməsinə dəstək məqsədilə səylərini birləşdirib. Bu, son üç il ərzində Aİ və ÜST tərəfindən Avropa regionunda həyata keçirilən ən iri miqyaslı birgə fəaliyyətdir və ümumi büdcəsi 40 milyon avro təşkil edir.

Sözügedən proqram çərçivəsində Aİ və ÜST peyvəndlərin səmərəli qəbulu və paylanılması üçün milli infrastrukturların hazırlanmasına kömək edib.