Koronavirusa qarşı tətbiq olunan peyvənd dozalarının sayı bir milyardı ötüb


Dünya 25 Apr 2021 22:30:00 107 0

Koronavirusa qarşı tətbiq olunan peyvənd dozalarının sayı bir milyardı ötüb

Koronavirusa qarşı vaksinasiya kampaniyasına start verilməsindən təxminən beş ay sonra dünya üzrə tətbiq olunan peyvənd dozalarının sayı bir milyarda çatıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, AFP agentliyinin ölkələrin rəsmi statistikaları əsasında hazırladığı hesabatda aprelin 24-də dünya üzrə 1 milyard 2 min dozanın artıq istifadə olunduğu qeyd edilib. Bu dozaların yarıdan çoxu üç ölkənin payına düşür: ABŞ, Çin və Hindistan.

Əhali sayına görə vurulan peyvənd dozalarının sayına görə isə İsrail dövləti liderdir. Bu ölkədə əhalinin təxminən 60 faizi virusa qarşı peyvənd olunub.

Avropa İttifaqı ölkələrində indiyədək 128 milyon peyvənd dozası istifadə edilib və bu da ittifaq üzrə peyvənd kvotasının 21 faizə çatdığını göstərir.

Beynəlxalq COVAX mexanizmi sayəsində dünyanın yoxsul ölkələrində peyvəndləmə prosesinə start verilsə də, beynəlxalq təşkilatlar peyvəndlə təminatın ilk növbədə zəngin ölkələrin imtiyazı olmasını tənqid edirlər. Dünya Bankı tərəfindən dünyanın zəngin ölkələri kimi təsnif olunan ölkələrdə dünya əhalisinin 16 faizi yaşayır, lakin tətbiq olunan peyvənd dozalarının 47 faizi bu ölkələrin payına düşür. Dünyanın 12 ölkəsində isə hələ də vaksinasiya kampaniyasına start verilməyib.