Yeni açılışı olan Hacıqabul Sənaye Məhəlləsi hansı imkanlara malikdir?


Digərləri 22 Apr 2021 11:44:00 127 0

Yeni açılışı olan Hacıqabul Sənaye Məhəlləsi hansı imkanlara malikdir?

Ötən gün açılışı olan Hacıqabul Sənaye Məhəlləsində 10 müəssisə qurulub və sahibkarlar tərəfindən bu layihələrin icrasına 45,44 milyon manat investisiya cəlb olunub. Sənaye Məhəlləsində mövcud layihələr üzrə 364 iş yerinin yaradılması nəzərdə tutulub.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Hacıqabul Sənaye Məhəlləsinin rezidentlərindən biri tikinti materialları üçün avadanlıqların istehsalı zavodudur. Bu müəssisə Azərbaycanda ilk təcrübədir. Burada tikinti materialları - gips, əhəng, kərpic, alçipan və digər inşaat materialları istehsal edən zavodların layihələndirilməsi və quraşdırılması da həyata keçiriləcək.

Sənaye məhəlləsindəki digər müəssisədə isə plastik su qabları istehsal edilir. Müəssisədə il ərzində müxtəlif ölçülü 350 min ədəd su qabı istehsal olunacaq. Yerli istehsal qiymətlərə də təsir edəcək.

Gübrə istehsalı müəssisəsi də sənaye məhəlləsində fəaliyyət göstərən rezidentlərdəndir. Müəssisədə ildə 600 min ton gübrə istehsal olunacaq.

Hacıqabulda yeni istifadəyə verilənlərdən biri isə "Agro Dairy" Məhdud Məsuliyyətli Cəmiyyətinin aqroparkıdır. Cəmiyyətin məqsədi regionlarda kənd təsərrüfatı infrastrukturunun yaxşılaşdırılması, müasir texnika və innovasiyaların tətbiqi ilə yüksək məhsuldarlığa malik keyfiyyətli məhsul əldə etməkdir.

Müəssisə, həmçinin toxumçuluqla da məşğul olur. Bu sahədə yeniliklərin icrası ilə toxum idxalından asılılıq xeyli azalacaq.

Ötən gün açılışı olan daha bir yer isə 110/35/10 kilovoltluq "Qarasu" yarımstansiyasıdır. Yarımstansiyanın istismara verilməsi ilə ümumilikdə 10 mindən çox əhalinin elektrik enerjisi təchizatı daha da yaxşılaşdırılıb.

Dünən "Azərsun Şamaxı Aqropark"ının da açılışı olub. Müəssisə 2 hissədən - əkin sahələri və heyvandarlıq kompleksindən ibarətdir. Heyvandarlıq kompleksində 2000 baş südçülük istiqamətli olmaqla, 5000 baş iribuynuzlu heyvan saxlanılır.

Aqroparka məxsus 4200 hektar əkin sahəsində isə buğda, arpa, şəkər çuğunduru, qarğıdalı, yonca və müxtəlif növ tərəvəzlər əkilir. Ərazidə ən müasir texnologiyaların tətbiqi ilə suvarma sistemi qurulub. Aqroparkda 200 nəfər daimi işlə təmin olunub, mövsümdə işçilərin sayı 500 nəfərə çatır.

Hacıqabul-Muğan avtomobil yolu da yenidənqurmadan sonra istifadəyə verilib. Uzunluğu 11,5 kilometr olan yolun yenidən qurulması 32 min nəfərin yaşadığı 2 yaşayış məntəqəsi arasında əlaqəni gücləndirəcək. Eyni zamanda, əhalinin həm Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi yoluna, həm də Hacıqabul-Şirvan yolu vasitəsilə digər şəhər və rayonlara rahat çıxışı təmin edəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Son.az