Bu sindrom uşaqlarda iltihablanma yaradır XƏBƏRDARLIQ


Digərləri 19 Apr 2021 21:30:00 157 0

Bu sindrom uşaqlarda iltihablanma yaradır  XƏBƏRDARLIQ

Uşaqlarda koronavirus yüngül simptomla gedir, bəzilərində isə ağırlaşmalar görünə bilir. Bəzən valideynlər düşünürlər ki, uşaqlarda bu xəstəlik qızdırma ilə keçib gedəcək. 14 günlük müddətdə koronavirus uşaqlarda yüngül və ağır simptomlarla keçib gedə bilər. Ancaq sağaldıqdan 4-6 həftə sonra görünən və MIS-C deyilən sindrom var ki, multisistem orqanların iltihablanması ilə müşahidə olunur. Daha öncə bunu kavasaki deyilən xəstəliklə qarışdırırdılar. Ancaq dünya üzərində aparılan tədqiqatlar nəticəsində məlum oldu ki, koronavirus keçirən uşaqlarda multiorqan tutulumu müşahidə olunur, istər ürək, istər qan-damar, böyrək, ağciyər, istərsə də beyin qişalarında və digər orqanlarda itihablanma görünür. Bütün bunlar uşaqlarda həyati risklərə səbəb olur.

Son.az xəbər verir ki, bu barədə pediatr-infeksionist Aytən Ziyadova danışıb. Həkim bildirib ki, bəzi uşaqlarda sadəcə hərarət, burun axması, qripəbənzər əlamətlər özünü göstərir:

"Bu səbəbəbdən də valideynlər fərqində olmurlar. Düşünürlər ki, bu, keçici qripdir. Həm də indi elə bir fəsildir ki, koronavirusla yanaşı digər xəstəliklər də görünə bilər. Bunlar renovirus və allergik xəstəliklərdir. Odur ki, valideynlər daha diqqətli olmalıdır. Uşaqlarda böyüklərdən fərqli olaraq koronavirus konkret kliniki əlamətlərlə getmir. Əgər uşaqlarda uzanan və düşməyən hərarət müşahidə edirlərsə, valideynlər mütləq həkim-pediatr və ya pediatr-infeksionistə müraciət etməlidir ki, uşağın doğru müayinə və müalicəsi aparılsın.

Bəzən valideynlərin panikaya qapılıb həddən artıq dərman istifadəsini də görmüşük. Vitamin və antibiotiklərdən özbaşına istifadə yolverilməzdir. Uşaqlar böyüklərin kiçildilmiş formaları deyil, onlarda tam fərqli bir orqanizmdir, bu orqanizmin individuallığı var. Odur ki, hər bir uşağa fərdi yanaşma tələb olunur. Uşaqlarda dərman istifadəsi xüsusi dozalarda təyin olunur. Vitaminlərin özbaşına istifadəsi isə hipervitaminoza səbəb ola bilər, vitaminin artıq dozası zərərlidir. Hətta D vitamininin də artıq dozası toksiki nəticələrə gətirib çıxarır. Doğru olmayan antibiotik seçimi və dozası bizim işimizi daha da əngələ salır".

Həkim qeyd edib ki, bəzən valideynlər uşaqlarını xəstəxanaya yatırmağa qorxur:

"Xəstəxanaya yatırmasanız da, sahə həkimləri ilə kliniki əlamətləri dəyərləndirmək lazımdır. Elə uşaqlar var ki, onlarda koronavirus səpki, yuxululuq, kəskin sümük ağrıları və yaxud kəskin qarın ağrısı ilə müşahidə olunur. Biz anamnez topladıqdan sonra aydın olur ki, yoluxma var. Əgər həmin uşaqların ətrafında koronavirus keçirən insanlar olubsa, daha detallı incələnib həkim məsləhəti almaları vacibdir. Biz infeksionistlər bu sahədə çox araşdırma aparırıq və ən çox COVID-19 növünə diqqətimizi çəkirik. Digər orqanların da yanaşı izlənməsi vacibdir ki, ağırlaşmalar verməsin".