Ermənistan 10 minlərlə insanın ölümünə səbəb ola bilər


Siyasət 19 Apr 2021 16:55:49 130 0

Ermənistan 10 minlərlə insanın ölümünə səbəb ola bilər

Qlobal xəbərdarlıqlara və təsdiqlənmiş beynəlxalq sənədlərin tələblərinə baxmayaraq, Ermənistan hələ də öz öhdəliklərinə konstruktiv yanaşma nümayiş etdirməyərək bəşəriyyət və təbiət üçün təhlükə olmaqda davam edir. Ermənistanın köhnə Metsamor Atom Elektrik Stansiyası (AES) regional ekoloji təhlükəsizliyi təhlükə altına alaraq regional ekoloji fəlakətlərin baş verməsini qaçınılmaz edir. 

Hələ 2019-cu il iyun ayının əvvəllərində AES təmir və yeniləmə işləri ilə əlaqədar 110 günlüyə və 2020-ci ilin 1 iyul tarixindən 3 sentyabr tarixinə qədər isə güya profilaktik tədbirlərin görülməsi məqsədilə daha 65 gün müddətinə fəaliyyətini dayandırmışdı. Lakin heç kimə sirr deyil ki, Ermənistanın təmir kimi təqdim etdiyi bu cür yalançı təşəbbüsləri stansiyanın səbəb ola biləcəyi potensial fəlakətin ağırlığını ört-basdır etməyə planlaşdırılıb.

Digər tərəfdən, AES-in idarəetməsi və tullantıların idarə olunması barədə yetərli rəsmi məlumat olmaması vəziyyəti daha da təhlükəli hala gətirir. Bəzi hesabatlara görə, Ermənistan radioaktiv tullantıları 44 günlük Vətən Müharibəsinə kimi Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ zonasında basdırırdı. Amma ortaya çıxan yeni faktlar II Qarabağ Müharibəsindən Ermənistanın özünə yeni bazar tapdığını, yaxud da köhnə bazarını genişləndirməyə çalışdığını deməyimizə əsas verə bilər. 

Belə ki, aprelin 16-da Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Kutaisidə "çirkli bomba"ların hazırlanmasında istifadə olunan "Americium-241" radioaktiv maddəsini qanunsuz olaraq 300 min avroya satmağa cəhd edən iki nəfəri saxlayıblar. Analoji hadisə ilə bağlı som illərdə Gürcüstanda bir neçə faktın qarşısı alınıb. II Qarabağ müharibəsindən sonra radioaktiv materialların "qara bazarı"nın aktivləşməsi təhlükəli maddələrin Ermənistanın Metsamor AES-ə məxsus olduğu iddialarını daha da artırır. 

Əgər erməni tərəfinin Metsamor AES-də nüvə materialları və radioaktiv tullantılarla işin Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) "tam nəzarəti altında" olduğunu iddia edirsə, radioaktiv materiallar Ermənistandan Gürcüstana necə çatır?

Bu stansiyanın olduqca təhlükəliliyindən xəbərdar olan Avropa İttifaqı çoxdandır onun bağlanmasını tələb edir. Tullantılar stansiyanın yaxınlığında saxlanılır və son məlumatlar deməyə əsas verir ki, radioaktiv maddə və tullantıların saxlanıldığı anbarlara nəzarət tamamilə itib. Vəziyyətin kritik həddə çatdığını nəzərə alsaq ölüm sayının təxminən 4 mindən 200 minə qədər dəyişdiyi Metsamor faciəsinin təkrarlanma ehtimallarını artırır. 

Ermənistan Mərkəzi Bankının keçmiş rəhbəri Baqrat Asatryan bu yaxınlarda açıqlamalarının birində bildirib ki, Ermənistan üçün AES məsələsi ölkə müstəqillik əldə etdikdən sonra daim aktual olub: Bu məsələ yeni deyil, artıq 30 ildir ki, gedir. Metsamor AES 1989-cu ildə baş verən zəlzələdən sonra bağlanıb. 1995-ci ildə onun işini bərpa ediblər. Lakin tam gücü ilə işləmir. Problemin həlli isə sadədədir - pul yoxdur". Nikol Paşinyanın son Moskva səfəri zamanı yeni AES tikintisi ilə bağlı Rusiya rəhbərinə etdiyi təklif isə nəticə verməyincə rəsmi İrəvan anlamalıdır ki, problemin həllinin bir mümkün variantı var: Tez bir zamanda kommunikasiyaların açılmasında fəallıq göstərərək çözülməsini müşkül gördükləri bu məsələni Türkiyənin dəstəyini ala bilər. Çünki Türkiyə və ekologiya üzrə ixtisaslaşmış beynəlxalq təşkilatlar AES-in bütün bölgə üçün mənfi təsirlərini, habelə təhlükə ehtimalını nəzərə alaraq onun bağlanması istiqamətində Ermənistana ciddi təzyiq göstərirlər. Metsamor Atom Elektrik Stansiyası Cənubi Qafqaz, Orta Asiya, Xəzər və Qara dəniz ölkələri üçün təhlükə mənbəyinə çevrildiyini nəzərə alsaq təhlükənin miqyasını təsəvvür etmək çətin olmaz. Çünkü təhlükəsizlik normalarına cavab verməyən atom stansiyalarının hansı fəlakətlər gətirdiyinin Çernobıl atom stansiyasının nümunəsində xəbərdarıq.

Təhməz Əsədov