İnadla əldə edilən elm


Digərləri 18 Apr 2021 23:50:00 193 0

İnadla əldə edilən elm

/Əsl adı Hüseyn olan, "Ağa Camal Xansari" və "Cəmalül-mühəqqiqin" (tədqiqatçıların camalı) ləqəbləri ilə tanınan alimin atası Ağa Hüseyn Xansari də böyük din alimlərindən idi.

Ağa Hüseyn Xansari həm fiqh sahəsində, həm də kəlam elmində bacarıq sahibi idi. Onu "ustadül-küll fil-küll", yəni bütün elmlərin mütləq ustadı adlandırırdılar. Deyirlər ki, Səfəvi şahı Süleyman səfərə gedəndə alimi öz yerində canişin qoyur və dövlətin idarəsini ona tapşırırmış. Qeyd etmək yerinə düşər ki, Ağa Hüseyn Xansari Mühəmməd Təqi Məclisidən (Əllamə Məclisinin atasından) dərs almışdı. Onun şagirdləri sırasında Seyid Nemətullah Cəzairi, öz oğlu Ağa Camal Xansari ilə yanaşı, Azərbaycan əsilli, Əllamə Məclisinin yeznəsi Mirzə Mühəmməd Həsən Şirvaninin də adını çəkirlər.

Deyirlər ki, Ağa Camal Xansari cavanlıqda dərs oxumağa bir qədər tənbəl imiş, atasının səylərinə rəğmən tədrisdə böyük nailiyyət qazana bilmirmiş. Bir gün məşhur hədis alimi, "Əl-Vafi" kitabının müəllifi Mola Möhsün Feyz Kaşani həcc ziyarətindən qayıdandan sonra Ağa Hüseyn Xansari ilə görüşməyə gəlir. Ev sahibi Feyz Kaşanini çox səmimi qarşılayır, öz oğlunu da qonaqla görüşməyə çağırır. Elm əhlinin adəti üzrə söhbət yenə fiqh sahəsinə yönəlir. Mola Feyz Kaşani Ağa Camalı yoxlamaq üçün ona bir neçə sual verir. Amma Ağa Camal suallara cavab verə bilmir.

Son.az islam.az-a istinadən bildirir ki, Feyz Kaşani təəssüflə əlini əlinə vurub deyir: "Çox heyf ki, Ağa Hüseynin qapısı bağlanıb" (yəni övladı onun elmini davam etdirəcək səviyyədə deyil). Bu söz Ağa Camala ağır gəlir. Özlüyündə qət edir ki, bundan sonra tam ciddi-cəhdlə tədrisini davam etdirsin və atasına layiqli oğul olduğunu sübuta yetirsin. Gənc alim sözünə sadiq qalıb səylə dərslərini oxumağa başlayır. Cəmi bir il ərzində onun elmi səviyyəsində ciddi irəliliyiş yaranır. Belə ki, növbəti il Feyz Kaşani yenə həccdən qayıdıb Ağa Hüseyn Xansarinin görüşünə gələndə Ağa Camal onun bütün suallarına düzgün və səlis cavab verir. Bu dəfə Molla Möhsün Feyz Kaşani heyrətini gizlədə bilməyib deyir: "Bu Ağa Camal keçən ilki Ağa Camal deyil".

Ağa Camal Xansari elm öyrənməyə o qədər aludə imiş ki, əlinə kitab götürəndə hər şeyi unudarmış. Deyirlər ki, bir axşam mütaliə edərkən xidmətçi otağın bir tərəfində onun üçün şam süfrəsini hazırlayıb çıxır. Ağa Camalın başı elmi məsələlərə o qədər qarışır ki, nə xtdmətçinin gəlişini duyur, nə də şam etmək yadına düşür. Bir də sübh azanını eşidəndə başını kitabdan qaldırır, yanındakı yemək süfrəsini görür və xidmətçini çağırıb soruşur ki, şam yeməyini niyə səhər gətirmisən? Xidmətçi hadisəni danışanda Ağa Camal başa düşür ki, sən demə, bütün gecəni fasiləsiz mütaliə ilə keçirib.

Daha bir bənzər hadisə isə hicri VII-miladi XIII əsrin əvvəllərində baş verib. O zamanlar Xarəzmdə Yusif ibn Əbu Bəkr adlı bir dəmirçi yaşayırdı. Elm və bilikdən xəbəri olmasa da, öz peşəsini mükəmməl bilirdi. Dəmir onun əlində mum kimi əriyirdi. Bir gün dəmirçi Yusif çox xırda bir mücrü hazırlayır, hətta mücrünün qapağına qıfıl da vurur. Mücrü ilə qıfılın birlikdə çəkisi dinarın iyirmidən-bir hissəsi qədər yüngül idi. Yusif öz əl işini götürüb Xarəzmşah Mühəmmədin sarayına gedir və mücrünü hökmdara təqdim edir. Xarəzmşah və yanındakılar sənətkarın bacarığına əhsən deyib, bu cür xırda ölçülü mücrünü necə hazırladığına heyran qalırlar. Bu arada hökmdara xəbər gətirirlər ki, ölkənin məşhur alimlərindən biri saraya gəlir. Hökmdar dərhal dəmirçi ilə söhbətini yarımçıq kəsir, alimin pişvazına çıxır, onu min-bir hörmətlə qarşılayır. Saray əhli də Yusifi buraxıb alimin ətrafına toplaşır. Yusif anlayır ki, bir dəmirçi nə qədər bacarıqlı olsa da, yenə alimin hörməti ondan çoxdur.