Peyğəmbərin (s) möcüzəsi yalnız Qurandırmı?


Digərləri 18 Apr 2021 23:55:00 177 0

Peyğəmbərin (s) möcüzəsi yalnız Qurandırmı?

Yəni möcüzə elə əməldir ki, Allahın izni olmadan onu etmək mümkün deyil, peyğəmbərlərdən və onların canişinlərindən savayı başqa insanlar bunu yerinə yetirməyə acizdirlər. Yalançı birisi möcüzə göstərəcəyini iddia etsə, Allah onun iddiasını puç, özünü rüsvay edər.

Necə ki, yalançı Müseylimə Həzrət Mühəmməd Peyğəmbərin (s) möcüzəsini təkrar etmək məqsədi ilə bir gözü kor olan adamın gözünə əlini çəkdi, adamın gözü açılmaq əvəzinə o biri gözü də kor oldu. Müseylimə eşitmişdi ki, Peyğəmbərin (s) ağzının suyu möcüzəvi xüsusiyyətə malikdir. O da elan etdi ki, qurumaqda olan quyuya tüpürsə, su gələr. Suyu azalan quyuya tüpürdü, nəinki su çoxalmadı, əksinə, quyu tamam qurudu...

Möcüzə peyğəmbərliyin sübutlarından biridir. Keçmiş peyğəmbərlərin bir çox mözücəsi Quranda xatırlanır. Həzrət İbrahim (ə) üçün tonqalın sərin olması, Həzrət Musanın (ə) sehrli əsası, Həzrət İsanın (ə) ölüləri diriltməsi və s.

Peyğəmbərlərin möcüzələri adətən zəmanəyə uyğun olurdu. Son.az islam.az-a istinadən bildirir ki, hər zəmanədə hansı sahə dəbdə idisə, hansı sahənin mütəxəssisləri ən bacarıqlı sayılırdısa, o dövrün peyğəmbəri həmin sahədə hamını geridə qoyan bir möcüzə ilə göndərilirdi. Həzrət Musanın (ə) zamanında Misir sehr və cadunun vətəni sayılırdı. Ona görə o həzrət əjdəhaya dönən, dənizi yaran əsa ilə silahlandı və sehrbazlara qalib gəldi. Həzrət İsanın (ə) dövründə tibb və əczaçılıq özünün yüksək inkişaf mərhələsini yaşayırdı. O həzrət ölüləri diriltmək, sağalmaz xəstələrə şəfa vermək yolu ilə bütün təbibləri arxada buraxdı və tibb elmini aciz qoydu. Allahın son Elçisinin (ə) əsrində Ərəbistanda söz və şeir sənəti ən gözəl sənət sayılırdı. Ərəblərin canı-qanı ədəbiyyatla yoğrulmuşdu, qəbilələr öz şairləri ilə tanınırdı. Belə bir şəraitdə Quran ən azından öz bədii ecazkarlığı ilə şairlərə meydan oxudu və onunla yarışmaq xəyalına düşən hər kəsi aciz qoydu.

Təəssüf ki, dini maarifdən xəbəri olmayan, özündən yenilik yaratmaq fikrinə düşən bəziləri Peyğəmbərin (s) Qurandan başqa möcüzəsi olmadığını söyləyirlər. Deyirlər ki, Həzrət Mühəmmədin (s) yeganə möcüzəsi Qurandır.

O həzrətin möcüzələri içində ən böyüyü və ən parlağı, əlbəttə ki, Qurandır. Lakin bu həqiqət o həzrətin başqa möcüzələrinin olmasına maneçilik törətməz. Dinimizdə belə bir qanun yoxdur ki, bir peyğəmbərin yalnız bir möcüzəsi olmalıdır. Həzrət Musa (ə) həm ilana dönən əsa ilə, həm də işıq saçan əl ilə gəlmişdi. Həzrət İsa (ə) həm beşikdə dil açıb danışmış, həm ölünü diriltmiş, həm də xəstələri sağaltmışdı.

Həmçinin, dinimizdə belə qanun da yoxdur ki, səmavi kitab gətirmiş peyğəmbərin başqa möcüzəsi olmamalıdır. Yuxarıdakı misallarda Həzrət Musa (ə) və Həzrət İsa (ə) səmavi kitab sahibi idilər. Onların birinə Tövrat, o birinə İncil nazil olmuşdu. Amma səmavi kitabla yanaşı, onların başqa möcüzələri də vardı. Həzrət İbrahimə (ə) səhifələr də nazil olmuşdu, bununla yanaşı, tonqalın içində yanmamaq möcüzəsi də verilmişdi. Ona görə də, Həzrət Mühəmməd Peyğəmbərin (s) Quranla gəlməsi Onun başqa möcüzələrə sahib olmasına maneə deyil.

Peyğəmbərin (s) möcüzələrini inkar edən şəxslər bir qayda olaraq qurani əqidəsinə sahibdirlər. Onlar iddia edirlər ki, həzrətin heç bir möcüzəsi barədə Quranda məlumat yoxdur, ona görə də o həzrətin Qurandan savayı möcüzəsi olmadığını qəbul etməliyik.

Qurani məntiqinin bütün zərər və təhlükələrini nəzərə alaraq, bu fikrin də tam yanlış olduğu göz qabağındadır. Dinimizdə belə bir qanun da yoxdur ki, Quranda mövcud olmayan hər şey qondarmadır və dindən kənardır. Quranilər anlamırlar və ya anlamaq istəmirlər ki, Quranda olmamaq və Qurandakıların əksinə olmaq fərqli məfhumlardır. Bir məsələ Quran məntiqi ilə ziddirsə və Qurandakı aşkar hökmün əleyhinədirsə, deməli, dində yoxdur və rədd edilməlidir. Amma əgər bir məsələ Qurana zidd deyilsə, sadəcə, Quran bu məsələ barədə xəbər vermirsə, həmin məsələni yalanlamağa haqqımız yoxdur. Quran 600 səhifə həcmində olan, əsas istiqamətləri bəlli edən, külliyyatı açıqlayan və adətən cüziyyata müdaxilə etməyən bir kitabdır. 600 səhifəlik bir kitabda bütün əqidə, əxlaq, fiqh, tarix mövzularının xırdalıqlara kimi açılmasını gözləmək sadəlövhlükdür. Quran əsas prinsipləri bəyan edir. Məsələn, Quranda əmr edilir ki, namaz qılın. Amma namazın dəqiq qılınma qaydası Quranda yoxdur; bunu hədislərdən öyrənirik.

Peyğəmbərin (s) möcüzələrinə gəlincə, bir çox təfsirçilər Quranın "Qəmər" surəsinin ilk ayəsini həzrətin Ayı iki yerə bölməsi (şəqqül-qəmər) ilə əlaqələndirirlər. Əlbəttə, quranilər ayənin bu şəkildə təfsirini qəbul etmirlər. Səhih sünnədə qeyd edilmiş digər möcüzələri də quranilər etibarlı saymırlar.

Peyğəmbərin (s) Qurandan başqa möcüzəsi olmadığını iddia edənlər Qurani-Kərimin bir ayəsinə istinad etməyi çox sevirlər. Məqalənin növbəti bölümündə həmin ayənin şərhini diqqətinizə təqdim edəcəyik.

Niyə Allah möcüzə göstərməkdən imtina edir? Həzrət Mühəmməd Peyğəmbərin (s) Qurandan başqa möcüzəsi olmadığını iddia edənlərin ən çox müraciət etdiyi sübut Quranın "İsra" surəsinin 59-cu ayəsidir. Onlar guya bu ayənin öz iddialarını təsdiq etdiyini düşünür və mübahisələr zamanı söhbəti bu istiqamətə gətirirlər: "Quranın özündə Peyğəmbərin Qurandan başqa möcüzəsi olmadığı vurğulanıb. Əsas meyar Qurandır. Quran belə deyirsə, biz də Peyğəmbərin Qurandan başqa möcüzəsi olmadığını qəbul etməliyik".

Əsas meyarın Quran olduğunu heç bir müsəlman inkar etmir. Amma Quran ayələrini öz istədiyi və anladığı şəkildə, kontekstdən çıxararaq şərh etməyə də heç kimin haqqı yoxdur. Nazil olma şəraitini nəzərə almadan, ayələrin əvvəli və sonu arasındakı əlaqəni gözardına vuraraq, ayələri kontekstdən çıxararaq mənalandırmaq sektaların sevimli üsuludur. Vəhhabilər də öz terror və zorakı əməllərini Quranla "əsaslandırmaq" üçün bu üsuldan tez-tez istifadə edirlər. Özünü qurani adlandıran şəxs heç olmasa Quran ayələrini düzgün anlamalıdır. Təəssüf ki, həyatda bunun əksini görürük; quranilərin əksəriyyəti təfsir metodologiyasından xəbərsiz, Quran məntiqindən uzaqdır.

Haqqında söhbət gedən ayədə buyurulur: "Bizə möcüzələr göndərməyə mane olan şey ancaq əvvəlkilərin (keçmiş ümmətlərin) onları yalan hesab etmələridir. Biz Səmud tayfasına açıq-aşkar bir möcüzə olaraq dişi (maya) bir dəvə verdik, lakin onlar ona zülm etdilər (dəvəni tutub kəsdilər). Biz möcüzələri yalnız (bəndələrimizi) qorxutmaq üçün göndəririk" (İsra, 59).

Ayənin təfsirinə keçməzdən əvvəl kiçik bir müqəddiməyə ehtiyac olduğunu düşünürük. Tarixin hər bir dönəmində Allah qövmlərə peyğəmbərlər göndərsə də, bu qövmlərin içində müqavimətsiz iman gətirənlər az olmuşdur. Qurani-Kərim bizə müxtəlif qövmlərin öz peyğəmbərlərinə qarşı düşmənçiliklərindən söz açır. Şeytana uyan qüvvələr həmişə haqqın qarşısında mövqe tutmuş və var qüvvələri ilə haqqın nurunu söndürməyə çalışmışlar. Həzrət Nuhun (ə), Hudun (ə), Salehin (ə) qarşısında öz qövmləri, Həzrət İbrahimin (ə) qarşısında Nəmrud, Həzrət Musanın (ə) qarşısında Firon və Bəni-İsrailin azğın nümayəndələri, Həzrət İsanın (ə) qarşısında yalançı Bəni-İsrail rahibləri durmuşlar...

Bəzi qövmlər peyğəmbərə tabe olsalar da, bu proses çox çətin, itkili və əziyyətli keçmişdir. Allahın son Elçisinin (ə) zamanında olduğu kimi. Peyğəmbərimiz (s) bütün Ərəbistanı Allahın dininə təslim edə bilsə də, bunu ağır itkilərin və 23 illik zəhmətin bahasına edə bildi. Müşriklər əllərindən gələni etdilər ki, İslamın irəliləyişinə mane olsunlar. Hətta İslamın qələbəsindən sonra da inadkarlıq edənlər və təslim olmayanlar vardı. Hətta İslamı qəbul etdiyini bildirəndən sonra peyğəmbərlik fikrinə düşənlər və yalançı "peyğəmbərlərə" beyət edənlər vardı.

Quran bu cür inadkar qüvvələrin haqqında buyurur: "Əgər Biz (istədikləri kimi) mələkləri onlara göndərsəydik, ölülər onlarla danışsaydı və hər şeyi dəstə-dəstə toplayıb onların qarşısına qoysaydıq belə, Allah istəmədikcə, onlar iman gətirməzdilər. Lakin onların əksəriyyəti (bunu) bilməz" (Ənam, 111).

Bəqərə surəsinin ilk ayələrində Allah-Taala ürəyinə və qulağına möhür vurulmuş, gözünə pərdə çəkilmiş müşrikləri vəsf etməzdən əvvəl buyurur: