Az yemək və qənaətə riayət etmək


Digərləri 18 Apr 2021 22:20:00 168 0

Az yemək və qənaətə riayət etmək

Rəvayət edirlər ki, keçmiş zamanlarda bir müsəlman alimlə xristian təbibin elmi mübahisəsi baş verir. Xristian təbib iddia edir ki, sizin dininizdə (yəni İslamda) tibb ilə bağlı heç bir tutarlı məlumat yoxdur. Müsəlman alim etiraz edərək cavab verir: "Əksinə, bütün tibb elminin xülasəsi Qurani-Kərimin bir ayəsində cəmləşib". Xristian həkim hansı ayədən söhbət getdiyini soruşanda müsəlman alim yuxarıdakı ayəni oxuyur. Ayəni eşidən xristian heyrət içində deyir: "Doğru deyirsiniz, bütün tibb elminin xülasəsi bu kiçik ayədə öz əksini tapıb".

İslam müqəddəsləri az yeməyin faydalarını və çox yeməyin ziyanlarını dönə-dönə öz kəlamlarında vurğulamışlar. Peyğəmbərimiz (s) buyurmuşdur ki, "dərmanların anası az yeməkdir". Az yemək möminə yaraşan sifətdir, Allahın bəyəndiyi davranışdır. Hədislərdə buyurulur ki, əksinə, çox yemək qəlbi daşlaşdırar, insanı mərhəmətsiz və zalım edər.

Son.az islam.az-a istinadən bildirir ki, hər bir məsələdə olduğu kimi, yemək məsələsində də ifrat və təfritdən çəkinmək lazımdır. İnsan acmamış süfrə arxasına oturmamalı, amma tam doymadan süfrədən qalxmalıdır. Ehtiyacdan az yemək insanda zəiflik yaradar, gündəlik həyatı normal yaşamağa, o cümlədən, ibadət etməyə bədəndə qüvvə olmaz. Ehtiyacdan çox yemək isə, əksinə, ağırlıq yaradar, bunun nəticəsində yenə bədənin fəaliyyəti çətinləşər, iba¬dətdə tənbəllik meydana çıxar.

İmam Əli ibn Əbutalib (ə) buyurmuşdur: "Hər cür nöqsandan uzaq olan Allah öz bəndəsini islah etmək istəsə, ona az danışmağı, az yeməyi və az yatmağı ilham edər" (Müstədrək əl-Vəsail, 16-cı cild, səh. 213, hədis 19.634).

Az yeməklə yanaşı, sadə yemək süfrəsi də dinimizdə tövsiyə edilir. Həzrət Mühəmməd Peyğəmbər (s) heç zaman iki cür yemək yeməzdi. Ümumiyyətlə, o həzrətin süfrəsi çox sadə olardı. Müqəddəslərimiz yemək deyərkən, bizim başa düşdüyümüz xörəkləri nəzərdə tutmurdular. Peyğəmbərin yeməyi çox zaman ya südlə çörək, ya da sirkə ilə çörək olardı, hətta bu iki yeməyi də eyni zamanda öz süfrəsinə qoymazdı. Rəngarəng, dəbdəbəli yeməklər israf kimi qəbul edilir. İmam Əli (ə) buyururdu ki, yemək xatirinə yaşama, yaşamaq xatirinə ye. Yəni yeməyi öz həyatının məqsədi etmə, səni ayaq üstə saxlamaq, gündəlik fəaliyyətin üçün bədənində qüvvə yaratmaq məqsədi ilə qidalan.

Ariflərin tövsiyələrində də az və sadə yeməklə bağlı fikirlərə tez-tez rast gəlirik. Məşhur arif Mirzə Cavad Məliki Təbrizi öz ustadı Molla Hüseynqulu Həmədaniyə istinadən yazırdı ki, insan gərək gündə iki dəfədən artıq yeməsin və bu iki yeməyin arasındakı vaxtda da heç bir qida qəbul etməsin. Yemək istəsə, gərək acıyandan bir saat sonra yesin, o qədər yesin ki, tam doymasın. Ət xörəyindən az istifadə etmək, gün ərzində iki dəfə ət yeməkdən çəkinmək lazımdır.

XIX əsrdə şiə dünyasının ən məşhur mərceyi-təqlidi olmuş Şeyx Ənsari çox sadə, zahidanə həyat tərzi sürərdi. Onun təqvası barədə mənbələrdə onlarla ibrətli hekayə qeyd edilmişdir.

Şeyx Ənsarinin təhsil illərində bir tələbə dostu vardı. Onlar həmbəhs idilər, yəni dərsdə verilən tapşırıqları birlikdə yerinə yetirir, elmi mübahisə tələb olunan yerlərdə tərəf müqabili kimi çıxış edirdilər. O zaman tələbələrin dolanışığı çox ağır idi, əksər tələbələr yarıac-yarıtox dolanırdı. Bir gün Şeyx Ənsari ilə dostu əllərində olan pulu üst-üstə qoyub bir çörək almağa bəs edəcək məbləğ düzəldirlər. Şeyx dostundan xahiş edir ki, bazara gedib bir çörək alsın. Tələbə bazara yollanır, az sonra bir çörək və bir az doşabla qayıdır. Ənsari təəccüblə soruşur: "Pulumuz yalnız çörəyə çatırdı. Doşabı hansı pulla almısan?" Tələbə dostu cavab verir: "Çörəyi öz pulumuzla aldım, doşabı isə dükançıdan nisyə almışam". Şeyx Ənsari söyləyir: "Mən o doşabdan yeməyəcəyəm. Çünki bilmirəm ki, onun pulunu qaytarana kimi Allah mənə ömür verəcək ya yox". Beləcə, Şeyx Ənsari həmin gün yalnız çörəklə kifayətlənir, dostu isə çörəyi doşabla yeyir.

Hadisənin üstündən illər ötüb keçir. Şeyx Mürtəza Ənsari öz dövrünün ən qüdrətli müctəhidinə çevrilir. Cəfəri müsəlmanların mütləq əksəriyyəti ona təqlid edirdi. Amma həmin sadəlik və qənaət öz yerində idi. Bir gün Ənsari keçmiş tələbə dostu ilə rastlaşır. Həmin tələbə indi orta səviyyəli bir alim idi. O, Şeyx Ənsaridən soruşur: "Biz dərsdə həmbəhs idik, eyni dərsi oxuyurduq, bəs necə oldu ki, mən adi alim oldum, sən isə mərceyi-təqlid oldun?" Şeyx Ənsari cavab verir: "Səbəb odur ki, mən həmin gün nisyə doşabdan yemədim, sən isə yedin".