Yeni Subaru Outback universalı Avropada debüt edib FOTO


Digərləri 18 Apr 2021 22:01:00 171 0

Yeni Subaru Outback universalı Avropada debüt edib  FOTO

Amerikadakı debütündən iki il sonra altıncı nəsil Subaru Outback kross-universalı digər qitələrin bazarlarında satışa çıxır. Məsələ ondadır ki, Amerika Birləşmiş Ştatları Subaru və xüsusilə Outback modeli üçün prioritet bir bazardır, bu səbəbdən də Şimali Amerikada satılan avtomobillər İndianadakı zavodda istehsal olunur. Yalnız indi yeni Outback modeli Yaponiyadakı baş zavodun konveyerindən çıxmağa başlayıb. Yeni universalın satışları mart ayının əvvəlində Avstraliya və Okeaniyada başlayıb, indi isə yeni Outback Avropa bazarında debüt edib.

Son.az autograph.az-a istinadən bildirir ki, ümumiyyətlə, Yaponiyada istehsal edilən Outback, iki il əvvəl Amerikada debüt etmiş universalı təkrarlayır. Yeni kross-universal SGP modul platformasına keçib və bir qədər böyük olub: modelin uzunluğu - 4870 millimetr (+ 50 millimetr), eni - 1875 millimetr (+ 35 millimetr), hündürlüyü isə 1675 millimetrdir (dəyişməyib) . Təkər bazası da dəyişilməz qalır - 2745 millimetr. Bəyan edilən klirens 213 millimetrdir. Yeni Subaru Outback iki ton ağırlığında qoşqunu yedəyə alır.

Salon həm en, həm də uzunluq baxımından daha geniş olub: cərgələr arasındakı məsafə 11 millimetr artırılıb. Səs izolyasiyasını yaxşılaşdırmaq üçün, alın və ön qapıların şüşələrinə şəffaf örtük təbəqəsi əlavə edilib. Üstəlik, daha yüksək keyfiyyətli tərtibat materiallarının tətbiq olunduğu bildirilir. Cihazlar paneli klassikdir, lakin modelin baza təchizatına 11,6-düymlük şaquli ekrana sahib olan media sistemi və elektrik "əl əyləci" daxildir.

Subaru Outback standart olaraq ön şüşənin altında yerləşən stereokamerası olan EyeSight kompleski ilə təchiz edilir. Kompleksin tərkibinə avtomatik əyləclər, adaptiv kruiz-kontrol, zolaq saxlama və digər funksiyalar daxildir. Salonda sürücünün yorğunluq səviyyəsinə nəzarət edən kamera da var. Arxa görüntü kamerasının yuyucusu da peyda olub. Baqaj bölümünün həcmi 561 - 1822 litrə arasındadır (+ 21 litr), beşinci qapının girişi isə 30 millimetr genişləndirilib.

Təəssüf ki, Yaponiyada buraxılan Outback modeli ABŞ-dakı kimi güclü turbomühərrik ilə təklif edilmir. Bu səbəbdən də həm Avstraliyada, həm də Avropada yeni universal yalnız modernləşdirilmiş 2,5-litrlik atmosfer mühərriki ilə təklif edilir. İndi aqreqat birbaşa püskürtməyə, artmış sıxılma dərəcəsinə, start-stop sisteminə və 90% yeni komponentlərə malikdir. Eyni zamanda, Avropa bazarında təklif edilən mühərrikin hasilatı Amerikadakından fərqlənir: Avropa üçün mühərrikin gücü 185-dən 169 at qüvvəsinə qədər azaldılıb, fırlanma anı isə əksinə 239-dan  252 Nm qədər artırılıb.