Pislər olmasa, yaxşıların qiyməti bilinməz


Digərləri 18 Apr 2021 21:40:00 147 0

Pislər olmasa, yaxşıların qiyməti bilinməz

İnsanların zehnini məşğul edən suallardan biri də budur ki, Allah-Təala niyə mənfi qüvvələri, pis insanları, şeytanları yaradıb? Əgər Allah onların fəaliyyətindən xəbərdar deyilsə və onların müsbət yolda olacaqlarını zənn edərək yaratmışsa, Onun elmi və hikməti şübhə altına düşür. Əgər onların nə kimi fəsadlar törədəcəyindən xəbərdardırsa, onları yaratmasının mənası nədir, bu, ilahi ədalətlə ziddiyyət təşkil etmirmi? Bu sual həmişə bəşəriyyəti düşündürmüş, mübahisələrə səbəb olmuşdur. Günümüzlə əlaqələndirsək, İmam Hüseynin (ə) Kərbəlada faciəli şəhadətinə səbəb olmuş şəxsləri Allah niyə yaratmışdı? Yezid və Şimr kimi cinayətkarların qarşısını Allah niyə almadı?

Hər şeydən əvvəl qeyd edək ki, bu sualın cavabı sayıla biləcək sübutlar çoxdur. Məsələyə fərqli baxışlardan yanaşsaq, fərqli arqumentlər gətirə bilərik. Mövzu kəlam və fəlsəfə fənnləri ilə sıx əlaqədardır. Böyük İslam alimləri bu qəbildən olan suallara çox dərin və mürəkkəb cavablar vermişlər. Həmin cavabların təqdimatı və dərki çətin olduğu üçün, biz bir neçə sadə və asan anlaşılan arqumentlə kifayətlənirik.

Son.az islam.az-a istinadən bildirir ki, birincisi, qeyd edilən sualın cavabı birbaşa Allahın ədaləti, cəbr (məcburiyyət) və ixtiyar (iradə azadlığı) bəhsləri ilə əlaqəlidir. Müsəlmanların əqidəsinə görə, Allah öz bəndələrinə qarşı hədsiz mərhəmətlidir, onlara zərrəcə zülm etməz. Hər kəsin seçim ixtiyarı vardır, buna görə də hər əməlinə görə cavabdehdir, Allahın və insanların qarşısında məsuliyyət daşıyır.

Allahın öz yaratdıqları barədə kamil elmə malik olması onları hər hansı əmələ məcbur etməsi anlamına gəlmir. Səbəb və nəticə, zaman anlayışları məhdud maddi dünyaya aiddir. Allahın elmi və qüdrəti barədə danışarkən, məsələyə bu məhdudiyyətlər daxilində baxmaq düzgün deyil. O bizik ki, əvvəl və sonra, səbəb və nəticə çərçivəsi daxilində düşünməyə və hərəkət etməyə məcburuq. Zamanı və səbəbi yaradan Allahdır, Onun elmi bunlardan daha geniş və üstündür. İlahi elm və hikmət zaman çərçivəsinə sığmaz.

İnsan şüuru bu kimi mövzuları tam dərk etməyə qadir olmadığı üçün, daha sadə bir misalla fikrimizi ifadə etməyə çalışaq. Təsəvvür edin ki, siz yüksək bir yerdə durmusunuz, oradan küçədə hərəkət edən avtomobillərin hərəkətini izləyirsiniz. Görürsünüz ki, bir avtomobil çox yüksək sürətlə hərəkət edir. Bunu anlamaq çətin deyil ki, sürücü əgər bu qayda ilə avtomobili sürməyə davam etsə, qısa müddət ərzində qəza törədəcək. Siz qabaqcadan qəza baş verəcəyini bilirsiniz, hətta sanki onu "görürsünüz". Bir neçə dəqiqədən sonra, həqiqətən, qaydalara əməl etməyən həmin sürücü qəza törədir. Belə bir halda sizi qəzanın səbəbkarı hesab etmək olarmı? İddia etmək olarmı ki, sürücünü qəza vəziyyəti yaratmağa siz təhrik və məcbur etmisiniz? Əlbəttə ki yox! Sizin qəza barədə qabaqcadan elmli olmağınız sürücünün hərəkətlərinə heç bir təsir göstərmədi. Siz sadəcə olaraq, mövcud vəziyyəti düzgün qiymətləndirdiniz, başa düşdünüz ki, sürücünün bu hərəkətinin sonu nə olacaq. Amma yaranmış qəzaya görə sürücünün özü cavabdehdir.

Elcə də, Allah insanların əməllərini qabaqcadan bilməklə yanaşı, bu əməllərin məsuliyyətini daşımır. Hər kəsin savabına və günahına görə onun özünə əvəz veriləcək. Əgər Allahın elminin insan müqəddəratına təsiri olsaydı, insanın nə mükafat, nə də cəza almağa haqqı çatardı. Heç bir xeyir əmələ görə savab, heç bir pis hərəkətə görə günah yazılmazdı. Belə bir düşüncə insanın iradə azadlığını inkar edən şəxslərə məxsusdur. Dini mənbələrimizdə bu düşüncəni kəskin tənqid edən hədislər çoxdur. Məsələn, hədislərin birində Allahın Rəsulu Həzrət Mühəmməd Peyğəmbər (s) buyurmuşdur ki, Allahın onlardan ötrü günahları qabaqcadan yazdığını və sonra onlara cəza verdiyini düşünən dəstəyə 70 peyğəmbərin dilindən lənət deyilib (Bihar əl-ənvar, 5-ci cild, səh. 47).

Bəziləri öz günahlarında Allahı deyil, şəraiti, başqa insanları təqsirkar bilir, məsuliyyəti onların boynuna atmaq istəyirlər. Bu, ona bənzəyir ki, yüksək sürətlə, yol hərəkəti qaydalarını pozmaqla qəza törətmiş sürücünün əvəzinə, maşın istehsal edən zavodu, yol çəkən fəhlələri ittiham etsinlər.

İrəli sürülən iddiaya qarşı digər arqumentlər də mövcuddur ki, növbəti hissələrdə onlara işarə ediləcək. Allah-Taala hər kəsin hidayət olub-olmayacağını gözəl bilir. Əvvəldə qeyd etdiyimiz kimi, Allah üçün zaman məhdudiyyəti yoxdur ki, bir işin nəticəsini o baş verdikdən sonra bilsin. Zaman, səbəb-nəticə qaydaları maddi dünyaya aiddir və biz bunlara tabeyik. Allah isə bu qaydalara tabe deyil, çünki qaydaların özünü yaradan Odur.