İslamda astronomiya və astrologiya elmi –


Digərləri 18 Apr 2021 21:45:00 151 0

İslamda astronomiya və astrologiya elmi –

Ərəb dilindən tərcüməsi “ulduzlar” deməkdir. Ümumi mənada, göy cismlərinin vəziyyətini və hərəkətini, habelə, yerdə baş verən hadisələrə onların təsirini öyrənən elmə deyilir.

Şərq dünyasında nücum elmi paralel olaraq iki istiqamətdə fəaliyyət göstərib: həm sırf astronomiya, həm də astrologiya mənasında.

Nücum elminin tarixi çox qədimdir. Bütün qədim sivilizasiyalarda (Misir, Şumer, Babilistan, Çin, Yunanıstan, Roma və s.) nücum ən çox öyrənilən və ən çox dəbdə olan elmlərdən sayılıb. Islamaqədərki Ərəbistanda da bu elm geniş yayılmışdı.

Islamın ilk dövrlərində müsəlmanların fəth olunmuş xalqlarla (xüsusilə, indiki Iran və Iraq ərazisində yaşayan əhali ilə) mədəni əlaqələri gedişində nücum elmi böyük vüsət qazanaraq inkişaf etməyə başladı. Istər Qurani-kərim mətnində Günəş, Yer, Ay, ulduzlar, kometlər və sairə səma cismləri ilə bağlı ayələrin təfsiri, istərsə də namaz vaxtlarının və qiblə istiqamətinin təyini kimi şəriət məsələləri nücum elminin aktuallığını daha da artırırdı.

Islam dini baxımından, göy cismlərinin vəziyyətini və hərəkətini öyrənmək çərçivəsində nücum elmi birmənalı olaraq müsbət qarşılanır. Həzrət Mühəmməd Peyğəmbər (s) və imamlar öz kəlamlarında nücum elminin məsələlərinə toxunmuş, müsəlmanları da bu elmi öyrənməyə təşviq etmişlər.

Lakin göy cismlərinin Yerdə baş verən hadisələrə, hətta insanların taleyinə təsirinə gəlincə, əksəriyyətin fikrincə bu kimi inanclar səhv və batildir. Bəzi dini mətnlərdə ara-sıra astrologiyaya aid məlumatlara rast gəlsək də, alimlər bu hədislərin çoxunu zəif sayır və xüsusi şərhə ehtiyaclı bilirlər.

Həzrət Əlinin (ə) zamanında baş vermiş bir hadisə nücum elmini hansı məhdudiyyətlər daxilində öyrənməyə icazə verildiyini bizə bəyan edir. Həzrət Əli (ə) öz ordusu ilə Nəhrivan savaşına yola düşərkən, bir münəccim ona deyir: "Bu vaxt yola düşsən, qorxuram ki, zəfər çalmayasan və öz məqsədinə çatmayasan. Bu xəbəri nücum elmindən əldə etmişəm".

Əli ibn Əbu Talib (ə) ona belə cavab verir:

"Kim sənin bu sözlərinə inansa, Quranı yalan saymış olar. Istədiyini əldə etmək və istəmədiklərindən uzaqlaşmaq üçün Allahdan kömək istəməyə ehtiyacı qalmaz. Sözlərindən belə çıxır ki, sənin göstərişinə uyğun rəftar edən kəs Allahına deyil, sənə həmd və şükr etməlidir. Çünki güman edirsən ki, onu xeyir götürdüyü, ziyandan amanda qaldığı saata yönəldən sənsən".

Sonra O, üzünü camaata tutaraq deyir: "Ey camaat! Biyabanda və dənizdə yolu tapmaq üçün lazım olan həddi çıxmaqla, nücum elmini öyrənməkdən çəkinin. Çünki nücumu öyrənmək kahinliklə nəticələnər. Münəccim - kahin kimi, kahin - sehrbaz kimi, sehrbaz - kafir kimidir. Kafirin yeri isə alovdur (cəhənnəmdir)" (Nəhcül-bəlağə, 78-ci xütbə).

Bu sözlərdən sonra Həzrət Əli (ə) öz qoşununu savaşa apardı. Məlum olduğu kimi, Nəhrivan savaşı Həzrət Əli (ə) tərəfdarlarının parlaq qələbəsi ilə qurtardı. Bununla da, həmin münəccimin sözlərinin yalan və batil olduğu sübuta yetdi.