Aygün Attar Qubadlı sakinləri ilə görüşdü


Digərləri 18 Apr 2021 11:17:42 178 0

Aygün Attar Qubadlı sakinləri ilə görüşdü

Türkiyə Prezident Adminstrasiyası Xarici Siyasət və Təhlükəsizlik Şurasının üzvü Aygün Attar Qubadlı sakinləri ilə görüşüb

Qubadlı Rayon İcra Hakimiyyətində Türkiyə Prezident Adminstrasiyası Xarici Siyasət və Təhlükəsizlik Şurasının üzvü, əslən Qubadlı rayonundan olan professor Aygün Attarla görüş keçirilib.

Son.az xəbər verir ki, görüş Qubadlı rayon icra hakimiyyətinin başçısı Malik İsaqovun təşəbbüsü ilə baş tutub. 

Aygün Attar Qubadlının işğaldan azad olunmasından sonra həmyerliləri ilə görüşdən məmnun olduğunu bildirib.

Aygün Attar görüş zamanı bir neçə sürprizlə qarşılaşıb. Belə ki, icra başçısı Malik İsaqov Aygün Attara oxuduğu Qara İlyasov adına orta məktəbdən məzun olduğu vinetkanı təqdim edib. Bundan əlavə, icra başçısı Aygün Attarın orta məktəb illərini əks etdirən kollektiv fotolarını hədiyyə edib. Aygün Attar Qubadlı rayon Tarix Diyarşünaslıq Muzeyi ilə tanış olub.  O, Qubadlı rayonunun tarixi, mədəniyyəti, rayondan olan şəhidlərin, elm adamlarının həyatlarını əks etdirən nadir eksponatlara baxıb.

Bundan sonra görüş Aygün Attarın oxuduğu və sonradan müəllimi olduğu Q.İlyasov adına Qubadlı şəhər 1 saylı orta məktəbdə davam edib. Məktəbdə Aygün Attarın qarşılaşdığı növbəti sürpriz sinif yoldaşlarının onun görüşünə gəlməsi olub. Orta məktəbin kollektivi və sinif otaqları ilə tanış olan Aygün Attar dünyasını dəyişmiş müəllimlərini rəhmətlə yad edib, həyatda olanlara cansağlığı arzulayıb.

Aygün Attar Xocavəndin azad olunması zamanı şücaət göstərmiş və qəhrəmanlıqla şəhid olan Vüsal Allahverdiyevin ailə üzvləri ilə görüşüb.

Bundan sonra görüş Qubadlı rayon Mədəniyyət Evində davam edib və rayon xəstəxanası ilə tanışlıqla başa çatıb. Aygün Attar növbəti səfərində həmyerliləri ilə görüşünün doğma yurd yerlərində olmasını azrulayıb.

Xatırladaq ki,  professor, Türkiyə Cümhuriyyətinin Xarici Siyasət və Təhlükəsizlik Şurasının üzvü  Aygün Attar aprelin 13-dən ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransla bağlıölkəmizdə rəsmi səfərdədir.  Qeyd edək ki, Aygün Attar 1962-ci ilin aprelin 16-da Qubadlı rayonunda anadan olub. 1986-cı ildə Bakı Dövlət Universitetini bitirib, 1993-cü ildə Rusiya Elmlər Akademiyasının Tarix şöbəsində doktorluq müdafiəsi edib. Aygün Attar 1990-cı illərin ortalarından Türkiyədə yaşayır və Türkiyə vətəndaşıdır. 2012-2016-cı illərdə Türkiyənin Girəsun Universitetinin rektoru olub. Aygün Attar 2014-cü ildə Oksford Universitetinin Sokrat mükafatına layiq görülüb. Azərbaycan tarixi və mədəniyyətinin təbliği istiqamətində fəaliyyət göstərən professor ermənilərin Azərbaycan və Anadolu türklərinə qarşı törətdiyi soyqırımlara həsr olunmuş bir çox məqalənin müəllifidir. Davamlı elmi yaradıcılıqla bərabər, diaspor işləri ilə də fəal şəkildə məşğul olan professor Aygün Attar Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədridir. 6 Fevral 2021-ci ildən Türkiyə Prezident Administrasiyasının Təhlükəsizlik və Xarici Siyasət Şurasının  üzvü təyin olunub.