COVID19 xəstələrində antibiotik nə zaman istifadə olunur?


Digərləri 17 Apr 2021 16:22:00 163 0

COVID19 xəstələrində antibiotik nə zaman istifadə olunur?

Səhiyyə Nazirliyinin baş terapevti Faiq Abdullayev antibiotik və onun düzgün istifadəsi ilə bağlı müsahibə verib.

Son.az Lent.az-a istinadən həmin müsahibəni təqdim edir:

- Antibiotik nədir və hansı xəstəliklərdə istifadə olunur?

- Antibiotiklər (yun. ἀντί - anti - qarşı, βίος - bios - həyat, canlı) - təbii və yarımsintetik olan, canlı hüceyrələrin (mikrob və bakteriyaların, ibtidailərin) artım və inkişafının qarşısını ala bilən heyvan və ya bitki mənşəyli maddədir. Çox az miqdarda digər mikroorqanizmlərə seçici toksik təsir göstərmək qabiliyyətinə malikdirlər. Ali bitkilərin və heyvanların bəzi toxumalarında sintez olunan maddələr də antibiotik təsirə malikdir. 4 mindən çox antibiotik kəşf olunmasına baxmayaraq, hazırda onlardan cəmi 60-ı istifadə edilir. Antibiotiklər bədənə zərərli olan patogen bakteriyaların böyüməsinin qarşısını almaq və onları məhv etmək üçün həkim tərəfindən təyin olunan dərmanlardır. Antibiotiklər yalnız bakteriyaların yaratdığı xəstəliklər üçün istifadə olunur, yəni virus və göbələk kimi digər faktorların yaratdığı xəstəlikləri müalicə edə bilmirlər. Antibiotik seçimi həkim tərəfindən lazım olduqda xəstəliyə səbəb olan bakteriyaların təbiətinə və xəstənin vəziyyətinə uyğun təyin edilir. Digər bir vacib mövzu isə xəstə üçün uyğun doza və antibiotik seçiminə qərar verməkdir.

- Antibiotikin düzgün istifadəsi necə olmalıdır?

- Antibiotik müalicəsindəki ən vacib məqam bu müalicənin fərdi olmasıdır. Eyni simptomları olan iki insanı nəzərə alaraq, biri üçün təyin olunan antibiotik müalicəsi digər simptomatik şəxs üçün uyğun olmaya bilər. Antibiotikin uzunmüddətli istifadəsi onların təsirinə davamlı həsasslığın yaranmasına səbəb olur. Buna gorə də onları yalnız qısa müddət və bakteriyaların antibakterial preparatlara qarşı həssaslığını öyrənəndən sonra təyin edirlər.

- Artıq miqdarda antibiotik istifadəsinin zərərləri nələrdir? COVID-19 xəstələrində antibiotik nə zaman istifadə olunur?

- Antibiotiklərin digər dərmanlar kimi çoxsaylı yan təsirləri var və bəziləri böyük problemlərə səbəb ola bilər. Ən çox görülən yan təsirlərdən biri bədəndə mövcud olan və insan üçün faydalı bakteriyaları məhv etməsidir. Məsələn, bağırsaq florasında K vitamini sintez edən və qida maddələrinin həzm olunmasına, mənimsənilməsinə cavabdeh olan bir çox köməkçi bakteriya var. Bağırsaq florasının tarazlığı pozulursa, funksiyalarını yerinə yetirə bilmədikləri üçün müalicə alan insanlarda bağırsaq problemləri tez-tez müşahidə edilə bilər. Artıq miqdarda antibiotik istifadəsinin zərərləri - xəstəxanadaxili və ya nazokomial infeksiyaların törədicilərinin  yaranmasıdır. COVID-19 xəstələrində ikincili bakterial infeksiya əmələ gəldikdə antibiotik təyin olunur. Artıq miqdarda antibiotiklərin istifadəsi həm immuniteti, həm də  qanda leykosit miqdarını aşağı salır.