"Ermənistan Rusiyaya görə Qarabağı itirdi"


Siyasət 16 Apr 2021 11:27:00 109 0

"Ermənistan Rusiyaya görə Qarabağı itirdi"

"Qarabağda status-kvo o vaxtadək qorunurdu ki, bu, Rusiyanın maraqlarına cavab verirdi. Konyuktur dəyişəndə hər şey dəyişdi. Nə iləsə ödəmək vaxtımız gələndə aydın oldu ki, biz ya ödəmək istəmirik, ya da ödəyə bilmirik".

Bu sözlər Ermənistanın baş naziri Nikol Paşinyanın aprelin 8-də Rusiyaya rəsmi səfəri zamanı Moskvadakı "Park Hyatt" otelində erməni hüquqşünaslarla və vəkillərlə görüşündəki çıxışındadır.

N.Paşinyanın təhlükəsizlik xidməti görüşün təfərrüatlarının sosial şəbəkələrə və mediaya sızmasının qarşısını almaq üçün iştirakçıların hamısından mobil telefonlarla qacetləri yığmışdı.

Ermənistanın baş naziri bu görüşdə açıq şəkildə bəyan edib ki, ermənilərin Qarabağdakı məğlubiyyətlərin başlıca səbəbkarı Rusiyadır.

O, daha sonra söyləyib: "Regionda sülh və stabilliyin bərqərar olmasında biz də maraqlıyıq. Düşünürəm ki, Ermənistanda onillərdən bəri davam edən situasiyaya son qoymaq vaxtı çatıb. Azərbaycan və Türkiyə ilə nəqliyyat kommunikasiyaları işə salınmalı, sərhədlər açılmalıdır.

"Bütün bunları demək bəlkə düzgün deyil, amma nə zamansa söylənməlidir. İndi elə vəziyyətdəyik ki, həqiqətlər acı olsa da, onları deməli, düşdüyümüz çox ağır vəziyyətdən və dərin böhrandan çıxış yolları aramalıyıq. Sonra gec olacaq", - N.Paşinyan deyib.

Ermənilər Nikol Paşiyanın həmin görüşdəki çıxışının bir hissəsinin audioyazısını sosial şəbəkələrdə paylaşırlar. Həmişə olduğu kimi, Rusiyadakı erməni diasporunun rəhbərlərinin maliyyələşdirdikləri və tam kontrolda saxladıqları Telegram kanalları xüsusilə aktivdir.

Paşinyanın Moskvadakı "konfidensial" açıqlamaları paradoksal, hətta isterik təsir bağışlaya bilər, lakin onun bəyanatı düşünülmüş gedişdir.

İyunun 20-də Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkilərində qələbəsini təmin etmək üçün N.Paşinyan Rusiyadan dəstək alaraq ölkədəki ruspərəst siyasi qüvvələri sakitləşdirməklə yanaşı, Rusiyanı dolayısıyla "tənqid" edərək Qərbin də hədəfinə çevrilmək istəmir.

Orxan Hun Son.az