Bu ölkə epidemiyanı nəzarət altına ala bildi


Dünya 15 Apr 2021 12:04:00 111 0

Bu ölkə  epidemiyanı nəzarət altına ala bildi

Peyvənd kampaniyası sayəsində koronavirus epidemiyasını nəzarət altına alan İsrail 23 may tarixindən etibarən ölkəni yenidən turistlərə açacağını açıqlayıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, İsrail Səhiyyə və Turizm Nazirlikləri ölkəyə gəlmək istəyən turistlərin "COVID-19" peyvəndi vurdurmalı olduqlarıını bildiriblər. Bundan əlavə, İsrailə gələcək olan şəxslər təyyarəyə minməzdən öncə mənfi PCR test nəticəsini təqdim etməli, həmçinin gəldikdən sonra seroloji qan analizindən keçməlidirlər. İsrail ilə peyvənd pasportu razılaşması olan ölkələrdən gələn turistlərə isə seroloji testlərdən keçmək tələb olunmayacaq.

Turizm Nazirliyinin açıqlamasına görə, mayın 23-də ilk növbədə ekskursiya qrupları ilə gələn turistlər qəbul ediləcək, daha sonra epidemioloji vəziyyət nəzərə alınaraq tək səyahətçilərin ölkəyə girişinə icazə veriləcək.

Bildirilib ki, 2019-cu ildə ölkəni təxminən 4 milyon turist ziyarət edib. 2020-ci ildə isə bu rəqəm 80% azalma ilə 850 minə enib.

Hazırda İsraildə əhalinin yarısından çoxu (5,3 milyon nəfər) koronavirusa qarşı peyvənd olunub. Bundan əlavə, indiyə qədər koronavirusa yoluxmuş 830 min insanın müəyyən dərəcədə təbii immunitet inkişaf etdirməsi gözlənilir.

Başqa sözlə, əhalinin 68 faizində peyvənd və ya yoluxma yolu ilə antikorların meydana gəldiyini və bir növ kollektiv immunitetin inkişaf etdiyini demək olar.