“Fəryad 2” filmi ekranlara çıxa bilər


Kriminal 09 Apr 2021 16:44:00 270 0

“Fəryad  2” filmi ekranlara çıxa bilər

"30 ildən artıq idi ki, kinostudiyanın texniki bazası yenilənmirdi, artıq kinostudiyanın texniki bazası yenidən qurulub". 

Milli. Az xəbər verir ki, APA-nın məlumatına görə, bunu "Mədəniyyət" qəzetinə müsahibəsində C.Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının direktoru Fariz Əhmədov deyib.

"Eyni vaxtda iki bədii, iki sənədli filmi çəkməyə imkan verən ən müasir avadanlıqlarımız var", deyə o bildirib.

Yeni layihələrdən bəhs edən direktor Mirsadıq Ağazadənin "Eviniz abad" adlı bədii filminin çəkiliş materiallarından "Köşk" adlı 5 seriyadan ibarət mini-serial hazırlandığını deyib: "Film noyabr ayına qədər yekunlaşacaq. Artıq serial səsləndirmə mərhələsindədir. Daha bir layihəmiz Bakı Media Mərkəzi ilə birgə hazırladığımız "Biz" adlı sənədli filmdir. Bu filmin layihəsi 44 günlük Vətən müharibəsi dönəmində öz telefonlarında videoçəkilişləri ilə trendə düşmüş insanlardır. Layihənin çəkilişləri sona çatıb. Rejissoru Orman Əliyev olan sənədli film montaj prosesindədir və noyabr ayınadək təhvil verməyi düşünürük. Elçin Musaoğlunun "Məryəm" filmi də istehsaldadır. İlin sonuna qədər bu film də təhvil veriləcək. Bundan əlavə, rejissor Vaqif Mustafayevə "Fəryad - 2" filminin ssenarisini sifariş etmişik və həmin filmin də istehsalı ilə bağlı Mədəniyyət Nazirliyi ilə danışıqlar gedir".