"İskəndərM" raketinin Şuşaya haradan atılmasını asanlıqla müəyyən etmək olar Ekspert


Siyasət 07 Apr 2021 19:03:00 121 0

"İskəndərM" raketinin Şuşaya haradan atılmasını asanlıqla müəyyən etmək olar  Ekspert

Rusiya prezidenti və administarasiyasının "İskəndər-M" raketinin qalıqlarının aşkarlanmasından bir həftə keçməsinə baxmayaraq, qadağan olunmuş bu silahın Ermənistana kim tərəfindən və nə vaxt verildiyinə dair susqunluğu Azərbaycan ictimaiyyəti tərəfindən narahatlıqla qarşılanır.

Son.az bildirir ki, bunu Trend-ə  hərbi ekspert Ədalət Verdiyev deyib.

Ə.Verdiyev bildirib ki, Rusiyanın Ermənistana silah ixrac etməsi heç kimə sirr deyil: "Lakin bu dəfə söhbət "İskəndər-M" raketindən gedir. Bu raketlər 1987-ci ildə SSRİ ilə ABŞ arasında imzalanan orta və yaxın mənzilli raketlərin ləğvinə dair müqavilə ilə nəinki ixrac edilə bilməzdi, əslində, hamısı məhv ediməli idi.

Digər konvensiyalar isə 300 km-dan uzaq mənzilli raketlərin ixracını qadağan edir. Buradan belə görünür ki, Rusiya ilə Ermənistan arasında hansısa qaranlıq bir əməkdaşlıq var".

Politoloq vurğulayıb ki, Şuşaya atılmış raketin haradan atılmasını qısa müddət ərzində müəyyən etmək olar: "Nüvə başlığı daşıya bilən raketin seriya və partiya nömrəsi, onun hansı tarixdə istehsal edildiyini və hansı raket briqadasının (alayının və ya divizionunun) silahlanmasında mövcud olduğunu bir neçə saat içində təyin etməyə imkan verir. Əgər raketlərin daşınması izlərini tapmaqda çətinlik çəkirlərsə, o zaman 2020-ci ilin iyulun 14-dən sonra Rusiyadan İrəvana intensiv uçan yük təyyarələrinə diqqət yetirsinlər.

Rusiya Müdafiə Nazirliyinin baş verənləri fərqli istiqamətə yönləndirmək üçün bəhanə fikirləşməsinə isə bir həftə yetərli olmalı idi. Azərbaycan üçün bu təyyarələrdə daşınan silah və sursatın tam assortimenti maraq doğurur. Təəssüf ki, Rusiya keçən 9 ay ərzində bu təchizatın tərkibi barədə rəsmi mövqe ortaya qoymayıb.

Bu raketin 50 km-dən yaxın hədəfə zərbə endirə bilməməsi isə raketin Ermənistan ərazisindən atılmasının göstəricisidir. Deməli KTMT üzvü olan bir ölkə Azərbaycana qarşı aşkar təcavüz edib. Bu da Kremlin açıqlama verməli olduğu digər bir mövzudur.

Bütün okeanlarda ballistik və qanadlı raket buraxılışlarını minlərlə kilometrdən izləyən Rusiya radiolokasiya sistemlərinin "burnunun ucundan" buraxılan "İskəndər-M" raketini görməməsi də inandırıcı deyil. Bütün bunları nəzərə alaraq Kreml, ən azından mehriban qonşuluq və sülhməramlı statusuna uyğun olaraq hadisələrə reaksiya verməlidir".