Türkiyədə COVID19la bağlı qadağalar yenidən sərtləşdirildi


Dünya 03 Apr 2021 10:24:00 132 0

Türkiyədə COVID19la bağlı qadağalar yenidən sərtləşdirildi

Bu gündən etibarən Türkiyədə COVID-19-la bağlı qadağalar yenidən sərtləşdirilir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu qadağalar çərçivəsində ölkənin 58 vilayətində həftəsonu "evdə qal" rejimi şənbə və bazar günləri tətbiq ediləcək. Belə ki, bu vilayətlər Türkiyənin COVID-19 xəritəsində yüksək risk qrupuna daxil olub. Bu şəhərlərdə "evdə qal" rejimi cümə günü 21:00-dan bazar ertəsi 05:00-dək davam edəcək.

Yüksək risk qrupuna daxil olan şəhərlər arasında paytaxt Ankara, Antalya, İstanbul, İzmir kimi böyük şəhərlər də var.

Türkiyənin Səhiyyə Nazirliyi tərəfindən açıqladığı son həftənin statistikasına əsasən, ölkənin 81 vilayətinin hər birində yoluxma saylarında artım var. Ən çox artım olan şəhərlər arasında İstanbul da yer alır. Ölkənin COVID-19 xəritəsində əvvəlcə narıncı rənglə göstərilən şəhər, sonradan qırmızı rənglə işarətlənərək üçüncü pik həddə çatıb. Artan xəstə sayı xəstəxanalara da öz təsirini göstərir.

Tibb müəssisələrinin COVID-19 bölmələrində sıxlıq müşahidə edilir. Mütəxəssislər bunu SARS-CoV-2 virusunun yeni variantının ölkə ərazisində yüksək sürətlə yayılması ilə izah edirlər.