Paşinyana müxalif siyasətçi ölkədən buraxılmır


Dünya 03 Apr 2021 10:19:00 127 0

Paşinyana müxalif siyasətçi ölkədən buraxılmır

Ermənistanın Xüsusi İstintaq Xidməti "Vətənin Xilası" hərəkatının koordinatoru və ARF "Daşnaksütyun" Partiyası Ali Qurumunun nümayəndəsi İşxan Saqatelyanın Ermənistanı üç günlük tərk etməsinə icazə verməyib.

Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə siyasətçi özünün feysbuk səhifəsində məlumat verib. Belə ki, Saqatelyana qarşı qanunsuz aksiya təşkil etmək ittihamı ilə cinayət işi başladılıb. Bu səbəbdən qabaqlayıcı tədbir olaraq ona ölkədən çıxmaq qadağan olunub.  Saqatelyan xaricdə partiya işi ilə əlaqəli əhəmiyyətli işlərinin olduğunu bildirərək istintaq orqanına müraciət etsə də rədd cavabı alıb. İstintaq orqanı qərarı Saqatelyanın davranışlarına nəzarət edə bilməyəcəkləri ilə əsaslandırıb.

"Məndə belə bir təəssürat yarandı ki, istintaq orqanı qərarı əsaslandırmağa və ya heç olmasa bir açıqlama verməyə belə çalışmayıb. Sasun Xaçatryan və onun kuklaları tərəfindən təmsil olunan Xüsusi İstintaq Xidməti, qanunsuz hərəkətlərə əl ataraq ruhi xəstələrin qanunsuz əmr və göstərişlərini icra etməyə davam edir",-deyə Saqatelyan qeyd edib.

Qeyd edək ki, İşxan Sagatelyan vaxtaşırı İstintaq Komitəsinə çağırılır. O aksiyaların qeyri-qanuni təşkilindən əlavə, baş nazir Nikol Paşinyan hakimiyyətini zorla dəyişdirməyə çağırmaqda da ittiham olunur. Saqatelyan isə bunu siyasi sifariş hesab edir və cinayət ittihamını qanunsuz hesab edir.