Qısqanclıqdan Hökümə Qurbanovanı boşadı, səhnədə başından aldığı zərbə ölümünə səbəb oldu


Kriminal 27 Mar 2021 09:14:00 164 0

Qısqanclıqdan Hökümə Qurbanovanı boşadı, səhnədə başından aldığı zərbə ölümünə səbəb oldu

Dünən Xalq artisti Ələsgər Ələkbərovun doğum günü idi. Son.az Kulis.az-a istinadən bu münasibətlə aktyor haqqında maraqlı faktları təqdim edir.

Ələsgər Ələkbərov 1910-cu il martın 26-da Bakının Buzovna kəndində anadan olub. Ailədə 3 qardaş, 4 bacı olublar. 8 yaşında Bakı Realnı Məktəbinin birinci sinfinə gedib. Elə ilk siniflərdən şeirə, ədəbiyyata, sənətə böyük marağı olduğundan həmyaşıdları onu "aktyor" deyə çağırıblar.

***

Ələsgər Ələkbərov atası rəhmətə gedəndən sonra təhsilini doqquz saylı məktəbdə davam etdirir. 13 yaşı olandan sonra artıq işləməyə başladığına görə, 23 saylı məktəbdə gecə dərslərinə getməklə təhsilini başa vurub. 14 yaşından Ələsgər Ələkbərov Əbilov adına klubun dram dərnəyinə getməyə başlayır. Anası onun bu istəyinə qətiyyətlə etiraz etsə də Ələsgər fikrindən dönmür.

Aktrisa Hökümə Qurbanova ilə qonşu olublar. Aktyor Höküməni görən gündən ona vurulub. Anasını onlara elçi göndərib. Deyilənə görə guya o, özü də bu elçilikdə iştirak edib. Lakin, Hökümə xanımın anası elçilərə yox cavabı verərək deyir: "Sizin oğlunuz camaatın qabağına çıxıb mütrüflük edir, mən ona qızımı verə bilmərəm" söyləyir... İkinci elçilik də məyusluqla nəticələnir. Hökümə Qurbanova isə o biri otaqda ağlayıb deyirmiş: "Əgər məni Ələsgərə verməsəniz, kerosini üstümə töküb özümü yandıracağam..." Sonda razılıq alınır. 1933-cü ildə ailə qururlar. Nailə adlı bir qızları doğulur. Bir neçə ildən sonra isə cütlük qısqanclıq səbəbi ilə ayrılır.

Ayrılandan sonra hər iki sənətkar uzun illər bir-biriylə küsülü qalıblar. Yalnız "Qış nağılı" tamaşasında Hökümə Qurbanovanın bir neçə dəqiqə tərpənmədən buza donmuş heykəl kimi dayanan obrazını görəndə Ələsgər Ələkbərov tamaşadan sonra Hökümə Qurbanovaya yaxınlaşıb "sənətkarlığın, aktyorluğun qarşısında baş əyirəm" - deyir. Beləcə neçə illik küsülülüyə son qoyulur və iki sənətkar barışır.

Ələsgər Ələkbərovun ikinci evliliyi Zoya adlı yəhudi qadınla, üçüncü evliliyi isə Janna adlı tatar qadınla baş tutur. İkinci evlilikdən aktyorun Ramiz adlı övladı doğulur.

***

Adil İsgəndərovun görüb bəyənib, rol verdiyi ilk milli kadrlardan biri Ələsgər Ələkbərov olub. "Otello" tamaşasındakı Otello obrazını da Ələsgərə Adil İsgəndərov tapşırıb.

1959-cu ildə Moskvada keçirilən ongünlükdə Azərbaycandan gəlmiş incəsənət xadimlərinə ittifaq səviyyəli fəxri adlar verilir. Akademik Dram Teatrının payına düşən fəxri ada isə Ələsgər Ələkbərov layiq görülməli olsa da, həmin ad ona deyil, dostu və rejissoru Adil İsgəndərova verilir. Bu hadisə Ələsgər Ələkbərova bərk toxunur və o, qəlbindəki incikliyi dəf edə bilmir. Bakıya qayıdandan sonra teatrdan çıxmaq barədə ərizə yazaraq işdən çıxır. Sonralar hər ikisi etiraf edirlər ki, onların küskünlüyü Azərbaycan teatrı üçün baha başa gəlir.

***

Sənət dostlarının söhbətlərinə görə, onların arasında inciklik hələ "Vaqif" tamaşasından əvvəl də varmış Hətta Adil İsgəndərov küsülü olsalar da Vaqif rolunu Ələsgər Ələkbərova verəndə teatrda hamı bunu təəccüblə qarşılayıb. Onların təəccüb dolu baxışlarına Adil İsgəndərov bir kəlmə ilə - qadam, mən ondan başqa Vaqif görmürəm - deyə cavab verib. Bu tamaşadan sonra məşhurlaşan Ələsgər Ələkbərov düşmən olduğu Adil İsgəndərov haqqında "On sozdal menya" deyirmiş. Bir müddət sonra Adil İsgəndərov da teatrdan gedir. 1960-cı ilin sonunda Ələsgər Ələkbərov teatra qayıdıb və o, sonralar "İsgəndərovsuz teatr həmin teatr deyil" deyərək öz fikrini və təəssüfünü hər yerdə bildirib.

Sənət yoldaşı Leyla Bədirbəyli öz xatirələrində Ələsgər Ələkbərov haqqında yazır: "Bir qüdrətli sənətkar kimi ona qarşı çox haqsızlıqlar olmuşdu. Son vaxtlar xəstələnmişdi, tez-tez ürəyindən şikayət edirdi. Təəssüf ki, buna inanan çox az idi. Axşam "Alov" tamaşası olmalı idi. Tamaşaya iki saat qalmış xəbər gəldi ki, Ələsgər xəstələnib, həkimlər yataqdan qalxmağa icazə vermirlər. Teatra getdim, hamı həyəcan keçirirdi. Əlbəttə, hamıdan çox rejissor Mehdi Məmmədov narahat idi. Biletlər satılmışdı, tamaşanı təxirə salmaq olmazdı. Tamaşa başlandı. Kamalov rolunu Mehdi Məmmədov özü ifa etdi. Evə çatan kimi ona zəng vurdum. "Xəstədir, yataqdadır" - cavabını verdilər. Görünür, mənim zəng vurduğumu eşidib, dəstəyi aldı, ani sükutdan sonra zəif səsini eşitdim.