Martın 26da İvanovoda açılan bayram süfrələri


Digərləri 26 Mar 2021 17:52:00 137 0

Martın 26da İvanovoda açılan bayram süfrələri

Dörd qitədən olan şagirdlər azərbaycan nemətlərinin adlarını əzbərləmişdilər

Rusiyanın mərkəzində İvanovo adlı  çox tanınmış gözəl şəhər var. O Sovet dönəmində dünyanın toxuculuq mərkəzlərindən biri kimi tanınırdı. Amma daha çox 70-dən yuxarı ölkənin inqilabçılarının, mütərəqqi fikirli insanlarının minlərlə övladının burada təhsil almasına görə diqqəti çəkirdi. Keçmiş şagirdlərin hamısının xatirələrində  İnternat doğma yurd kimi qalıb. Görkəmli inqilab, partiya və dövlət xadimi Yelena Stasovanın yüksək təşkilatçılığı, qayğıkeşliyi sayəsində dövr üçün misli görünməyən təlim-tərbiyə ocağı yaradılmışdı. Müxtəlif ölkələrin mübariz insanları övladlarının orada oxumasından qürur duyur, arxayıncasına, nigaranlıq çəkmədən işlərini davam etdirirdilər.

1940-cı ilədək xaricdən gələnlər arasında sayca ispanlar üstünlük təşkil edirdilər. Onlar beynəlxalq təcavüz nəticəsində məğlub olan vətənpərvər qüvvələrin ölümdən, təqiblərdən yayındırılan oğlan və qızları idilər. İkinci dünya müharibəsi başa çatdıqdan sonra Azərbaycan Demokrat Firqəsinin rəhbərliyi altında 21 Azər hərəkatının qələbəsinə imza atanların- firqəçilərin, fədailərin, fəalların mühacirət etmə məcburiyyətində qalan ailələri də həmin məktəbə evladlarını tərəddüd etmədən göndərdilər. Onlar sayca sovet dönəmində digər qitələrdən və ölkələrdən gələnlərə nisbətdə üstünlük təşkil edirdilər. Üçüncülülük isə "qara polkovniklər"in çevrilişindən, edam və təqiblərindən yaxa qurtarmaq üçün SSRİ-yə pənah gətirən yunanların uşaqlarına məxsus idi. Beynəlxalq İnternat Evi (İnterdom) müdavimlərin hər biri üçün isti yurd-yuva oldu.

Təhsil ocağında bəşəri insanların yetişdirilməsi heç də hamı tərəfindən alqışlanmırdı. İmperialist dairələr yaxşı bilirdilər ki, səmimiyyət olan yerdə onların yeri yoxdur. 1991-ci ildən baş verən proseslər buradan da yan keçmədi. Bəşəri dəyərlərə meydan oxuyanların  Rusiyada da hakimiyyət başına gəlməsi ilə təlim-tərbiyə müəssisəsinin təyinatı dəyişdi. Ona qarşı əvvəlki maraqlardan getdikcə əsər-əlamət qalmadı. Şahmat üzrə eks-dünya çempionu Anatoli Karpov Dumada həyəcan təbili çaldı: "İvanovo İnternat Evinə əvvəlki statusu qaytarılmalıdır"(İnterdom.info saytı, 05.07.2011).

Deyə bilmərəm hörmətli qrossmeyster internat evini nə dərəcədə tanıyır. Məlum həqiqətdir ki, keçmiş ittifaqı dağıtmağın Amerika və Qərb ssenarilərində xalqlar arasında düşmənçiliyin genişləndirilməsi, münaqişə ocaqlarının yayılması əsas istiqamətlərdən olduğundan belə müəssisələr də hədəfdə dayanırdı. M. Qorbaçov və B.Yeltsin dönəmlərində bunun üçün nə lazım gəldi etdilər. Hədəflər sırasında  İvanovodakı məktəbin təməlinin sarsıldılması da dayanırdı.

Söhbətdən yayınmayaq. Məktəbin ilkin təyinatından demək olar əsər-əlamət qalmayıb, amma bir neçə nəsil var ki, onların simasında dostluq, mehribanlıq indiyədək yaşamaqdadır. Bir parta arxasında əyləşən gənclər haradan gəldiklərinin fərqinə varmadan ailə qurublar, məktəb yoldaşları ilə əlaqələri itirməyiblər. Azərbaycandan da misallar gətirə bilərik. Məktəb məzunlarını 10 ildən yuxarıdır bir araya gətirən beynəlxalq təşkilat fəaliyyət göstərir. Keçmiş sinif yoldaşları 2010-cu ildən bəri 54 beynəlxalq konfrans düzənləyiblər-Bolqarıstanda, Yunanıstanda, Çində, Almaniyada, Ekvadorda, Keniyada, Portuqaliyada... İnternatın özü konfransların üçünə ev sahibliyi edib. Biri isə Bakıda(2014) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qayğısı ilə yüksək səviyyədə keçirilib.

Konfrans üçün paytaxtın Xəzər dənizi sahilindəki beş ulduzlu otel ayrılmışdı. Həmin gün gördüklərim, eşitdiklərim sanki məni sehirli aləmə qovuşdurmuşdu. Bunu mütləq deməliyəm ki, konfransda iştiraka və unudulmaz təssürata görə  Bəhram Daneşianiyə özümü borclu sayıram. O, Azərbaycan Demokrat Firqəsinə uzun ilər rəhbərlik etmiş, general Qulam Yəhya Danişianinin həmin məktəbdə təhsil almış övladlarının böyüyüdür.

İştirakçıları salamlayanlardan biri 90 yaşlı braziliyalı qadının kövrək təbrikləri hamıya təsirsiz qalmadı. Ən maraqlı lövhələrdən biri isə Bəhramın tanış etdiyi keniyalı qadının sorğusu oldu: "Hər il martın 26-da Bakıdan məktəbimizə bolluca şəkərbura, paxlava göndərərdilər. Elə dadlı idi ki, istəyirdik hər gün martın 26-sı olsun". Cavab verdim ki, həmin nemətləri fərdlər yox, mənim də mənsub olduğum Azərbaycan Demokrat Firqəsi yollayıb. Bu təşkilatın uzun illər rəhbərlərindən biri Bəhramın atası olub.