Slovakiyanın Baş naziri istefa verməyə hazır olduğunu elan edib


Dünya 22 Mar 2021 19:34:00 153 0

Slovakiyanın Baş naziri istefa verməyə hazır olduğunu elan edib

Slovakiyanın Baş naziri, mühafizəkar "Adi insanlar və müstəqil şəxsiyyətlər" (OľaNO) partiyasının rəhbəri İqor Matoviç ölkədə siyasi sabitliyin qorunması naminə tutduğu vəzifədən istefa verməyə hazır olduğunu elan edib. Baş nazir bildirib ki, hazırkı gərgin vəziyyəti nizamlamaq üçün baş nazir postundan geri çəkilməyə və hökumətin tərkibində adi üzv kimi fəaliyyətini davam etdirməyə hazırdır və vurğulayıb ki, hökumətdə təmsil olunan tərəfdaş siyasi qüvvələr "Sputnik V" peyvəndinin alışını koalisiya daxilində böhran yaratmaq üçün sui-istifadə ediblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Baş nazir bu sözləri ilə Rusiya istehsalı "Sputnik V" peyvəndinin alışı ilə bağlı hökumət daxilində yaranmış böhran və koalisiyalı hökumətdə təmsil olunan iki partiyanın onun istefa verməsi tələbinə cavab olaraq bildirib. İ.Matoviç vəzifəsindən getməsi üçün şərtini də açıqlayıb və bəyan edib ki, onun istefa verəcəyi təqdirdə Baş nazirin müavini, sağçı-liberal "Azadlıq və Həmrəylik" partiyasının sədri Rixard Sulik, ədliyyə naziri Mariya Kolikova və parlament sədrinin müavini Yuray Seliqa (hər ikisi "İsanlar naminə" partiyası) da tutduqları vəzifədən imtina etməlidir. Baş nazir həmçinin qeyd edib ki, yeni ədliyyə naziri Robert Fitso və Peter Pelleqrini hökumətləri ilə heç bir siyasi əlaqəsi olmayan peşəkar mütəxəssislər arasından təyin edilməlidir.

Qeyd edilməlidir ki, dörd partiyadan ibarət koalisiyanın iki üzvü - "Azadlıq və Həmrəylik" və "İnsanlar naminə" (Za ľudí) partiyaları peyvənd qalmaqalı ilə əlaqədar hökumət rəhbərinin martın 24-dək istefasını tələb edirlər. Bu gərginlik çərçivəsində artıq səhiyyə naziri Marek Krayçi vəzifəsindən istefa verib.