Özündən 12 yaş böyük qadınla evlənən, rolsuz qaldığına görə içkiyə qurşanan “Qurd Cəbrayıl”


Kriminal 21 Mar 2021 12:22:00 171 0

Özündən 12 yaş böyük qadınla evlənən, rolsuz qaldığına görə içkiyə qurşanan “Qurd Cəbrayıl”

Son.az Kulis.az-a istinadən Xalq artisti Yusif Vəliyev haqqında maraqlı faktları təqdim edir.

Yusif Abdulla oğlu Vəliyev 22 mart 1917-ci ildə Dərbənddə doğulub. Bakı Teatr Texnikumunda təhsil alıb. Tələbəlik illərində Milli Dram Teatrının tamaşalarında kütləvi səhnələrə, sözsüz rollara çıxıb. Eyni zamanda Yəhudi Dövlət Dram Teatrında işləyib. Dili bilməyə-bilməyə sözləri əzbərləyərək bir neçə rol oynayıb. Texnikumu bitirəndə yenicə açılan Şəki Dövlət Dram Teatrına işləməyə göndərilib.

***

Teatr bağlananadək, yəni 1949-cu ilədək burada aktyorluq edən Yusif Vəliyev teatrın ən öncül sənətkarlarından biri olub. O, teatrda "Hacı Qəmbər", "Hacı Qara", "Molla İbrahimxəlil kimyagər", "Xoşbəxtlər", "Almaz", "Aydın", "Oqtay Eloğlu", "Od gəlini", "Sevil", "Solğun çiçəklər" tamaşalarında aparıcı rollar ifa edib.

1949-cu ilin yazında Bakıya gələn Yusif Vəliyev çox az müddət Rus Dram Teatrında aktyorluq edib. Ancaq əsas yaradıcılığı 1949-cu ilin axırlarından ömrünün sonunadək Gənc Tamaşaçılar Teatrı ilə bağlı olub. Burada bir-birindən fərqlənən, estetik baxımdan cazibəli, sənətkarlıq cəhətdən kamil fəlsəfi-psixoloji, dramatik, romantik, faciə və həm realist, həm satirik, həm də qrotesk komediya rollarını məharətlə ifa edib.

***

Yusif Vəliyev Gənc Tamaşaçılar Teatrının rus bölməsində hazırlanan Mixail Şatrovun "İnqilab naminə" pyesinin tamaşasında Lenin rolunu ifa edib. Onun ifası sənətkarlıq baxımından rus həmkarlarının oyunlarından daha canlı və real alınıb.

*** Yusif Vəliyev "Azərbaycanfilm"in kinolarında epizodik rollar oynasa da, çox maraqlı, yadda qalan xarakterlər yaradıb. O, "Sən nə üçün yaşayırsan?", "Nəsimi", "Qatır Məmməd", "Tütək səsi", "Arxadan vurulan zərbə", "Uşaqlığın son gecəsi", "Bir cənub şəhərində" filmlərində çəkilib.

Aktyor üç dəfə ailə həyatı qurub. İlk dəfə evlənəndə aktyorun 20 yaşı olub. O, Şəki teatrında işləyərkən özündən on iki yaş böyük olan geyim ustası Rəbiyyə adlı qadınla evlənib. Ancaq onların rəsmi nikahı olmayıb. Sonralar Rəbiyyə xanım beyin qansızması keçirir və yatağa düşür. Birinci evliliyindən aktyorun Naira və Natəvan adlı qızları var idi. Aktyorun ikinci evliliyi də uğursuz olandan sonra o, 1965-ci ildə Gənc Tamaşaçılar Teatrına işləməyə gələn özündən 24 yaş kiçik aktrisa Zemfira Sadıqova ilə tanış olur. Həyat yoldaşından ayrılan Zemfira xanım Yusifin evli olduğunu biləndə onunla münasibəti kəsir və İrəvan teatrına işləməyə gedir. Lakin, Yusif rejissor Şamil Mahmudbəyov vasitəsilə onu geri qaytarmağa nail olur. Şamil Mahmudbəyov onu "Torpaq, dəniz, od, səma" filminə çəkilməyə dəvət edir, aktrisa da razılıq verir. Amma o, geri qayıdandan sonra Yusif Vəliyev onu heç yerə buraxmır. Onlar ailə qururlar. Bu evlilikdən qızları Bahar dünyaya gəlir.

***

Yusif Vəliyev və Adil İsgəndərovun yaxşı yoldaşlığı olub. Lakin, sonradan onların münasibətləri soyuqlaşıb, hətta bir-birlərini danışdırmayıblar. Ancaq aktyorun xanımı Zemfira Sadıqovanın sözlərinə görə "Axırıncı aşırım" filmində Həsən Seyidbəyli səsləndirməni Adil müəllimə tapşıranda, o deyir ki, - Həsən, sən komediya çəkirsən? Mənim səsimlə Kərbəlayi olmaz axı. Get, Yusif Vəliyevi çağır, o gəlib səsləndirsin. Yusif Vəliyevə bu xəbər çatanda o, Adil İsgəndərola küsülü olsa belə, gəlib həmin rolu səsləndirir.

Zemfira Sadıqovanın sözlərinə görə Adil İsgəndərovla Yusif Vəliyevin münasibətlərinin pozulmasına səbəb aktrisanın özü ilə bağlı bir problem səbəb olub: "Bir dəfə kinostudiyada bir balaca insident olmuşdu. Mənə qarşı bir nəfər özünü lazımı səviyyədə aparmamışdı, Yusif onu döymüşdü. Bunu Adil müəllim də eşitmişdi. Biləndən sonra iş nə yerdədir, o adamı oradan çıxardı. Adil müəllimə bizim haqqımızda yalandan çox sözlər çatdırmışdılar. Məni çağırdı. Mən də pasportumu götürüb getdim yanına. Dedim, kim nə deyir bilmirəm, amma baxın, biz evlənmişik. Heç kəs başa düşə bilmirdi ki, belə cavan, gözəl xanım 47 yaşlı kişiyə ərə gedir. Başa düşmürdülər, deyirdilər bunun nəyinə gedib? Bir dənə evi var idi, 3 otaqlı. Vəssalam. Mən də anamın evində yaşayırdım. Sonra birinci arvadı rəhmətə gedəndən sonra evi dəyişdirib birotaqlı ev aldıq, qızları da artıq evlənmişdilər. Sonradan Yusifə 9-cu mikrorayonda, 9-cu mərtəbədən ev verdilər. Heç fikirləşmədilər ki, ürəyi xəstə olan adama bu mərtəbəni vermək olar, ya yox. Yusif o zamankı mədəniyyət nazirinin yanına getmişdi. İstəyirdik ki, bir az aşağı mərtəbədən versinlər. Nazir Yusif kimi nəhəng aktyoru tanımamışdı.

***