Bu sərəncam Prezident İlham Əliyevin humanizm siyasətinin bariz nümunəsidir


Siyasət 19 Mar 2021 01:14:00 152 0

Bu sərəncam Prezident İlham Əliyevin humanizm siyasətinin bariz nümunəsidir

"Azərbaycanda insan hüquq və azadlıqlarına hörmət Heydər Əliyev tərəfindən qoyulub"

"Azərbaycan Respublikasının Konstitusiyasının 54-cü maddəsində insan hüquq və azadlıqlarının qorunması öz əksini tapıb. Ümumiyyətlə, 1995-ci il noyabrın 12-də qəbul olunmuş Konstitusiyamızda əksini tapan maddələrin üçdə bir hissəsi insan hüquqlarının qorunmasına və müdafiəsinə xidmət edir. Heydər Əliyevin idarəçiliyi zamanından başlayaraq ölkəmizdə insan hüquqlarının müdafiəsi, qanunların aliliyinin qorunması məsələsi dövlətçilik fəaliyyətinin prioritet sahələrindən birinə çevirildi"

Bunu Son.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Politoloq bildirib ki, bu sərəncam da ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu humanizm siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyinin növbəti bariz nümunəsidir:

"Azərbaycanda insan hüquq və azadlıqlarına hörmət Heydər Əliyev tərəfindən qoyulub. Belə ki, məhz ümummilli liderin səyi ilə 1993-cü ildən ölüm hökmü cəzası üzərində moratorium qoyuldu, 1998-ci ildə isə bu cəza tamamilə ləğv olundu. Ölüm hökmünün ləğvi, şübhəsiz, insan hüquq və azadlıqlarına, insanın yaşamaq hüququna necə yüksək dəyər verildiyinin əyani təzahürüdür. 

İnsan hüquq və azadlıqlarının qorunmasını ali vəzifə kimi qarşıya qoyan H.Əliyev tərəfindən atılan humanist addımlar Prezident İlham Əliyev tərəfindən bu gün də davam etdirilir. Belə ki, 18 mart tarixində sərəncamla məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Prezidentə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzaladı.

Ölkə başçısımız hər zaman ali humanistlik, qayğıkeşlik nümunəsi göstərərək əfv sərəncamları imzalayır. Bu sərəncam da H.Əliyevin əsasını qoyduğu humanizm siyasətinin İlham Əliyev tərəfindən uğurla davam etdirildiyinin növbəti bariz nümunəsidir. Bayram günlərində neçə-neçə insana azadlıq, ailələrə sevinc bəxş edən bu addım İlham Əliyev tərəfindən atılmış humanist addım olmaqla yanaşı, eyni zamanda dövlət siyasətinin əsasını insan amilinin təşkil etdiyi faktını yenidən sübut etdi.

Sonuncu əfv sərəncamı da Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilmişdi. Bu cür addımlar həm ölkə başçımızın, həm də M.Əliyevanın öz fəaliyyətlərində humanizm prinsiplərini hər zaman prioritet tutmalarının növbəti bariz nümunəsidir".

Təhməz Əsədov