Savaş köpəklərinin ovu başlandı:


Siyasət 18 Mar 2021 16:34:00 127 0

Savaş köpəklərinin ovu başlandı:

İkinci Qarabağ və ya Vətən Müharibəsində düşmən sıralarında yüzlərlə, minlərlə muzdlu vardı. Onlar düyanın ən müxtəlif ölkələrindən Qarabağa axışaraq çirkab təki, lil təki, leşmə təki doluşmuşdular Vətən torpaqlarına. Məqsədləri işğala son qoymaqda qətiyyətli olan Azərbaycan əsgərini öldürməkdi.

Beynəlxalq hüququn "savaş köpəkləri" kimi təsnif etdiyi muzdluları Ermənistanın hakimiyyət dairələri, mediası və sosial şəbəkələri əvvəlcə vətənpərvərlər, sonra Ermənistan vətəndaşları, axırda da könüllülər kimi qələmə verdilər. Halbuki bu adamların hər biri konkret və dəqiq səciyyələndirilən hərbi cinayətlər işləmiş insanlardır.

Üçüncü ölkə vətəndaşlarının Qarabağda Azərbaycanın silahlı qüvvələrinə qarşı vuruşmaları ilə bağlı rəsmi Bakının mövqeyi bəllidir. Ölkəmiz bir sıra dövlətlərin hüquq-mühafizə orqanlarına müraciət edərək İkinci Qarabağ Müharibəsində muzdlular kimi döyüşmüş şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib.

Proseslər Qərb mediasında da əks olunur. Məsələn, Fransanın "General de Europe" jurnalında dərc edilmiş məlumata görə, rəsmi Paris ölkə vətəndaşlarının Qarabağdakı dyöüşlərdə iştirakı ilə bağlı faktların təhqiqatına başlayıb.

Dünyanın heç bir ölkəsi vətəndaşlarının başqa dövlətin ərazisində hərbi əməliyyatlarda iştirakını normal və ya yolverilən olay hesab etmir.

Ermənistan muzdlularla bağlı hazırda anormal mövqe tutsa da, ermənilərin başqa dövlətə yollanaraq savaşa qatılmalarına rəsmi İrəvan çətin ki, indifferent və ya tolerant münasibət göstərəydi. Çünki bu, İrəvan üçün ciddi siyasi-diplomatik problemlər yarada bilərdi.

Fəqət, dünyanın müxtəlif ölkələrindəki erməni diasporunun nümayəndələri və İrəvandakı hakimiyyət mənsubları situasiyanı tam yanlış qələmə verməyə, cinayətlərini "tam adi hadisə" kimi interpretasiya etməyə çalışırlar.

"Onların yalnız xalqının vətəpərvər övladları olduqları üçün bu adamlara qarşı iddialar irəli sürmək mənəviyyatsız olmaqla yanaşı, mənasızdır. Axı bu və digər vətəndaşın ölkə sərhədlərindən kənarda hərbi əməliyyatlarda iştirakını sübut etmək faktiki olaraq mümkün deyil. Ona görə də hüquq-mühafizə orqanları belə vəziyyətlərdə anlamlı davranırlar. Vətəndaşlarının ölkə sərhədlərindən kənarda hərbi əməliyyatlarda iştirakın kriminal əməl sayıldığı dövlətlərdə belə, sözügedən halla bağlı çox nadir hallarda cinayət işi qaldırılır, istintaq aparılır. Səbəb, sadəcə, siyasi və hüquqi yox, həm də humanitar məqamlarla bağlıdır. Bir qayda olaraq, cəmiyyət elə şəxsləri anlayır, onlara rəğbət bəsləyir", - "Sputnik Armeniya"nın kolumnisti Artyom Yerkanyan yazıb.

Müəllif bilərəkdən manipulyasiya edir, beynəlxalq hüququ bisavadcasına "təhlil"ə uğradır və Ermənistan Silahlı Qüvvələrinin tərkibində muzdlulara haqq qazandırmağa çalışaraq həyasızlıqla yalan yazır.

Əvvəla, etnik ermənilərin Qarabağdakı 44 günlük savaşda iştirakı beynəlxalq hüququn bütün norma və prinsiplərinə, xüsusilə də "Muzdluların cəlb olunması və istifadəsi ilə mübarizə haqqında" beynəlxalq konvensiyaya ziddir.

Rəsmi İrəvan bəyan edir ki, həmin şəxslər muzdlular deyil, ermənilərdir.

Qarabağda vuruşmuş muzdluların tam əksəriyyəti ermənilər idi, doğrudur. Lakin bu ermənilər 19 ölkənin vətəndaşı olan şəxslər idilər və onların milli mənsubluğu da hüquqi məsuliyyət baxımından heç bir rol oynamır.

Necə ki, Britaniya, İran və ya Rusiya vətəndaşı olan azərbaycanlı Azərbaycan Müdafiə Nazirliyinin hərbi hissələrinin birinin tərkibində savaşa qatılsaydı, muzdlu sayılacaqdı.

Ermənistanda isə savaş günlərində əsl "muzdlu konveyeri" işə salınmışdı. AFP, Reuters, RT, France Press, BBC, CNN, Al Jazeera və s. media strukturlarının reportyorlarının İrəvanda muzdluların səfəbərlik, hazırlıq və yollanış məntəqələrindən hazırladığı reportajlar var. Həmin reportajlarda ən müxtəlif ölkələrin vətəndaşları olan şəxslər Ermənistan Müdafiə Nazirliyinin onları hərbi hissələr üzrə böldüklərini, maaş aldıqlarını, amunisiya, silah və s. ilə təmin olunduqlarını, Qarabağa göndəriləcəklərini aşkarcasına, çəkinmədən etiraf ediblər.

Ermənistan prezidenti Armen Sarkisyan Al Jazeera telekanalına verdiyi müsahibəsində də "maraqlı" etiraf etmişdi: "Bəli, xarici ölkə vətəndaşları olan etnik ermənilər hərbi əməliyyatlarda iştirak edirlər. Bu, tam təbii məsələdir, çünki ermənilərdə Vətənin müdafiəsi ilə bağlı məsuliyyət hissi var".

Rusiya Ermənilər İttifaqının sədri Ara Abramyan savaş günlərində bəyan etmişdi: "20 min erməni döyüşmək üçün Rusiyadan Qarabağa yollanmağa hazırdır".

Halbuki Rusiya CM-nin 208-ci maddəsi muzdluluğa görə 5 ilədək həbsi nəzərdə tutur.

"Hayastan" Ümumerməni Fondunun Ermənistana "humanitar yardım" qismində yolladığı pulların əksəriyyətinin də silah, sursat və hərbi texnika alınmasına, sonra da alınan vasitələrin Qarabağa, döyüşlərə göndərildiyini Ermənistanda indiyədək məmurların, generalların və siyasətçilərin az qala hamısı söyləyiblər.

Qarabağdakı döyüşlərə qatılmaq üçün muzdluların axışdığı ölkələr arasında Avropa, ABŞ, Kanada və Yaxın Şərq dövlətləri ilə yanaşı, Avstraliya, Meksika və Braziliya da var.

Ermənistan rəhbərliyi muzdlluların savaşda iştirakını "qanuniləşdirmək" məqsədilə onların hər birinin yaşadığı dövlətlə bahəm, Ermənistan pasportu da daşıdıqlarını, ikili vətəndaşlığa malik olduqlarını bəyan edir.

Ermənistan pasportu olmayanlardan, sən demə, arxa cəbhədə "istifadə olunub".

Bu da məsuliyyətdən yayınmağın ən primitiv yoludur, çünki Qarabağdakı döyüşlərdə iştirak etmiş muzdlular Qarabağda çəkdikləri fotoları, videoları, ən başlıcası isə selfilərini sosial şəbəkələrdəki profillərində paylaşıblar. Onlar eqosentrizmə qapılaraq müsahibələr də veriblər.

Məsələn, Fransa vətəndaşı Artur Ohanisyan Rusiyanın "Novaya qazeta"sına müsahibəsində Qarabağda döyüşən "qardaşlarından" bəhs edib.

Fransa vətəndaşı olan Sipan Muradyan isə "France24"ə müsahibəsində döyüşlərdə iştirakından fəxrlə danışmışdı.

Ermənilərin ASALA terror təşkilatının üzvü olan Jilber Minasyan da muzdlular arasında olub: Gürcüstanın Samstxe-Cavaxetiya bölgəsinin sakini Vaahn Çaxalyan da var.

Fransa vətəndaşı Artur Ohanesyan, İran vətəndaşı Harmik Ovsepyan, ABŞ vətəndaşı Aruşan Badasyan da muzdlular arasında olublar və onların cinayətləri sübut edilib.

Muzdluların "hamısının etnik erməni olması" ilə bağlı İrəvanın iddiaları da ağ yalandır.

Məsələn, "Paris zuavları" bandasının rəhbərt Mark de Kokerey-Valmenye; Livan vətəndaşı olan 11 ərəb, 4 druz və 3 maronit; Suriya vətəndaşları olan ərəblər, ermənilər assuriyalılar və kürdlər; Suriyadakı terrorçu YPG qruplaşmasının tərkibindəki "Nubar Ozanyan dəstəsi"nin mənsubları; Yunanıstan vətəndaşı olan 38 yunan və s. kimi.

Ermənilər İkinci Qarabağ Müharibəsi günlərində sosial şəbəkələrdə yazırdılar ki, muzdluların hər birinə ayda 1500 dollar maaş verilir.

Pullar, təbii ki, Ermənistan Müdafiə Nazirliyinin hesablarından silinirdi.

... Yüzlərlə, minlərlə "savaş köpəyi" Qarabağda əsgərlərimizi hədəfə almışdılar. Onların tam əksəriyyəti savaş meydanından qaçaraq fərarilik etdilər, yerdə qalanlarsa... elə yerdə qaldılar.

Leş kimi...

Elçin Alıoğlu Son.az