Şəhid xanımı: "Bu sözlər mənə bir ox kimi dəydi. Elə pis oldum ki" FOTO


Digərləri 18 Mar 2021 10:36:13 152 0

Şəhid xanımı: "Bu sözlər mənə bir ox kimi dəydi. Elə pis oldum ki"  FOTO

Ödədiyim pul və "yoldaşınız pulu ödəyib, qızım" yazılmış bir kağız parçasını görəndə dünyam yenidən yıxıldı.

Son.az Vətən Müharibəsində şəhid olmuş Fariz Həsənovun həyat yoldaşı Əzizə Həsənovanın sosial şəbəkədə paylaşdığı yazını təqdim edir:

"Farizimin yeri hər yerdə qəlbimi sarsıda-sarsıda görünür... Bu gün evdə bəzi görülməsi lazım olan işlər var idi. Bunun üçün də lazım olan avadanlığı almaq üçün xırdavat mağazasına getməli oldum. Ora da ən çox kişilər gedir axı, qadınlar iki halda gedir ora - ya yoldaşı ilə nə isə seçmək üçün gedir, ya da mənim kimi çarəsiz halda, evin kişisi də, qadını da mənəm deyib, məcbur olur kişi işlərini görmək üçün lazım olan əşyaları gedib alsın.

Nə isə, getdim mağazaya, qapını açdım içəri daxil oldum. İçəridə bir yaşlı qadın var idi, yoldaşı ilə işıqlara baxırdılar, seçirdilər.

Qalanları kişilər idi. Hərə bir ustayla gəlib, siyahı gətirib, nə lazımdı deyirlər satıcıya oda təşkil edir. Satıcı da 60 yaşlarında ağsaqqal  bir dayı idi. Yanında da köməkçisi, 18-20 yaş aralığında bir oğlan uşağı idi. Nə isə, növbə mənə çatdı. "Buyur, qızım nə lazımdı?" deyə satıcı dayı məndən soruşdu. "Dayı, mənə evdə iş görmək üçün bəzi alətlər lazımdı" dedim. Və davam elədim: "Çəkic, silikon kley tapançası ilə, kəlbətin, mismar və s."  Lazım olanları dedim.

Dayı onları yığdıqca üzümə baxırdı.

Diqqətlə, nəsə məyus bir formada. Ödənişin nə qədər edəcəyini soruşdum, məbləği dedi. Rulu ödəyəndən sonra dayı mənə dedi: "Qızım, olar sənə bir sual verim?". Dedim "buyur, dayı".       "Bunları nə üçün alırsan, mismarın ölçüsü olur, silikon kley verdim sənə, amma nə yapışdırmaq üçün lazımdı? Yəqin evdə yoldaşın iş görür, o bilər mismarın ölçüsünü filan. Yəni ona görə deyirəm ki, səhv olmasın, əziyyət çəkib geri qaytarma bir də. Zəng vur, soruş. Mən də bilim sənə nə verirəm, qızım" deyə dayı məni vadar edirdi ki, zəng vurum bu dünyada olmayan yoldaşıma.

Nə edim, necə deyim ona ki, mənim yoldaşım bu dünyada deyil, ağsaqqal, evin kişisi də qadını da özüməm, yoxsa mən nə gəzirdim burda?

Qürurum imkan vermədi ki, ona deyim yoldaşım yoxdu, Şəhid olub, bütün öhdəlikləri mənim çiyinlərimə buraxıb, bütün işi özüm görürəm. Yalandan telefonu qulağıma tutdum, guya ki, zəng edib soruşuram. Yaxşı ki, mismarın ölçüsünü falan o anda yadıma sala bildim. Dayı, sən demə, hiss edibmiş, tanıyıbmış məni, amma biruzə vermirmiş.

Xülasə, bu dünyada olmayan Farizimlə yalançı danışığımı  bitirdim.

Dedim "dayı, 50-lik mismar lazımdı, kley də aboyun qıraqlarını yapışdırmaq üçün..." Dayı başa düşdüyünü işarə edib gedib dediyimə uyğun gətirdi lazım olanları. Çıxanda gördüm dayı nəsə bir telefonuna baxır, bir mənə. Ağsaqqalın gözləri dolub. Dedi "bala, bir dəqiqə gözlə". Gözlədim. "Nəsə özünü pis hiss etdiyini hiss elədim..."

"Yaxşısız, dayı? " deyə sual verdim...

"Yaxşıyam narahat olma, qızım" dedi... Əlini atdı kassaya, ödədiyim pulu geri qaytardı mənə.

"Bu nə deməkdir, dayı?! Niyə qaytardınız mənə pulu?"  deyə sual verdim.

"O pul ödənilib, qızım" deyə cavab verdi.

Anlamadım mən də. Düşündüm ki, yəqin kimsəsiz olduğumu hiss edib, pis olub. Pulu özünə qaytardım ki, "yox, dayı, çox sağ olun, özüm ölməmişəm ki, kimsə ödəsin..." Düzü pisimə gəldi bir az.