Ali Baş Komandanın Şuşa bəyanatı:


Siyasət 17 Mar 2021 11:46:39 105 0

Ali Baş Komandanın Şuşa bəyanatı:

Prezident İlham Əliyev işğaldan azad olunan rayonlara səfəri zamanı Şuşa ilə bağlı bildirib ki, "Şuşadan ayrılırıq, amma yenə də ayrılmaq istəmirik. Şuşa insanı o qədər özünə cəlb edir ki, bura gələn insan getmək istəmir". Bu, bir daha onu göstərir ki, Şuşa Azərbaycanın mədəni və mənəvi mərkəzidir və uzun illər ərzində Şuşanın işğalda qalması Azərbaycan mədəniyyətinə, musiqisinə, mənəviyyatına mənfi təsir göstərib.

Bunu Son.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Politoloq bildirib ki, Azərbaycanın Şuşaya nəzarət etməsi də bizim hərbi mövqelərimizin möhkəmləndirilməsi anlamına gəlir:

"Şuşanın işğalı ilə Azərbaycan xalqı heç vaxt razılaşmayıb. Azərbaycanlılar hər zaman Şuşaya qayıdacaqları haqqında fikirlərini bölüşüblər və Şuşanın Azərbaycan mənəviyyatında hansı izlər buraxdığını mədəniyyətşünaslar və bu sahəyə aid olan elm adamları daim müzakirə ediblər, tədqiqatlar aparıblar. Eyni zamanda, Şuşa Azərbaycan üçün dəyərli bir yerdir, çünki burada Azərbaycan incəsənətinin, mədəniyyətinin dahi simaları doğulub, boya-başa çatıblar. Öz yaradıcıqlarının ən öndə olan əsərlərini burada yaşayarkən yaradıblar. Şuşa həm də Üzeyir Hacıbəyovun, Bülbülün, Xan Şuşinskinin doğulduğu yerdir və burada Azərbaycan muğamı səslənib. Şuşa hər zaman poeziya, misiqi məkanı olub. Bu, bir daha onu göstərir ki, hər bir azərbaycanlı mənəvi cəhətdən Şuşaya bağlıdır.

Şuşa bizim üçün Qarabağın mədəni paytaxtı olmaqla yanaşı, bütün Azərbaycanın mədəniyyət mərkəzi, türk dünyasının bir mədəni beşiyidir. Şuşanın işğaldan azad olunması Azərbaycan üçün böyük bir əlamətdar hadisə kimi yadda qaldı. Eyni zamanda, nəzərə almaq lazımdır ki, Azərbaycanın qəhrəman, igid hərbi qulluqçuları Şuşaya düşmənin gözləmədiyi yerdən daxil olaraq onu 28 illik işğaldan xilas etdilər. Şuşa həm də strateji bir məkandır. Dəfələrlə hərbi-siyasi ekspertlər bildiriblər ki, Şuşaya kim nəzarət edirsə, bütün Qarabağa nəzarət edir. Bu məkana Azərbaycanın nəzarət etməsi də bizim hərbi mövqelərimizin möhkəmləndirilməsi anlamına gəlir".

Təhməz Əsədov Son.az