Son günlər artan intiharlar...


Digərləri 15 Mar 2021 10:11:00 155 0

Son günlər artan intiharlar...

Son zamanlar Azərbaycanda intiharların sayı artıb. Demək olar ki, ölkədə hər gün bir, hətta bəzi günlərdə bir neçə intihar hadisəsi baş verir. İntihar edənlər, əsasən, ya özlərini asıb, ya da çoxmərtəbəli binadan ataraq öldürürlər. Onların yaş aralığı müxtəlifdir.

Bəs son günlər artan intiharların səbəbi nədir?

İntiharlar hər zaman olub. Psixoloji sarsıntı keçirən şəxslər özünü öldürərək bundan qurtulmağa çalışıblar. Lakin son zamanlar həm dünyada, həm də ölkəmizdə intihar edənlərin sayı birə beş artıb. Bunu isə dünyada pandemiyaya görə tətbiq edilən karantin tədbirləri ilə əlaqələndirirlər. Psixoloqların fikrincə, uzunmüddətli karantin rejimi psixologiyaya mənfi təsir edir.

Hazırda, bir neçə ölkə istisna olmaqla, demək olar ki, bütün ölkələrdə karantin tədbirlərinin bir ili tamam olur. Pandemiya səbəbindən bir çox ölkələrdə, müxtəlif formada, müəyyən müddətlik qapanmalar həyata keçirilir. Bu kimi sərtləşmə tədbirləri birbaşa olaraq insanlara təkcə maddi yox, həm də psixoloji zərər vurur. Həm maddi sıxıntı, həm uzun müddət evdə qalmaq, planların alt-üst olması, bəzi insanların iş yükünün artması, bəzilərinin isə, ümumiyyətlə, işsiz qalması yaranan stressin daha da artmasına gətirib çıxarır və intihar kimi neqativ halların yaşanmasına şərait yaradır. Bundan əlavə, uzunmüddətli karantin rejimi insanları aqressivləşdirir.

Dünyada sırf karantin rejiminin yaratdığı streslə əlaqədar olaraq baş verən intiharlara dair faktlar var. Hətta bu səbəbdən özünü öldürənlər arasında tanınmış simalar da yer almaqdadır. Məsələn, BBC-nin məşhur "Luther" serialının aktyoru Luke Westlake karantinə görə keçirdiyi stress səbəbindən intihar edib. İngiltərədə yaşayan 27 yaşlı rəqqasə Jessica Leanne Norris də eyni səbəbdən özünü asaraq öldürüb. İngiltərənin Norfolk qraflığında böyüyən Emily Owen koronavirusa görə karantinə alınacağından qorxaraq canına qəsd edib. Karantin səbəbindən intihar edənlərdən biri də Uelsdə yaşayan Kian Southway-dir.

Hazırda, demək olar ki, koronavirus pandemiyasının həyatına təsir etmədiyi şəxs yoxdur. Hamı bu xəstəlik səbəbindən müəyyən qədər zərər görüb, hamının maddi sıxıntıları yaranıb, stresli günlər keçirib, planları alt-üst olub. Koronavirus hələ də aramızdadır, bizimlə yaşayır. Vaksin tapılsa da, peyvəndləmə prosesi başlasa da, yenə də qapanmaların olma ehtimalı var.

İnsanların psixi vəziyyətini nəzərə alaraq artıq bir sıra dövlətlər sərt karantin rejimindən yayınmağa, gündəlik həyatı müəyyən məhrumiyyətlərlə bərpa etməyə çalışırlar. Sosial məsafə saxlamaq, gigiyena qaydalarına riayət etməklə açılımlara gedirlər. 

Psixi sarsıntıların səbəb olduğu özünüqəsdlərin artması sərt karantinin artıq heç də çıxış yolu olmadığını ortaya qoydu. Koronavirusun bitirmədiyi insan həyatını karantin gərginliyinin sonlandırmaması üçün artıq fərqli yanaşmaya ehtiyac var, necə ki bir sıra dövlətlər artıq belə nümunələr yaradıblar. 

Bəxtiyar Umarlı Son.az