430 əsəri oğurlanan, şəkli pulların üzərinə vurulan


Dünya 14 Mar 2021 18:10:00 107 0

430 əsəri oğurlanan, şəkli pulların üzərinə vurulan

Sabiha Tansuğ türk etnoloqu, kolleksiyaçı və türk mədəniyyətinin tədqiqatçısıdır. Anadolu geyim mədəniyyəti sahəsində çox zəngin bir kolleksiyaya sahibdir.

Son.az musavat.com-a istinadən bildirir ki, 1933-cü ildə Yunanıstanda anadan olan Sabiha Tansuğ 8 yaşında ailəsi ilə birlikdə Türkiyəyə köç edib.

İbtidai sinifdəki bir tamaşada çalmalı gəlin paltarı geyinən, bu geyimə heyran olan Tansuğun heyranlığı ömrünün sonuna qədər davam edib və həyatını formalaşdırıb. Həyatını kiçik yaşlarından paltar tikməklə qazanmağa başlayan Tansuğ, Göztepe İnstitutunda oxuyarkən papaq tikib, satmağa başlayıb.

Bundan əlavə, Kemeraltıda satılan daş kuklalar üçün Anadolu paltarları tikib və işinə yiyələnməyə davam edib. 20 yaşında məşhur rəssam Nuri İyemdən aldığı rəsm dərsləri gənc qadın üçün həm işində, həm də sənətində faydalı olub. Dövrün məşhur jurnalisti Haluk Tansuğla otuz yaşında evlənən Sabiha Tansuğ "Meydan" qəzetində turizm məqalələri yazmağa başlayıb. Bu yazılardan birini yazmaq üçün gəzintilərindən birində Milasda maşını sıradan çıxıb. Maşının təmir olunmasını gözləyərkən kəndin çayxanasına gedən Tansuğ uşaq ikən başına geyindiyi çalmalı gəlinliyi görür və alır. O gündən sonra Anadolunun bir çox yerlərini gəzən Sabiha ənənəvi və fərqli üslublu papaqları toplayıb. Sabiha Tansuğ "Anadolu Qadın Başlıqları" adlı ilk sərgisini 1968-ci ildə Qalatasaray Liseyinin yanındakı bir bankın binasında açıb. Bu sərgi tez bir zamanda böyük marağa səbəb olub və Türkiyənin sərhədlərini aşıb.

Bu vəziyyətə laqeyd qala bilməyən dövrün darphane (pul çap edilən yer) müdiri Sait Tanaçan sərgidəki çalmaların biri ilə Sabiha Tansuğun portretini pulların üzərinə vurmaq istəyir.

O, bu sevincini belə ifadə etmişdi: "Həyatımda bir çox mükafat aldım. Lakin bu mənim üçün ən böyük və dəyərli bir mükafat oldu. Çünki bu günə qədər dünya tarixində heç bir sənətçinin fotosu sikkə üzərinə çap edilməyib".

Sabiha Tansuğun uğurları bununla da bitmir. 1971-ci ildə Yaponiyada və Parisdə sərgiləri açılıb. Bu sərgilərə 74 ölkə qatılmışdı. Sabiha Tansuğ bunun ardından 1975-ci ildə Belçikada, 1976-cı ildə Strasburqda, 1980-ci ildə Roma Universitetində və 1985-ci ildə Kölndə sərgilərini həyata keçirib.

Sabiha Tansuğ 1974-cü ildə o günə kimi topladığı bütün əl işlərini bir araya yığıb, muzey açmaq arzusuna düşüb. O, bunun üçün Mədəniyyət Nazirliyinə müraciət etsə də istədiyi cavabı ala bilməyib. Həmin dövrdə bir qadının təkbaşına belə bir muzeyi açmaq iqtidarında ola bilməyəcəyi düşünülürdü.

Sabiha Tansuğ bu xəyal qırıqlığının üzərinə yenidən baş örtüklərini toplamağa davam edib. Bundan əlavə o, iki kitab da yazıb. Kitabların birinin adı "Türkmən geyimi", digərinin adı isə "Türklərdə çiçək sevgisi və Sümbülnamə"dir.

2007-ci ildə baş verən oğurluq hadisə nəticəsində kolleksiyasından 430 parça oğurlanıb.

Sabiha Tansuğ 2010-cu ildə dostlarının da dəstəyi ilə yaşadığı evi bir muzeyə çevirib. İstanbulun mərkəzində yerləşən bu muzey gün ərzində 1000-2000 nəfər arasında ziyarətçi qəbul edir. Burada 16-cı əsrdən 1950-ci illərə qədər parçalar görmək mümkündür.

Həyatına qürurla çox vacib şeylər qatan bir Anadolu qadını olaraq Sabiha Tansuğ bu gün 88 yaşındadır ...