Onun vaxtı dəqiq öyrənmək üçün varlı müştəriləri olub “Zamanı satan qadın” haqqında


Dünya 14 Mar 2021 14:09:00 144 0

Onun vaxtı dəqiq öyrənmək üçün varlı müştəriləri olub  “Zamanı satan qadın” haqqında

Vaxt satmaq mümkündürmü? Bir müddət mümkün idi və hətta ciddi bir gəlir mənbəyi idi.

Bəs necə?

Son.az musavat.com-a istinadən sizlərə vaxtı satan qadın Rut Belvil haqqında maraqlı məlumatları təqdim edir. 19-cu əsrdə Londonda vaxtın bilinməsi insanlar üçün çox vacib idi. Çünki o dövrdə indiki kimi rahat saat konsepsiyası yox idi. Bu vəziyyət "zaman sənayesi" deyə biləcəyimiz bir konsepsiyanın ortaya çıxmasına zəmin yaradıb. Bir ailə vaxtı sataraq dolanışıq qazanıb. Vaxt satışı üzrə biznes Rut Belvillə valideynlərindən qalmışdı. Onun atası Con Henrinin 1856-cı ildə artıq 200-ə yaxın müştərisi var idi. Hər səhər o, Qrinviç rəsədxanasına yollanıb öz saatını Qrinviç vaxtı ilə dəqiqləşdirirdi.

Henrinin ölümündən sonra onun dul qalmış arvadı Mariya Elizabet, 1892-ci ilədək onun işini davam etdirib. 1892-ci ildə 80 yaşlı Mariya, biznesi qızı Ruta ötürüb. Hər bazar ertəsi saatını rəsədxananın saatı ilə quran Rut, həftə boyunca müştəriləri ziyarət edirdi. Vaxtın bildirilmə dəqiqliyi təxminən 10 saniyə təşkil edirdi. Rut Belvil (tam adı Elizabeth Ruth Naomi Belville) 5 Mart 1854 - 7 dekabr-1943 illər arasında yaşayıb və ömrünü bu işə həsr edib.

Dəqiq vaxtı bilmək, qəzet, qatar stansiyası və dənizçilər kimi müxtəlif müəssisələr üçün vacib idi. Rutun ayrıca olaraq dəqiq vaxtı öyrənməyi sevən varlı müştəriləri də var idi. Ancaq vaxt satan qadın Rut Belvil karyerası boyunca bəzi çətinliklərlə qarşılaşıb. XX əsrin əvvəlində Belvillin rəqibi peyda olub. "Standard Time" şirkətinin direktoru Con Vinn teleqraf vasitəsilə dəqiq vaxt satışı ilə məşğul idi. O Rutu köhnəlmiş metodlardan istifadə etməkdə və öz qadın gözəlliyindən sui-istifadədə ittiham edirdi. Bu ittihamlar "The Times" qəzetində çap edildikdən sonra jurnalistlər Rutu təqib edib və qalmaqalı şişirdiblər. Lakin Rut deyirdi ki, Vinn bu qalmaqal vasitəsilə ona pulsuz reklam təşkil edib.

1926-cı ildə BBC radiostansiyası dəqiq vaxtı bildirən siqnalları efirə verməyə başlayandan sonra, bir çox müştərilər Rutun xidmətlərindən imtina etsələr də, o , XX əsrin 40-cı illərinədək biznesini davam etdirməyi bacarıb. Səhər tezdən 12 mil qət etmək artıq ona çətin olduğundan o , 86 yaşında xidmət göstərməyi dayandırıb. O, 89 yaşında elə yaşadığı evdə vəfat edib.

Rut Belvil tarixə adını "Zamanı satan qadın" kimi yazdırıb.