Tramvaydan qorxub dili açılan Xalq artisti


Kriminal 13 Mar 2021 17:30:00 153 0

Tramvaydan qorxub dili açılan Xalq artisti

Son.az Kulis.az-a istinadən görkəmli aktyor, Xalq artisti Bəşir Səfəroğlu haqqında maraqlı faktları təqdim edir.

Əslən Qubadan olan Bəşir Səfəroğlu 11 mart 1925-ci ildə Bakıda Səfər kişi və Qızılgül xanımın ailəsində doğulub. Ailədə üç qardaş, bir bacı olublar. Bəşir orta məktəbin yeddinci sinfində oxuyanda ailə vəziyyətinin ağırlaşması ucbatından məktəbdən uzaqlaşmalı olub. Ailəsinə maddi köməklik göstərmək üçün işləməli olan Bəşir on dörd yaşında şoferlər klubunun dram dərnəyinə gedib. Kiçik intermediyalarda, birpərdəli məsxərələrin tamaşalarında kiçik rollar oynayıb.

***

1941-ci ilin sonlarında müharibəyə yollanan Bəşir Böyük Vətən Müharibəsində iştirak edib və yaralanıb, kontuziya alaraq lal-kar kimi ordudan tərxis olunub.

Ürəyi partlamasın deyə, o dövrün incəsənətə qiymət verməyi bacaran insanları onu teatra xora götürüblər ki, heç olmasa oxuyanların arasında ağzını açıb-yumsun.

***

Bir dəfə evə gələndə az qalıb tramvayın altına düşsün və həmin anda qışqırıb, o hadisədən sonra dili açılıb, qulağı eşidib.

Bəşir Səfəroğlu iki dəfə ailə qurub. Birincə dəfə evləndiyi həyat yoldaşından qızı Afaq Bəşirqızı doğulub. Lakin, aktyorun həyat yoldaşı gənc yaşında vəfat edib. Bundan sonar Bəşir Səfəroğlu ikinci dəfə ailə qurub. Afaq xanım bir müddət nənəsinin himayəsində yaşasa da, Bəşir bu ayrılığa dözməyib, qızını evinə, öz yanına gətirib.

***

Çox sərt xasiyyəti olub. Qızı Afaq Bəşirqızının aktrisa olmasını istəməyib. Amma deyilənə görə qızı Afaq səhnəyə çıxanda tamaşa vaxtı bir neçə dəfə onun səhnənin kənarından izləyib. Lakin, bunu gizlin edib ki, qızı bundan xəbər tutmasın.

Dini ehkamlara hörmət eləyən, əsl azərbaycanlı kişisinə xas olan bütün keyfiyyətləri özündə birləşdirən insan olub. Aktyor səhnədə komik aktyor olsa da, kənarda, ailədə özünü çox ciddi aparırmış.

***

Çox az dostu olub. Hər adamla yoldaşlıq eləməz, hər kəsi evinə qonaq gətirməzmiş. Evdə uşaqlarına qarşı çox sərt olub, onları öpüb əzizləməyi xoşlamayıb. Qızı Afaq xanım müsahibələrinin birində deyir ki, işi nə qədər çox olsa belə hər həftənin şənbə günü mütləq onun gündəliyini yoxlayıb nəzarət edirmiş.

Bir dəfə isə aktyor qızı Afaqa şillə vurub: Mənə cəmi bir dəfə şillə vurub. Bir dəfə 20 qəpik verib parta yoldaşımın sapandını almışdım. Uşaqlıqda sapanddan xoşum gəlirdi. Bayaq dediyim kimi, atam hər həftənin şənbə günü gündəliklərimizdəki qiymətləri yoxlayıb imzalayardı. Tərslikdən həmin gün dərsimdən də "4" almışdım. Və o günün səhərisi atam gündəliyimə baxmaq üçün məktəb çantamı açanda sapandı görüb soruşdu ki, məndə hardandır. Cavab verdim ki, əmək dərsində düzəltmişəm. Lakin sapandın səliqə ilə düzəlməsindən başa düşdü ki, mənim işim deyil. Sonra məktəbə gedib, o işin axırına çıxdı və mənə bir şillə vurdu. O şillədən sonra bir daha mənə əl qaldırmadı. Çünki məni çox istəyirdi. Mən hələ də o şilləni üzümdə hiss eləyirəm.

Aktyor yaradıcılığı boyu "Beş manatlıq gəlin", "Keto və Kote", "Məşədi İbad", "Xəsis", "Əlli yaşında cavan", "Evliykən subay", "Qızıl axtaranlar", "Hacı Kərimin Aya səyahəti", "Ləpələr" kimi maraqlı səhnə əsərlərində iştirak edib. Altmışıncı illərin ortalarında Azərbaycan Dövlət Filarmoniyasında "Gəlməli, görməli, gülməli" miniatür teatrı təşkil olunub. Onun üzvləri xalq artisti Əliağa Ağayev, əməkdar artist Müxlis Cənizadə, aktrisa Ofeliya Məmmədzadə və Bəşir Səfəroğlu idilər. Bu kollektivdə Bəşir Səfəroğlu onlarla satirik obraz yaradıb.

***

Aktyorun ailəsi əvvəlcədən çox kasıb olublar. Müharibəyə gedib-gələndən sonra mədəsi ağrımağa başlayıb, amma kasıb olduqlarına görə yaxşı müalicə ala bilməyib, mədəsində yara əmələ gəlib. Bu yara isə sonradan xərçəngə çevrilib.

Aktyorun özünə bildirməsələr də, sağalmaz xəstəliyə tutulduğunu bilirmiş. O, günü-gündən zəifləyir, heç nə yeyə yeyə bilmir. Rauf Kazımovski onunla yaxın dost olub. Onun son tamaşasını və son günlərini lentə aldırıb. Aktyor öz arzusu ilə son dəfə "Milyonçunun dilənçi oğlu" tamaşası ilə səhnəyə çıxıb. Bu tamaşadan 12 gün sonra isə dünyasını dəyişib.

***

Bəşir Səfəroğlu xəstəxanada yatanda 50 yaşı tamam olub. Lütfəli Abdullayevlə Şəmsi Bədəlbəyli Mərkəzi Komitəyə zəng edib Bəşir Səfəroğlu üçün xalq artisti adının verilməsini istəyirlər. Şəmsi müəllim "Özünüz bilərsiniz, siyahıda Bəşirin adı var, ya yox. Biz bu gün səhnədə tamaşadan sonra onu xalq artisti kimi təqdim edəcəyik", - deyib dəstəyi asır. Bəşiri xəstəxanadan gətirirlər. Üstündən bir az keçməmiş xalq artisti təqdimatı da hazır olur.

Son günündə qıza pis təsir etməsin deyə Afaqı atasının yanına buraxmayıblar. O, atasının ölümünü Novruz bayramından iki gün sonra martın 23-də televiziyadan eşidib.

Dəfnində minlərlə insan iştirak edib. İnsanlar onun tabutunu Musiqili Komediya Teatrından düz Fəxri Xiyabana qədər əllərində aparıblar. Gecə ilə izdihamın keçəcəyi küçələrin nəqliyyat üçün bağlandığı elan olunub.