Atasına həsrət qaldı, ölənə qədər Bakı deyib ağladı, nəvəsi İraqda şəhid oldu


Digərləri 13 Mar 2021 16:37:00 134 0

Atasına həsrət qaldı, ölənə qədər Bakı deyib ağladı, nəvəsi İraqda şəhid oldu

Son.az Kulis.az-a istinadən "Görüş" filmindəki Firəngiz obrazı ilə tanıdığımız müğənni, Əməkdar artist Sona Aslanova haqqında maraqlı faktları təqdim edir.

Sona Şahnəzər qızı Aslanova 1924-cü il oktyabrın 4-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Atası Şahnəzər kişi dövrünün sayılıb seçilən, imkanlı insanlarından biri idi. Qohum-qonşuya təmənnasız əl tutan, tanıdığı hər kəsin xeyir-şərində iştirak edən Şahnəzər kişi 1934-cü ildə bolşeviklər tərəfindən həbs olunur və bir də heç vaxt ailəsini görə bilmir.

***

Atası həbs olunanda Sonanın 10 yaşı olur. Anasından gözəllik, məlahətli səs, atasından isə ciddi xasiyyət mənimsəyən Sona hələ uşaqlıq illərindən səsi ilə insanların diqqətini cəlb edir. Üzeyir bəy, bolşeviklərin təbirincə, "tərcümeyi-halı ləkəli" olan bu qızı da digər oxşar taleli tələbələri kimi öz qanadının altına alır, onları repressiyanın qurbanına çevrilməkdən xilas edir. Üzeyir Hacıbəyov onu "səsi ürəkləri fəth edən qadın" adlandırır.

Konservatoriyanı 1952-ci ildə bitirən Sona xanım, Opera və Balet Teatrında çalışmaqla yanaşı, həm də yenicə məzun olduğu sənət ocağında opera ifaçılığı sənətindən dərs deməyə başlayır.

***

Sona xanım 200-dən çox mahnı ifa edib. "Görüş", "Anlamaq istəyirəm", "Bizim Cəbiş müəllim", "Bizim küçə", "O qızı tapın", "Ömrün səhifələri", "Telefonçu Qız" filmlərinə çəkilib. Bir çox filmlərdə, eləcə də "Əhməd haradadır" filmində Ceyran obrazının partiyalarını Sona Aslanova ifa edib.

Opera səhnəsində isə "Arşın mal alan"da Gülçöhrə, "Əsli və Kərəm"də Əsli, "Koroğlu"da Nigar obrazını yaradıb.

***

1956-cı il noyabrın 6-da Əməkdar artist adına layiq görülüb. 1959-cu ildə isə "Şərəf Nişanı" ordeni ilə təltif olunub. Müğənninin Qızıl Fondda 50-dək səs yazısı qorunur.

Sona Aslanova rejissorlar Hüseyn Seyidzadə və Yan Fridin quruluş verdiyi, ssenarisini Həsən Seyidbəylinin yazdığı 1954-cü ildə ekranlaşdırılmış ilk rəngli sənədli-bədii film, həm də ilk film-konsert "Doğma xalqımıza" filminin "Koroğlu" bölümündə Nigarı canlandırıb. Bu filmdəki ifası ilə Sona xanım geniş səs diapazonuna malik olduğunu sübut edib.

***

Aktrisaya ən böyük uğuru qazandıran 1955-ci ildə ekranlaşdırılan "Görüş" filmində pambıqçı Firəngiz rolu olub. Manqa başçısı Bilqeysin işləməyən, kənd avarası, ərköyün qardaşı Kamilə aşiq olmuş, öz məhəbbətini gizləməyən, Kamilin zəhləsini tökərək Firəngiz obrazı film ekranlara çıxan gündən tamaşaçıların böyük rəğbətini qazanır.