Yazıçılar Birliyində ürəyini partlatdılar, ölümündə Süleyman Rəhimovu günahlandırdılar


Kriminal 13 Mar 2021 15:45:00 160 0

Yazıçılar Birliyində ürəyini partlatdılar, ölümündə Süleyman Rəhimovu günahlandırdılar

Son.az Kulis.az-a istinadən Xalq yazıçısı Mehdi Hüseyn haqqında maraqlı faktları təqdim edir.

Mehdi Əli oğlu Hüseynov 22 mart 1909-cu ildə Qazax qəzasında anadan olub. Yaradıcılıq fəaliyyətinə hekayə ilə başlayıb, ilk hekayəsi 1927-ci ildə nəşr edilib. Sonrakı illərdə yazıçının "Kin" povesti və siyasi motivli "Daşqın" romanı çap olunub.

***

"Tərlan", "Fəryad", "Tunel", "Qan intiqamı", "Kin", "Daşqın", "Səhər", "Vətən çiçəkləri", "Moskva", "Ürək", "Abşeron", "Qara daşlar", "Yeraltı çaylar dənizə axır" romanlarının, "Alov", "İntizar", "Şamil", "Qardaşlar" pyeslərinin müəllifidir.

Bir gün Mehdi Hüseyn Türkiyəyə gedibmiş. Qayıdanda özü ilə xeyli kitab-dəftər, qəzet-jurnal gətirir. Türkiyədən gətirdiyi kitab-dəftəri səhmana salan zaman hardansa Nazim Hikmət peyda olur. Türkiyədən gələn kitabları, jurnalları görəndə özünü itirir, birini götürüb o birini qoyur. Hər götürdüyü kitabı, jurnalı Mehdi Hüseynə göstərib, "Bunu mənə verərsənmi" deyir. Səfər eyforiyasından ayılmayan, başı səliqə-səhman işlərinə qarışdığından "vəziyyəti dəyərləndirə bilməyən" Mehdi müəllim dilinin zəhərli yerinə salıb deyir: "Nazim, indi gəlmişəm, qoy bir gətirdiklərimi yerbəyer eləyim, sonra nə istəyirsən götürərsən. Qaçhaqaçdı?! " Birdən Mehdi Hüseyn fərqinə varır ki, Nazim Hikmət yoxdur. Necə peyda olmuşdusa, eləcə də qeybə çəkilib. "Bu necə oldu?" - Mehdi müəllimin dalağı sancıb. Görür ki, böyük şair gün eynəyini otaqdakı pianonun üstündə unudub!

Mehdi Hüseynin yanında olan Çingiz Hüseynov eynəyi götürüb Nazimin ardınca qaçır, ancaq Nazimi tapa bilmir.

***

Elçin Şıxlı müsahibələrinin birində deyir: Atam danışırdı ki, 1960-cı illərin əvvəllərində Mehdi Hüseyn Türkiyədə səfərdə olur və həmin səfərdən qayıdandan sonra belə bir əsər yazır - "Bir ay və bir gün". O, atama Əliağa Şıxlinskiyə görə, paşam deyirdi. Mehdi əmi siqareti müştüklə çəkərdi. Səfərdən həmən sonra görüşəndə atam onun yaman dalğın və həyəcanlı olduğunu görəndə soruşub ki, Mehdi müəllim, nə olub? O da cavabında papirosunu tüstüləndirib, paşam, mən həyatımı, deyəsən, səhv yaşamışam, deyib...

Mehdi Hüseyn 1958-ci ildən 60-cı illərə qədər Yazıçılar Birliyinin sədri olub. Həmin dövrlər isə İttifaqda amansız konfliktlər baş verir. Bunların ən dəhşətlisi isə 1960-cı illərin əvvəlində daha da şiddətli hal alan Mehdi Hüseyn və Süleyman Rəhimov ixtilafı idi. Mehdi Hüseynlə Süleyman Rəhimovun qovğası bu intriqabazlığın kulminasiya nöqtəsi hesab olunur.

***

Münasibətlərdə vəziyyət o həddə çatır ki, Azərbaycan SSR-nin o vaxtkı rəhbəri Vəli Axundov tərəfləri Mərkəzi Komitəyə çağırır. Mərkəzi Komitədəkilər münaqişənin səbəbini bilmək, daha doğrusu, iki qrupun öz ağzından eşitmək istəmişdilər. Cavablardan belə görünür ki, intriqanın kökündə ədəbiyyat məsələləri dayanır. Lakin yazıçı Sabir Əhmədli həmin dövrü xatırlayarkən deyir: "Bunlarınkı sənət, məslək, ideya davasından artıq, şöhrət və qazanc üstündə idi..."

***

Deyilənlərə görə Süleyman Rəhimov adətən başına çalpapaq qoyduğundan onun tərəfdarlarını "çalpapaqlılar" adlandırırlar. Çalpapaqların başçısı Mərkəzi Komitədəki iclasda Vəli Axundova deyir: "Vəli Yusifoviç, təsəvvür edin ki, biz bir maşında gedirik. Bu maşının da sürücüsü Mehdi Hüseyndir. O, maşını yaxşı sürmür, çala-çökəyə salır, bizi də atıb-tutur, içimiz tökülür". Vəli Axundov cavabında dillənir: "O, yaxşı sürə bilmir, siz də bir yandan onun başını qatır, sürməyə qoymursunuz".