Bu ölkələrdən olan gənclər Qarabağa səyahət edəcəklər FOTO


Digərləri 10 Mar 2021 17:28:00 113 0

Bu ölkələrdən olan gənclər Qarabağa səyahət edəcəklər  FOTO

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Bakıda yerləşən Avrasiya üzrə Regional Mərkəzinin həyata keçirdiyi "Qarabağ - Azərbaycan Mədəniyyətinin Ürəyi" adlı beynəlxalq müsabiqə layihəsi dünən başa çatıb.

Mərkəzdən verilən məlumata görə, müsabiqənin formatına əsasən, hər həftə 3 qalib olmaqla, müsabiqənin davam etdiyi 5 həftə ərzində 13 ölkədən 15 nəfər qalib seçilib. Türkiyə, Pakistan, Tacikistan, İran, Qırğızıstan və İndoneziya kimi ölkələrlə yanaşı ABŞ, Estoniya, Braziliya, Polşa, Əlcəzair, Malayziya və Tunisdən olan iştirakçılar müsabiqədə uğur qazanıblar. Sosial media vasitəsilə həyata keçirilən müsabiqədə təqdim edilən 5 sual və Qarabağın Azərbaycan mədəni-tarixi irsi ilə bağlı məlumatlar ümumilikdə dünya üzrə 300 minə yaxın insana çatdırılıb. 30 ölkədən 20 mindən artıq sosial media istifadəçisi layihəyə fəal dəstək verib.

Xatırladaq ki, layihə Regional Mərkəzin beynəlxalq İdarə heyətinin iyul ayında qəbul etdiyi qərara uyğun olaraq "Qarabağ Azərbaycandır!" şüarı çərçivəsində Regional Mərkəzin növbəti fəaliyyəti olaraq həyata keçirilib.

Layihənin məqsədi erməni işğalından azad edilmiş Qarabağın Azərbaycan mədəniyyəti və tarixinin ayrılmaz parçası olması ilə bağlı beynəlxalq maarifləndirmə işinin aparılması olub. Beş həftə davam etmiş müsabiqənin hər mərhələsində Azərbaycanın Qarabağdakı mədəni-tarixi irsi ilə bağlı intellektual suallar onlayn qaydada xarici gənclərə təqdim edilib və 18-35 yaş arasında Azərbaycan vətəndaşı olmayan gənclər müsabiqədə iştirak ediblər.

Cavabların düzgünlüyü, əhatəliliyi və cavablandırma tezliyi kriteriyaları üzrə layihənin münsiflər heyəti hər həftə üç qalib müəyyənləşdirib və qaliblər xüsusi hədiyyələrlə (elektron cihazlar) mükafatlandırılıblar.