Azərbaycanda dünyada ən sürətlə böyüyən ağaclar əkilir


Digərləri 10 Mar 2021 16:29:00 127 0

Azərbaycanda dünyada ən sürətlə böyüyən ağaclar əkilir

Naftalan şəhərində dünyada ən sürətlə böyüyən ağaclar əkilir.

Naftalan ŞİH-dən Son.az-a daxil olan məlumata görə, pavlovniya və ya Adəm ağacı adı ilə tanınan ağaclar dünyada ən sürətlə, ildə 3 metrə qədər böyüyən, havanın çirklənməsinin qarşısını alan bir ağac növüdür.

Hündürlüyü 18-20 metrə qədər uzanan qiymətli ağac cinslərinə aiddir. 100 ilə  qədər yaşayır. Mebel, musiqi alətləri istehsalı, bəzək əşyaları istehsalı və ən əsası keyfiyyətli kağız istehsalı kimi bir çox sahədə uğurla istifadə edilə bilən qiymətli bir materialdır.  

Çiçəklərində bol bal ekstraktı olduğundan arıçılar onu bal gətirən ağac kimi əkirlər, gülləri nektarla zəngindir, alınan bal şəffaf və ətirlidir.

Pavlovniyadan yüksək keyfiyyətli pellet yanacağı əldə etmək olur ki, bu da istilik enerjisinin ekoloji təmiz alternativi olan bioyanacaqdır. Ən önəmli özəlliklərindən biri də ağac qırılmasına və ya kəsilməsinə baxmayaraq 5 dəfə yenidən eyni ölçüdə  böyüməsidir.

Əminik ki, günü-gündən gözəlləşən Naftalanımızda bu cür nadir ağac növlərindən sayılan Pavlovniyanın da olması həm şəhər əhalisinin, həm də şəhərimizə gələn çoxsaylı turistlərin böyük marağına səbəb olacaq. İlkin mərhələdə 300 ağacın əkilməsi planlaşdırılır. Şəhərdə görülmüş digər işlərlə yanaşı müxtəlif növ dekorativ ağacların əkilməsi də şəhərin füsunkar görüntüsünə rəng qatır. Kurort şəhəri Naftalanda ümumilikdə yaz mövsümündə 3000-dən çox ağac eldar şamı, evkalipt, göyrüş ağacları əkiləcək.