Paşinyan düşmənlərini yoraraq zəiflədir VİDEO FOTO


Siyasət 10 Mar 2021 11:35:08 117 0

Paşinyan düşmənlərini yoraraq zəiflədir  VİDEO FOTO

Ermənistanın Baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyanın qanunla vəzifəsindən azad edildiyini açıqladı.

Ermənistan prezidenti Armen Sarkisyan geri çəkildi. Prezident Administrasiyası belə bəyanat yayıb: "Baş Qərargah rəisi Onik Qasparyanın vəzifədən azad olunması məsələsi həm hüquqi prosedurlar, həm də konstitusion məsuliyyət və siyasi nəticələr baxımından bilavasitə baş nazirin səlahiyyətində olan məsələdir".

Yəni Ermənistan prezidenti general-polkovnik Onik Qasparyanın vəzifədən kənarlaşdırılması ilə bağlı Paşinyanın sərəncamının qanunsuz sayılması ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etməyib.

Ermənistan prezidentinin sözlərinə görə, onun prioriteti "ölkənin təhlükəsizliyini və sabitliyini təmin etmək, ordunun problemlərini həll etməkdir".

Ermənistandakı daxili siyasi böhran Silahlı Qüvvələrin Baş Qərargahının 25 fevralda siyasi rəhbərliyin dövləti təhlükəyə yönəltməsini ifadə edərək, Ermənistan Baş naziri Nikol Paşinyanın istefasını tələb etməsindən sonra daha da pisləşib. Buna cavab olaraq, baş nazir çevriliş cəhdini elan edib və Onik Qasparyanın Baş Qərargah rəisi vəzifəsindən azad edilməsi barədə qərarı imzalayıb. Ancaq prezident Armen Sarkisyan bu sənədi imzalamayıb və etirazlarla baş nazirə məktub göndərib. Hökumət başçısı sənədləri təkrar prezidentə göndərib. Qanuna uyğun olaraq, Qasparyan Baş Qərargah rəisi vəzifəsini 9 mart tarixinədək icra edib.

İndi Ermənistan qanunvericiliyinə görə, Qasparyan getməlidir.

Paşinyanın sərəncamına tabe olmasa, Konstitusiyanı pozmuş olacaq.

Nikol Paşiyan bu gecə Facebook səhifəsində paylaşım edərək "Ovik Qasparyan artıq Baş Qərargah rəisi deyil. O, vəzifəsindən azad olunub" yazıb.

... "Səhər saat 6 - yuxudan oyanmaq.

Səhər saat 7 - buludların qovulması və yaxşı havanın bərqərar edilməsi

Səhər saat 8-dən 10-adək - şücaət və qəhrəmanlıq göstərmək"

"Elə həmin Münhauzen" filmindəki bu epizod yadınızdadır?

Ermənistandakı indiki vəziyyəti xatırlatmır?

Özünü "müxalifət" adlandıran markitan və romale dəstəsi artıq dörd (!) aydır ki, isteriyaya qapılıb, həyəcan və təlaşla buyururlar ki, Baş nazir Nikol Paşinyanın hakimiyyətdə qaldığı hər dəqiqə Ermənistan üçün yeni itkilər və bəlalar deməkdir. Əslində, özlərini qürurla "Vətənin Xilası Hərəkatı" adlandıran yığnaq çox apatikdir.

Etiraz aksiyaları süst keçir və "Ermənistanın xilaskarları" olmazın dərəcədə pedantdırlar. Onlar Yeni İl bayramlarında iki həftəlik fasilə etmişdilər.

Aksiyalarını iş günlərində keçirirlər.

İndi də İrəvandakı Baqramyan prospektində iki-üç qotur çadırdan ibarət "şəhərcik" qurduqlarını deyirlər. Baş nazir postuna "vahid namizəd" Vazgen Manukyan təşəxxüslə deyir ki, Ermənistanın regionlarına səfər edəcək.

29800 kvadrat kilometrlik ərazilərə səfərlər yəqin kabab masası, ziyafətlər və nərd oyunları ilə müşayiət olunacaq.

"Vətənin Xilası Hərəkatı", deyəsən, Ermənistanı dəqiq qrafik üzrə xilas etmək niyyətindədir və cədvəli əsla pozmayacaq.

Gerçəkdə isə bu başabəla müxalifətçilər nəyi və necə xilas edirlər - binəva orta statistik Aşot və Siranuş anlamırlar.

Reallıqsa budur ki, Vazgen Manukyan neqentoropiya nümunəsidir. Yəni o və de-yure başçılıq etdiyi hərəkat, əslində, əsl xalq etirazlarının pis maskalanmış spoyleridir.

Niyə?

Hakimiyyətə qayıtmaq yanğısında olan sabiq prezident, siyasətin tipik marginal fərdi sayıla biləcək Robert Köçəryan "Rusiya ilə daha dərin inteqrasiya və daha aktiv əməkdaşlıq" vəd edir.

Amma Moskva ermənilərin yanğısını qəbul etmir. Rusiya aylardır ki, Ermənistanla bağlı indifferent mövqe tutub və tam əmindir ki, Ermənistanda hakimiyyətdə kim olursa-olsun, Rusiyaya, yumşaq desəm, "maksimal loyal" münasibət sərgiləməlidir.

Yəni Putinin ayaqqabılarını öpməlidir.

Robert Köçəryanın İrəvanda keçirdiyi mətbuat konfrası da əsl simvolizm idi. Konfransda, sadəcə, Rusiya mass-mediasının mənsubları vardı və yaşanan olay Köçəryanın xərcini ödədiyi mənasız press-tur təsiri bağışladı.

Konfransda çoxlu rusiyalı jurnalist vardı: Rusiyanın media strukturlarının bunca mənsubu indiyədək yalnız bir adam - Vladimir Putin bir yerə yığmışdı.

Köçəryan Putinə yarınmaq üçün bu qədər xərc çəksə də, Rusiya prezidenti ucuz oyuna aldanan diletant təsiri bağışlamır.

... Ermənilərin əsrlərdən bəri davam edən kollaborativ xəstəliyi Rusiyaya yarınmaq, yaltaqlanmaq, Moskvaya şəksiz sədaqəti nümayiş etdirməkdir.

İlk baxışda "Xektaulenq! Duxov! Artsax! Hayrenik!" bağırıb "milli ideallar və məqsədlər uğrunda mübarizə" apardıqlarını deyirlər, amma daim Kremli inandırmağa çalışırlar ki, fikirlərində, qiymətləndirmələrində və əməllərində tam müstəqilliyi ağıllarına da gətirmirlər.

Qarabağda separatçılıq yeni başlayanda Xankəndidə mərkəzi meydana yığışan ermənilər Moskvaya yaltaqlanaraq "Lenin, Partiya, Qorbaçov!" bağırırdılar. Yəni Moskva, bax, biz Qorbaçovu və Kommunist Partiyasını dəstəkləyirik, amma icazə verin azərbaycanlıları öldürək, daşnaklarıq, zatımız xarabdır, nə edək.

İllər keçdi, Qarabağdakı ermənilər "rus dilini rəsmi dil" elan etməyə hazırlaşılar. Eyni yaltaqlıq, eyni yalaqlıq.

İrəvanda da Paşinyanın istefasını tələb edən istənilən (!) siyasətçi and-qəsəm edir ki, bəs Rusiyaya canı qurban, Moskva müttəfiqdir, böyük qardaşdır və s.

"Realpolitik" dünyasında ermənilər kimi yığnaq Rusiyaya, sadəcə, vasitə, marionetka qismində gərəkdir - dəyərli, sayğıya layiq müttəfiq kimi yox.

... Ermənistanın Baş naziri Nikol Paşinyanın istefasını tələb edən müxalifətin Yerevanın Baqramyan prospektində martın 9-dan başlatdığı itaətsizlik aksiyası davam edir. Bu aksiya məntiqli və perspektivli təsir bağışlamır, çünki Ermənistan vətəndaşlarının əksəriyyəti mövcud müxalifəti, daha doğrusu sabiq prezident Robert Köçəryanı hakimiyyətə gətirmək istəyən qüvvələri dəstəkləmirlər.

Ermənilər sabiqlərdən beziblər və müxalifətə də inanmırlar. Müxalifətin aktivliyi isə, sadəcə, sosial şəbəkələrdə və Telegram kanallarındadır. Həmin kanalların tam əksəriyyəti isə Rusiyadakı erməni diasporu tərəfindən idarə olunur.

Ermənistanın əyalətlərində etiraz aksiyalarının, müxalifətə dəstək mitinqlərinin olmaması da ölkə vətəndaşlarının apatiyası ilə bağlıdır. Onlar Paşinyanı sevməsələr də, indiki müxalifətə inanmırlar.

Son rəy sorğularının nəticələri isə göstərir ki, hazırda Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilərsə, Paşinyan səslərin 65 faizini qazana bilər.

Ermənistanda "inqilabi vəziyyət"dən danışan siyasətçilər isə situasiyanı anlamadıqlarını göstərməklə yanaşı, möhtəkirlik etmək istəklərini nümayiş etdirirlər.

Qonşu ölkədə inqilabi situasiya və ya köklü dəyişiliklərə cəmiyyətin tələbatı yoxdur. Bunlar olmadansa hansısa inqilab və ya hakimiyyət dəyişikliyi vəziyyətindən bəhs etməyə dəyməz.

Erməni cəmiyyətində tələbat varsa da, bir dəstə müxalifətçinin "Paşinyan getsin!" çağırışıdır. Özü də onlar hökumətin tam tərkibdə istefasını yox, sadəcə, Nikol Paşinyanın gedişini istəyirlər.

Əhalinin maksimum 10 faizi bu tələbi dəstəkləyir.

İndi Ermənistanda gündəm "böyük xəyanətkarın balaca xəyanətkarlarla əvəzlənməsi" istəyidir.

Elçin Alıoğlu Son.az